Xocalı-25 il: sinələrinə bala dağı vurulan anaların fəryadı

Day.Az представляет новость на азербайджанском языке

1992-ci il fevralın 26-da erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımı, insan təfəkkürünə sığmayan vəhşilikləri Azərbaycan xalqının tarixində qanlı iz qoyub. Bu qanlı qırğından 25 il keçsə də, soyqırımının dəhşətləri, erməni şovinistlərinin qadın, uşaq, qoca demədən günahsız insanları amansızlıqla qətlə yetirmələri bu gün də insanı dərindən sarsıdır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, faciənin 25 illiyi ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşünün iştirakçıları arasında Xocalı dəhşətlərini yaşayan, övladları gözləri qarşısında öldürülən analar da vardı. Yürüşdə iştirak edən bu analar "Ana harayı" abidəsi önündə göz yaşları axıdır, sanki o gecənin dəhşətlərini yenidən yaşayırdılar. Onlardan bəziləri əlində Xocalıda öldürülmüş əzizlərinin şəkillərini tutmuşdular.

Ermənilərin Xocalıda qətlə yetirdikləri 613 azərbaycanlıdan 106-sı qadın, 63-ü uşaq idi. Soyuq bir qış gecəsi düşmənin qəfil hücumuna məruz qalan analar körpələrini bağrına basaraq xilas olmaq ümidi ilə güllə yağışı altında qarlı düzlərə, meşələrə üz tutdular. Balaları gözlərinin qarşısında gülləyə tutulan, meşələrdə donan zavallı anaların ağrı-acısı onların qəlbini daim göynədir.

Ümumxalq yürüşünün iştirakçısı, bu dəhşəti yaşayanlardan biri olan Xocalı sakini Sahibə Şahmuradova deyir: "Mən ermənilərin Xocalıda törətdikləri cinayətin canlı şahidiyəm. Hər şeyi yaxşı xatırlayıram, sanki bu, dünən baş verib. Ermənilərin qəddarlığının həddi-hüdudu yox idi. Anaların bağrına bala dağı çəkdilər. Bütöv ailələri məhv etdilər, nə qədər uşağı yetim qoydular. Bu dərdi unutmaq olarmı?".

Ermənilər həmin gecə Solmaz Həsənalıyevanın atasını və qardaşını öldürüb, anasını əsir götürüblər. O başlarına gətirilən müsibəti belə nəql edir: "Atam və qardaşım Xocalının müdafiəçiləri sırasında idilər, qadınları və uşaqları düşmən hücumundan qorumağa çalışırdılar. Amma ermənilər yaxşı silahlanmışdılar, sayca çox idilər. Üstəlik, zirehli texnikaları da vardı. Onlar şəhərin müdafiəçilərini, o cümlədən atamla qardaşımı görünməmiş işgəncələrlə qətlə yetirdilər. Anamı 25 gün əsir saxladılar, ona dözülməz əzab və işgəncələr verdilər. Xocalı faciəsi məndən atamı və qardaşımı aldı. Neçə-neçə ailə tamamilə məhv oldu".

Xocalıda doğmalarını və yaxınlarını itirən, illərlə qurub-yaratdıqları ev-eşikləri bir gecədə xarabalığa çevrilən analarımızın fəryadı heç vaxt bitməyəcək, onların qəlbinə vurulan yara heç vaxt sağalmayacaq. Xocalılı analara yeganə təsəlli onlara bu zülmü yaşadanların layiqli cəzalarına çatmaları ola bilər. Anaların bu istəyini Solmaz Həsənalıyeva belə ifadə etdi: "İstəyimiz odur ki, dünya bu ədalətsizliyə biganə qalmasın. Bu cinayəti törədən ermənilər layiqli cəzalarını alsınlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.