"Bəzi şəxslər cəzalarını cəmiyyətə maddi xeyir verməklə çəkə bilərlər"

Day.Az представляет новость на азербайджанском языке

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı Azərbaycanda hüquq sahəsində bir reformasiya deməkdir. Fikrimcə, hüquq sahəsində ciddi mərhələ olan bu sənədin böyük ictimai əhəmiyyəti var.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Nizami Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, Roma hüququndan bəri hesab edilir ki, hətta cinayət törətmiş, həbs olunan insanın da şəxsiyyəti qorunmalıdır. Bunun yollarından biri də o şəxsin cəmiyyətdən mümkün qədər təcrid olunmamasıdır:

"Bəzən görürsən ki, hər adam psixoloji cəhətdən həbsxanada təcrid olunmuş vəziyyətə dözə bilmir. Əksinə, özündə olan müsbət xüsusiyyətləri də itirir. Çünki təcridolunmanın psixoloji təzyiqi müəyyən insanlar üçün digər, məsələn, fiziki çətinliklərdən daha güclü olur. Təbii ki, elə cinayətlər var ki, onları törətmiş şəxslər mütləq həbs olunması və cəmiyyətdən təcrid edilməlidir. Lakin elə cinayətlər də var ki, məsələn, ağır olmayan, iqtisadi sahədə olan cinayətlərə görə şəxslərin xüsusi olaraq həbs edilməsinə, bir həftə, 10 gün də təcrid olunmasına ehtiyac yoxdur. Bu səbəbdən belə bir sərəncamın imzalanmasını mühüm hadisə hesab edirəm".

N.Cəfərov hesab edir ki, insanların hər cəzaya görə təcrid olunamaması həm demokratiya, həm insan hüquqları, ümumiyyətlə, insanlıq baxımından mühüm əhəmiyyət kəsb edir: "Bunun digər tərəfi də odur ki, ağır olmayan cinayətləri törətmiş şəxslər məcburi əməyə cəlb oluna bilərlər,  onlar üçün müəyyən şərait yaradıla bilər, o zaman həmin şəxslər cəzalarını cəmiyyətə maddi xeyir verməklə çəkə bilərlər. Düşünürəm ki, bu, daha münasib olar. Ona görə də fikrimcə, bu, Azərbaycanın hüquq sahəsində böyük reformadır, böyük dəyişiklikdir. Qeyd edim ki, hüquqi cəmiyyətin üzvləri də bu sərəncamı yüksək qiymətləndirirlər. İndi əsas arzumuz budur ki, bu sistem təcrübədə dəqiq, düzgün həyata keçirilsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.