Hikmət Babaoğlu: "Prezident İlham Əliyevin məsələni bu cür təqdim etməsi təsadüfi deyildi"

Day.Az представляет новость на азербайджанском языке

"Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə çıxışı bir daha Azərbaycanın dünya üçün, xüsusən Avropa üçün əhəmiyyətinin önə çəkilməsi və dünya siyasətini müəyyənləşdirən ölkələrin diqqət mərkəzinə təqdim edilməsi ilə yadda qaldı. Bu isə milli maraqlarımız üçün olduqca vacib məsələlərdən idi".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının önə sürdüyü məsələlər ilk növbədə Azərbaycanın, eyni zamanda regionun təhlükəsizliyi ilə bağlı idi:

"Cənab prezident qeyd etdi ki, Azərbaycan sivilizasiyaların qovuşduğu və ciddi karbohidrogen ehtiyatlarına sahib məkandır. Ölkəmiz 25 ildir ki, Avropa İttifaqı ilə münasibətlərdə özünü etibarlı enerji tərəfdaşı kimi göstərməyi bacarıb. Bu fikirlər Azərbaycan - Aİ ölkələrinin münasibətlərinin səciyyələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki enerji təhlükəsizliyi bu gün də aktualdır, sabah da aktual olacaq. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi prosesində xüsusi rola malikdir və bu, Aİ ölkələri tərəfindən də qəbul edilir. Prezident İlham Əliyev qeyd etdi ki, hazırda çox böyük layihə üzərində iş gedir. Bu, Cənub Qaz Dəhlizi layihəsidir və onun investisiya tutumu təxminən 40 milyard dollardır. Dövlət başçısı onu xüsusi iqtisadi təhlükəsizlik layihəsi kimi səciyyələndirərək qeyd etdi ki, əslində iqtisadi tərəfdaşlıq və əməkdaşlıqlar regional və qlobal təhlükəsizliyə böyük töhfələr verir. Çünki belə layihələrdə qonşu ölkələrin ortaq iqtisadi və təhlükəsizlik maraqları yaranır. Cənub Qaz Dəhlizi avropalı tərəfdaşların da qəbul etdiyi və dəyərləndirdiyi bir layihədir".

Politoloq hesab edir ki, dövlət başçısının Avropa dövlətlərinin diqqətini işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməsinə yönəltməsi xüsusi əhəmiyyət daşıyır:

"Prezident İlham Əliyev konfransda Avropanın təhlükəsizliyi kontekstində ikinci bir məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə toxundu və onun mövcud olmasını Avropanın təhlükəsizliyini təhdid edən münaqişə ocaqlarından biri kimi qiymətləndirdi, eyni zamanda qeyd etdi ki, bu günə qədər Aİ-yə üzv olan ölkələr tərəfindən işğalçı Ermənistana sanksiya tətbiq olunmaması ikili standartdır. Nə qədər ki, bu münaqişə var, təkcə regionun deyil, bütövlükdə Avropanın da təhlükəsizliyini təhdid edən məsələlərdən biridir. Bu məsələnin qeyd edilməsi Aİ ölkələrinin diqqətinin bir daha Dağlıq Qarabağ probleminə cəlb edilməsi baxımından olduqca böyük əhəmiyyət daşıyırdı. Cənab prezident ilk dəfə idi ki, məsələni bu formada deyirdi və bu heç də təsadüfi deyildi. Necə olur ki, digər ölkələrə qarşı sanksiyalar tətbiq olunur, amma Ermənistan hamıdan əvvəl işğalçı ölkə olduğu halda ona tətbiq olunmur?!"

H.Babaoğlunun fikrincə, prezidentin hazırkı mərhələdə nəqliyyat infrastrukturunun formalaşması, bu prosesdə qədim İpək Yolunu və onun potensialını önə çəkməsi də diqqəti cəlb etdi: "Çünki bu, Azərbaycanın mövcud iqtisadi, daha konkret isə tranzit imkanlarının bir növ təqdimatı idi. İqtisadi təhlükəsizliklə bağlı digər məqam regionda yeni iqtisadi mərkəzin və tranzit qovşağının yaradılması ilə bağlı idi. Bu əsnada cənab prezident Xəzər dənizi sahilində inşa edilən yeni Ələt limanından və onun ətrafında formalaşacaq azad ticarət zonasından bəhs etdi. Dövlət başçısı qeyd etdi ki, Ələt limanının yükötürmə qabiliyyəti 25 milyon ton və ya 1 milyon konteyner səviyyəsindədir. Bu limanın ətrafında yaranacaq xüsusi iqtisadi zona həm TRASECA proqramı çərçivəsində həyata keçirilən Böyük İpək Yolunun yük təminatçısı qismində iştirak edəcək, həm də regionda yeni iqtisadi mərkəz yaradacaq.

Bütövlükdə dövlət başçısı Azərbaycanın regional və beynəlxalq münasibətlərdə yerini və mövqeyini səciyyələndirərkən ölkəmizin sabitləşdirici rol oynadığını dedi. Çünki Azərbaycan bütün tərəflərlə eyni məsafədə bərabər hüquqlu münasibətlər saxlayır".

İlkin İzzət

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.