Türkiyədə yaşayan aktrisamız: "Çox çətin günlər yaşadım, hələ də o boşluq hiss olunur"

16 февраля 2017 21:12

Day.Az представляет новость на азербайджанском языке

Day.Az Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Məlahət xanım, uzun illərdir Türkiyədə yaşayırsınız. Geridə qoyduğunuz illərə görə yaradıcılığınızı necə dəyərləndirirsiniz?

- Sənətə gəldiyim illərdən bugünkü günə qədər olan fəaliyyətimi çox müsbət qiymətləndirirəm. İlk növbədə deyim ki, çox şanslı insanam. Xalq artistləri Mehdi Məmmədov və Azərpaşa Nemətovun tələbəsi olaraq universitet həyatıma başlamışam. 4 il Akademik Milli Dram Teatrında çalışdım. Çox gözəl tamaşalarda müxtəlif dərəcəli rollar oynamışam. Ən böyük ekran işi isə "Sən həmişə mənimləsən" televiziya tamaşasındakı Nargilə obrazı oldu. Hazırda isə Avropa və Asiyanın ən böyük teatrı hesab olunan, 7 səhnəsi, dünyaca tanınmış açıq hava teatrı və min nəfərə qədər işçisi olan İstanbul şəhər teatrında aktrisa, rejissor və 1 ilə yaxındır ki, teatrın bədii rəhbərinin müavini vəzifəsində çalışıram. Bugünkü gündə də serial və filmlərdə çəkilirəm. Bundan artıq nə istəyə bilərəm ki?

- Sənətə qarşı böyük sevginiz və həvəsiniz var. Bu həvəsi kim azalda bilər?

- Sənətə qarşı olan sevgimi və həvəsimi heç bir şey və heç kim azalda bilməz. Mən bugünkü günlərə asanlıqla gəlməmişəm. Başqa bir ölkəyə gəlib, hər şeyi sıfırdan başlamaq mənim üçün heç də asan olmadı. Çox çətinliklər yaşadım, ağladığım, depressiyaya düşdüyüm günlər oldu. Amma yenə də Allahdan başqa heç kimə sığınmadım. Əgər içimdə sənət eşqi olmasaydı, bəlkə də çoxdan bu sənəti atmışdım.

- Deməli, özünüzə sırdaş hesab etdiyiniz sənətinizdən heç vaxt inciməmisiz.

- Mən sənətimi, teatrı, səhnədə oynamağı çox sevirəm. İşimə həmişə ciddi yanaşıram. Sənətimin məsuliyyətini çiyinlərimdə hiss edirəm. Sənətimə heç bir zaman küsmərəm. Niyə küsməliyəm ki? Mən, sadəcə, süni yaradılmış, söhrətlərindən istifadə edərək sənətin adını alçaldanlara küsərəm, onlarla heç bir münasibətim olmaz. Onlarla heç dostluq da etmərəm. Çox sevdiyim bir rəfiqəm mənə keçən dəfə belə bir söz dedi: "Səni bu sənətdən ayırmaq günahdır, sən bu sənət üçün doğulmusan". Bəli, mən bu sənət üçün doğulmuşam. Heç kim məni sənətdən, səhnədən uzaqlaşdıra bilməz. Türkiyədə sənət mənə görə ən yüksək zirvədədir. Türk serialları artıq dünya bazarında öz yerini tutub. Demək olar ki, Argentina və Braziliya seriallarını bazardan çıxarıb. "10001 gecə" serialı bütün dünyada yayımlanıb. Mənə Argentinadan, Çilidən, Taylanddan, ərəb və Avropa ölkələrindən çoxlu mesaj yazırlar. Hətta Dubayda bir tədbirə "şərəf qonağı" kimi dəvət olunmuşdum. Türk teatrı da eynilə belədir. Bizim teatrda dünyanın ən məşhur rejissorları tamaşa qoyur, qastrol səfərlərimiz, festivallarımız olur.

- Həyatda yaşadığınız hansı səhv bugünkü gündə sizə bir çox şeylərdə mane olur?

- Nə şəxsi həyatımda, nə də ki iş həyatımda bugünkü günümdə mənə mane olan heç bir ciddi səhvim olmayıb. Əlbəttə ki, insanıq, bəzən kiçik səhvlər edə bilərik. Mühüm olan o kiçik səhvlərdən də nəticə çıxarmaqdır. Mən xasiyyətcə özümü çox tənqid edən biriyəm. İnanılmaz dərəcədə də çox həssasam. Ona görə də fərqində olmadan etdiyim kiçik səhvimi mənə deyəndə çox pis oluram, səhərə qədər yata bilmirəm. Əgər bir insana qarşı səhv addımım olubsa, gedib üzr də istəyə bilərəm.

- Çox sakit təbiətli bir xanımsız. Amma buna baxmayaraq zaman-zaman bir çox qalmaqallara da sürükləndiniz. Qarşı tərəflər sizi ittiham etsə də, siz həmişə susdunuz. Susqunluğunuzun səbəbi nə idi?

- Bəli, qalmaqaldan çox uzağam. Zaman-zaman məni süni yaradılmış bir qalmaqalın içinə sürükləmək istədilər. Sənətdə var olmağın iki yolu vardır: uzun və qısa yol. Uzun yol, Aşıq Veysəlin dediyi kimi "Uzun incə bir yoldayam, gedirəm gündüz-gecə". Əsl sənət insanlarının yolu məhz budur. Əziyyətli də olsa, çox gözəl yoldur bu yol. Dişinizlə, dırnağınızla sürünərək keçdiyiniz bu yol, sizi yetkinləşdirir, sizə səbrli olmağınızı öyrədir. Süni yaradılmış bir qalmaqalın içinə sürükləndiyimi hiss edəndə susdum. Çünki mən sənətimlə, gördüyüm işlərlə tanınıram. Mən qalmaqalla bu sənətə gəlməmişəm. Susdum, çünki keçdiyim uzun yola hörmətim vardı. Ən başlıcası isə özümə və tamaşaçılarıma hörmətim var idi. Qısacası uzun yoldan keçənlərin, qısa yoldan keçənlərlə heç bir işi olmaz, yolları belə kəsişməz.

- Bakıdakı günlərinizi necə xatırlayırsız?

- Bakıda yaşadığım günləri heç unutmadım ki. Cismim burada olsa da, ruhum həmişə Bakıdadır. Mən heç kimi unutmuram, hamını xatırlayıram. Onları unutmaq, uşaqlığımı, gəncliyimi unutmaq deməkdir. Bu da mümkün olan bir şey deyildir.

- Bildiyimə görə övladlarınız da bu sahədədir. Bir çox sənətkarlar istəmir ki, övladları onların yolunu davam etdirsin. Amma siz əksinə, dəstək olursuz...

- Oğlum Uğur kinooperatorluq ixtisasında oxuyur, qızım Sudə isə 5 yaşından film və seriallarda çəkilir. Sənətimiz çətindir deyə, istəmirəm qızım bu sənətdə olsun. Çox istəsə, amma mane olmaram, əksinə dəstək olaram.

- Həyat yoldaşınız çəkildiyiniz seriallarda sizi qısqanmır ki?

 

- Xeyr, heç bir zaman aramızda qısqanclıq hissi olmayıb. Çünki buna heç nə səbəb olmayıb.

- Ümumiyyətlə, sənətinizə dəstəkdirmi, yoxsa yox?

- Bəli, hər zaman o, mənə dəstək olub. Bu gün sənətdə olmağımın əsas səbəbkarı həyat yoldaşım və onun ailəsidir. Məni ilk dəfə əlimdən tutub teatra aparan da həyat yoldaşım olub. Mən onların haqqını heç nə ilə ödəyə bilmərəm.

- Səhnələşdirdiyiniz "İblis" əsərinin tamaşası niyə gecikir?

- "İblis" əsəri çox çətin bir əsərdir. Əruz vəznində və köhnə dildə yazıldığı üçün dili ilə bağlı çətinliklərimiz oldu. Müasir türk tamaşaçısının dili başa düşməsi üçün üzərində ciddi iş gedir. Drammaturqumuz Dilək Tekintaş əsərin dili üzərində işləyir, demək olar ki, dekorasiya və kostyum tərtibatı işləri bitib. İnşallah, bu ayın sonu təkrarən məşqlərimizə başlayacağıq. Tamaşanın bəstəkarı Aygün Səmədzadə də, demək olar ki, musiqiləri bitirmək üzrədir. Bu cür ciddi bir işə tələsmək lazım deyil.

- Türkiyəli məşhurlardan tamaşalarınıza gəlib baxanlar olur?

- Əlbəttə, İstanbul şəhər teatrları çox böyükdür və 103 illik qədim tarixə malikdir. Bütün məşhurlar gəlib tamaşalarımızı izləyir. Məşhurların çoxu da elə bizim teatrın aktyorları və aktrisalarıdır.

- Atanıza çox bağlı olmusuz. Hansı xatirələrdə onu yaşadırsız?

- Bəli, atama çox bağlı olmuşam. Lap çox. Diktator bir ata idi. Xasiyyəti çox ağır idi. Amma sevgidolu biri idi. Çox ciddi bir insan idi, öz qanunları var idi. Onun bir baxışı bizə bəs idi. Hirslənəndə qaçmağa yer axtarırdıq. Amma bizə çox bağlı idi. Hər gecə bizi öpmədən yatmazdı. Hər bayramlarda bizə gül buketləri hədiyyə edərdi. İndi nərgiz gülünün vaxtıdır, hər dəfə o gülə baxanda atamın bizə aldığı nərgiz güllərini xatırlayıram. Elə buna görə də qardaşımın qızının adını Nərgiz qoymuşam. Onun yoxluğu ilə həyatımda, hələ də, böyük bir boşluq var.

- Azərbaycanlı sənətçilərdən Türkiyədə gəlib, tanınmaq üçün sizə müraciət edənlər olur?

- Bəli, mənə müraciət edənlər olub, hələ də edirlər. Amma bizim teatr dövlət teatrıdır. Burada çalışmaq üçün mütləq türk vətəndaşı olmalısan. Ya da ki, elə bir proyekt olmalıdır ki, teatrımız səni dəvət etməlidir. İblisi oynamaq üçün Azərbaycandan bir aktyoru dəvət etmək fikrimiz var idi. Çox heyif ki, alınmadı.

- Əvvəlki illərə nisbətən çəkilən türk seriallarının hamısı reytinq vermir. Yoxsa türk serialları tükənir?

- Xeyr, mən belə düşünmürəm. Türk tamaşaçısı tələbkar tamaşaçıdır. Getdikcə yaxşıların yaxşısını istəməyə başlayıblar. Əgər yaxşı olmasa, bu reytinqlərə də təsir edir. Kanallar arasında çox ciddi rəqabət var. Burada ən böyük gəlir qaynağı reklamdır. Bunun üçün yaxşıların yaxşısını çəkməyə məcburdular. Tükənməkdən söz gedə bilməz.

- Məlahət xanım, adınız bir neçə dəfə əməliyyat yolu ilə cavanlaşan məşhurların siyahısında olub. Həqiqətənmi əməliyyatla cavanlaşmısız?

- Plastik əməliyyat etdirməmişəm, çünki hələ buna ehtiyac görmürəm. Həm də plastik əməliyyatlardan çox qorxuram. Plastik əməliyyat etdirənlərə pis baxmıram. Hər bir qadın gözəl görünmək istəyir, bu normaldır. Bir insanın əməliyyat etdirməsi və özünə baxması niyə qınaq olsun ki? O insan özünü o cür yaxşı hiss edirsə kimə nə?

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.