4 qat Azərbaycan mükafatçısı çempionata qayıdır

17 февраля 2017 15:26

Day.Az представляет новость на азербайджанском языке

Bakının "İqtisadçı" voleybol klubu fəaliyyətini bərpa edir.

Day.Az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev verib.

O bildirib ki, Super Liqanın 1 dəfə gümüş, 3 dəfə bürünc mükafatçısı olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası yeni mövsümdən ölkə çempionatında çıxış edəcək: "Artıq bu təsdiqlənib. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovla görüşərək, bu barədə danışmışıq. O, komandanın ölkə çempionatında iştirakına razılıq verib".

Faiq Qarayevin sözlərinə görə, 3 ildən sonra yenidən Azərbaycan səhnəsinə qayıdan Bakı təmsilçisi Super Liqada, çox güman ki, UNEC adı ilə çıxış edəcək.

 

Federasiya rəsmisi "Azəryol"un taleyinə də aydınlıq gətirib. O bildirib ki, komanda fəaliyyətini dayandırmayacaq: "Əvvəldən də bilindiyi kimi, "Azəryol" mövsümün sonuna qədər bu adla oynayacaq. Ancaq yeni mövsümdən onlar yeni sponsorun istəyinə uyğun adla çıxışını davam etdirəcək".

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası 2017/2018 mövsümündə komandaların sayını artırmağı planlaşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.