Bahar Muradova: "Dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan mətbuatı yarandığı gündən indiyə kimi şərəfli bir yol keçib və bugünkü inkişaf səviyyəsinə çatıb".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün parlamentdə media rəhbərləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqımızın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb: "Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb".

Vitse-spiker bildirib ki, bu gün də dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir:

"Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayb. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlamernt olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimiyyətin qanadlarından biri kimi mətbuat parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.