Bakı Şərqin sülh qapısına dönür: iki general gerçəyi təsdiqlədi

16 февраля 2017 14:45

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakıda ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov görüşüblər.

Siyasi və geosiyasi baxımdan unikal görüşlə bağlı Birləşmiş Ştatlarla Rusiya mediasının şərhləri, siyasətçilərin və dövlət ərkanının mövqeləri, təbii ki, diametral fərqlidir.

Məsələn, nüfuzlu Politico Pentaqona istinadən bildirir ki, görüşdə əsas müzakirə mövzuları "Rusiyanın son aqressiv hərbi manevrləri, habelə ABŞ-dakı prezident seçkiləri prosesi zamanı Rusiya kəşfiyyatının mənsublarının Donald Trampın köməkçiləri ilə təmaslarıdır".

Rusiyanın TASS agentliyi isə ölkənin Müdafiə Nazirliyinə istinadən bəyan edib ki, görüşdə "dünyanın böhranlı bölgələrində ABŞ və Rusiyanın hərbi tərəfdaşlığının perspektivləri, habelə hərbi fəaliyyat zamanı insidentlərin qarşısının alınmasıdır".

Bakıdakı görüş geosiyasi baxımdan unikaldır. Belə ki, 2014-cü ildə Ukraynadakı olaylar və Rusiyanın Krımı ilhaq etməsindən sonra Vaşinqtonla Pentaqon arasında bütün ikitərəfli hərbi əlaqələr dayandırılmışdı.

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri  ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi axırıncı dəfə Brüsseldə, 2014-cü ilin yanvar ayının sonunda, hərbi əməkdaşlıqla bağlı ikitərəfli işçi qrup çərçivəsində görüşmüşdülər.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bugünkü bəyanatı da təsadüf deyil.

"Pentaqonla əməkdaşlığın bərpasına hazırıq. Lakin dialoqu Rusiyaya qarşı güc nümayişi mövqelərində qurmaq perspektivsizdir. Bu gün Bakıda Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə də Pentaqonun mövqelərinə aydınlıq gətirilməsini gözləyirik", - S.Şoyqu söyləyib.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis isə NATO ölkələrinin müdafiə nazirlikləri başçılarının toplantısında deyib: "ABŞ Rusiya ilə hərbi əlaqələrin bərpasına hazırdır. Lakin bu zaman gücsüz olduğumuzu göstərmək niyyətində deyilik".

Görüş ərəfəsinin gizlinləri və qırmızı telefon

Bakıdakı görüşün təşəbbüskarı ABŞ-dır və amerikalı siyasətçilər bunu etiraf etməsələr də, siyasi ekspertlər fikirlərində dəyişməzdirlər.

Hələ ötən ilin oktyabr ayında general Danford jurnalistlərin suallarını cavablayanda demişdi: "Rusiyalı həmkarımla, general Valeri Gerasimovla görüşmək istəyirəm. Müzakirə etmək üçün çox vacib məsələlər var və onlar çözümünü tələb edir. Aramızdakı rabitə kanalını həmişə açıq saxlamışıq. Hətta 1980-ci illərdə ruslarla danışmaq, müzakirələr aparmaq, problemləri həll etmək üçün qırmızı telefonumuz vardı. Beləliklə, bir daha bəyan edirəm ki, ölkələrimiz arasındakı siyasi və hərbi münasibətlərin səviyyəsindən, durumundan asılı olmayaraq müzakirələr olmalıdır".

Amerikalı siyasətçilər, ekspertlər və analitiklər onu da deyirlər ki, Bakı görüşü əslində Suriya ilə bağlı Astanada aparılan danışıqların "açarı" olmalıdır, olacaq da.

Suriyada hazırda Rusiya prezident Bəşir Əsədi dəstəkləyir, İŞİD-i vurur.

ABŞ isə Suriya müxalifətçilərini dəstəkləyərək Bəşər Əsədin devrilməsinə çalısa da, o da İŞİD-i hədəfə alıb və beləcə, Suriyada amerikalılarla rusiyalıları birləşdirən düşmən Bəşər Əsəd yox, İŞİD-dir.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp məhz bu müstəvidə Suriya ilə bağlı səylərin, siyasətin və hərbi əməliyyatların razılaşdırılmasının vacibliyini vurğulayıblar.

Bundan başqa, Pentaqondakı mənbələrin verdikləri məlumatlara görə, Ukraynanın şərqində son həftələrdə yaşanan situasiya da Bakıda müzakirə olunacaq.

The New York Times isə vurğulayır ki, Bakıdakı görüşün əsas müzakirə mövzuları arasında Rusiyanın son illərdə hərbi xərclərini sürətlə artırması, silahlı qüvvələrini intensiv modernizasiya etdirməsi də var.

Niyə məhz Bakı?

Rusiya bu görüşlə bağlı iki yer təklif etmişdi: Moskva və Minsk. ABŞ-ın Müdafiə Nazirliyi həmin variantlardan imtina edərək Qərbi Avropanı, daha doğrusu, Belçikanın paytaxtı Brüsseli təklif etmişdi.

Fəqət, problemlər vardı. Çünki Ukraynadakı proseslərə görə Avropa İttifaqı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun adını "qara siyahı"ya salmış, onu "arzuolunmaz şəxs" elan etmişdi.

Tərəflər uzun sürən danışıqlardan sonra neytral məkan qismində Bakını seçdiklərini vurğulayıblar.

Bu, Moskva ilə Vaşinqtonun səsləndirdikləri rəsmi versiyadır.

Fəqət, hər şey belə asan deyil.

"Neytral məkan" qismində Bakının seçilməsinə gəldikdə, elə o məkan kimi Qazaxıstan, Özbəkistan, Moldova və ya Qırğızıstanın paytaxtlarından biri də seçilə bilərdi.

Moskva ilə Vaşiqton razılaşaraq Bakını seçdilər və burada təsadüf aramaq, yaşananların adi "neytral yer ünsüründən qaynaqlanan seçim" olduğunu düşünmək sadəlövhlükdür.

Seçimin tarixi, amerikalıların təbirincə desək, "feedback"i var.

Azərbaycan artıq 5 ildir ki, Suriyadakı böhranın çözülməsində vasitəçilik funksiyasını yerinə yetirir və rəsmi Bakı ərəb mediasında "nüfuzlu siyasi moderatorlardan biri" kimi qələmə verilir, belə qəbul edilir. Bakının nüfuzu, geosiyasi çəkisi uğurlu iqtisadi siyasət, daxili stabillik və ya zəngin enerjidaşıyıcıları ehtiyatları amilləri ilə tükənmir. Daha doğrusu, çağdaş geosiyasətdə bu amillər həlledici rolunu çoxdan itirib.

Məsələn, Venesuela neftlə çox zəngin ölkə olsa da, regional geosiyasətdə kölgədə durur, Braziliya, Argentina və Çilinin mövqeləri ilə hesablaşmaq məcburiyyətində qalır.

Yaxın Şərqdə əsas oyunçular Fars Körfəzinin ərəb monarxiyaları yox, İsrail, Misir, İran və Səudiyyə Ərəbistanıdır.

İsrailin bəlli, təbii ehtiyatları ümumiyyətlə yox səviyyəsindədir.

Cənub-Şərqi Asiyada əsas oyunçular Bəhreyn və ya İndoneziya yox, Çin, Hindistan və Yaponiyadır.

Azərbaycanı da ciddi geosiyasi oyunçu, "ağır çəkili" vasitəçi edən ərazisi, təbii ehtiyatları və ya digər amil yox, rəsmi Bakının yürütdüyü siyasət, ölkənin illər əvvəl bəyan etdiyi və bütün təzyiqlərə, pressinqlərə rəğmən reallaşdırdığı tam müstəqil diplomatiyadır.

Azərbaycan tək Cənubi Qafqazda yox, bütün postsovet məkanında suveren diplomatiyası ilə təkrarsız, fərqli və unikal yer tutan ölkədir.

Bundan başqa, ölkəmiz Yaxın Şərqdəki üç əsas geosiyasi oyunçular - İsrail, İran və Səudiyyə Ərəbistanla çox yaxın əlaqələrə, həmin dövlətlərdən hər biri ilə sıx ikitərəfli əlaqələrə və intensiv inkişaf edən münasibətlərə malikdir.

Bölgədə belə mövqeyə malik ikinci dövlət, sadəcə, yoxdur: istənilən ölkə İsrail, İran və ya Səudiyyə Ərəbistanından birinin düşərgəsindədir və beləcə, yerdə qalan iki ölkə ilə sərin münasibətlərdədir.

Eyni zamanda, Azərbaycanla Suriya arasında da sıx əlaqələr var. Həmin əlaqələrin özəlliyi Bakının mövqeyini həm prezident Bəşər Əsəd hakimiyyətinin, həm də bu hakimiyyətə qənim kəsilərək onu devirməyə çalışan silahlı müxalifət qurumlarının çox ciddi qəbul etməsi, hesablaşmasıdır.

Və ən nəhayət, dünyanın güc mərkəzləri, xüsusilə də Rusiya ilə ABŞ Azərbaycanın müstəqil, balanslaşdırılmış siyasətinə sayğı ilə yanaşırlar.

Budur Bakının seçilməsinin əsas səbəbləri.

Bakıda C.Danfordla V.Gerasimov arasındakı görüş həm də Ahhərbaycanın regional təhlükəsizlik, sabitlik və normal dövlətlərarası münasibətlərdə maraqlı olan ölkələr arasında ön yerlərdən birini tutduğunu, xüsusilə də NATO və MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regiona maraqlarının uzlaşmasında əlahiddə rol oynadığını göstərdi.

Bakı geosiyasi, strateji mövqelərini möhkəmlədir və proses Azərbaycanın maraqları çərçivəsində cərəyan edir.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.