Qoturluq: diaqnoz və müalicə

Day.Az представляет новость на азербайджанском языке

Qoturluq xəstəliyi Sarcoptes scabiei gənəsi tərəfindən törədilən xəstəlikdir. Qoturluq dəri xəstəlikləri içərisində ən geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik yoluxucu xarakter daşıyır. Təmas, paltar, yataq vasitəsilə asanlıqla yoluxa bilir.
Qoturluq xəstəliyinin əsas əlaməti qaşınma və dəridə olan səpgilərdir. Səpgilər xırda nöqtə şəklində və cüt-cüt yanaşı durur və qaşıdıqda qanayır. Bu nöqtələr gənənin dəriyə giriş və çıxış yollarıdır. Qaşınma bəzən elə güclü olur ki, xəstənin sinir sisteminə təsir edir. Çox vaxt qaşınmadan dəridə dırnaq yerlərinin izi qalır. Hətta qaşınma yerlərindən dəriyə infeksiya düşüb iltihablaşma da baş verə bilir.
Day.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin inkubasiya dövrü qoturluğun növündən asılı olaraq bir-neçə saatdan 6 həftəyə qədər ola bilir.
Qoturluq zamanı dərinin bütün səthi xırda cüt nöqtələrdən ibarət olur. Ən çox qarının ön divarı, barmaqların arası, döşlərin ətrafı, budun içəri səthi, cinsiyyət orqanında səpgilər olur.
Qaşınmalar isti mühitdə və gecələr daha çox artır. Çünki isti şəraitdə gənələrin fəaliyyəti daha da artır və onlar öz sahiblərini dişləməyə başlayırlar.
Bəzi hallarda qotur xəstəliyi digər dəri xəstəliyi ilə paralel meydana çıxır. Bu da ən çox allegik dermatit zamanı baş verir. Allergik dermatit zamanı orqanizm gənəyə qarşı sensibilləşir.
Diaqnoz xəstənin şikayətlərinə və dəridə səpgilərin düzülüşünə baxaraq qoyulur.
Müalicə xəstəni yaxınlarından ayrı tutmaqla başlayır. Xəstənin sanitar-gigiyena qaydalarına əməl olunur. Xəstəyə antihistamin dərmanlar verilir və gənə əleyhinə müalicə aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.