Travmatologiya və Ortopediya İnstitutuna yıxılaraq travma alan 7 nəfər gətirilib

17 февраля 2017 10:36

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alan 7 nəfər gətirilib.

Day.Az xəbər verir ki, bu barədə report-a institutun direktoru, Azərbaycanın baş travmatoloqu Vaqif Verdiyev məlumat verib.

V.Verdiyev bildirib ki, xəsarət alanlardan üçündə mil sümüyünün tipik yerdən sınığı, digər üçündə əzilmə, bir nəfərində isə yüngül travma qeydə alınıb: "Müraciətlərin ikisi Yasamal rayonu ərazisindən olub".

O, həmçinin qeyd edib ki, instituta gün ərzində gətiriləcək xəstələrin sayında artım olacağı istisna edilmir.

Baş travmatoloq bu cür havalarda əhalini daha da ehtiyatlı olmağa çağırıb. O, insanlara bu cür havada yolu yalnız işıqfor olan ərazilərdən keçməyi məsləhət görüb: "Yaşlılar isə belə havada evdən çölə çıxmasalar, yaxşıdır. Bundan başqa, yeraltı piyada keçidlərindən istifadə məqsədəuyğundur. Yaxud da yolu keçən zaman ətrafdakıların köməyindən istifadə etmək lazımdır".

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə "Report"a açıqlamasında deyib ki, hələlik qarlı hava şəraiti ilə əlaqədər onlara müraciət daxil olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.