Ermənistan tək Azərbaycan deyil, dünya birliyi qarşısında məsuliyyət daşıyır

17 февраля 2017 13:38

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından biri olan "1905.az" portalının birgə təşkilatçılığı ilə "Diskussiya klubu"nda "Qaradağlıdan Xocalıya" mövzusu müzakirə edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, müzakirələrdə millət vəkili, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Xanhüseyn Kazımlı, Komissiyanın İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, "Azərnyus" qəzetinin baş redaktoru, Dövlət Komissiyasının üzvü Sevil Mikayılova, Komissiyanın əməkdaşı Nailə Dadaşova, AVCİYA-nın ekspertləri - siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev və "1905.az" portalının redaktoru Gündüz Nəsibov iştirak ediblər.

Komissiya­nın İşçi qrupu rəhbər­inin müavini E.Sə­mədov bildirib ki, 1992-ci ildə baş verən Xocalı faciəsi və ondan əvvəl baş verən, ermənilər tərəfindən törədilən cinayətlər unudulmamalıdır:

"Xocalıda sözün əsl mənasında bir xalqa, bir etnik mənsubiyyətə, bir millətə - Azərbaycan xalqına qarşı beynəlxalq sənədlərlə təsbit olunmuş normalar çərçivəsində soyqırım baş verib. Biz Xocalıya qədər olan hadisələri də unutmamalıyıq. Məhz 1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndində böyük bir qətliam törədilmişdi. Bu qətliam özündən əvvəlki və sonrakı qətliamlardan bir az fərqlənirdi. Bu qətliamın əsasında məhz sonrakı addım - Xocalıya gedən yol var idi".

AVCİYA-nın eksperti, siyasi elmlər dokt­oru, professor R.Sevdimalıyev deyib ki, Dağlıq Qarabağ torpaqlarında törədilən bütün cinayətlərin məsuliyyətini Ermənistan dövləti daşımalıdır: "Dağlıq Qarabağa edilən silahlı təcavüzə görə Ermənistan təkcə Azərbaycan qarşısında deyil, dünya birliyi qarşısında məsuliyyət daşıyır. Ermənilər tərəfindən insanlara qarşı çox dəhşətli cinayətlər törədilib, bu cinayətlər yalnız Xocalıda deyil, bütün yaşayış məntəqələrində olub".

R.Sevdimalıyev deyib ki, ermənilərin törətdikləri cinayətlərdən danışdıqda həm də onların özlərinin təqdim etdiyi faktlardan istifadə etməliyik: "Xocalı faciəsi törədilərkən Xocalı üç tərəfdən əhatəyə alınmışdı. Yalnız bir tərəf - Ağdama gedən yol açıq saxlanılmışdı, amma həmin yolda da - təpələr arxasında ermənilər pusquda dayanmışdılar. Bunu onların özləri də etiraf edirlər".

R.Sevdimalıyev hesab edir ki, Xocalı faciəsi ilə bağlı müəyyən kampaniyalar keçirilir və bunlar faciəyə siyasi qiymətin verilməsinə yönəlib: "Amma cinayətkarlar mühakimə olunmalıdırlar. Biz buna nail olmalıyıq, buna gedən yol isə tribunaldan keçir".

Müzakirələrdə iştirak edən digər qonaqlar da mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.