Elzanın "yerinə oturtduğu" jurnalistlər, Şəbnəmin lüt şəkilləri, 60 yaşlı xanım əməkdar artistin 27 yaşlı sevgilisi - HƏFTƏBECƏR

20 марта 2017 09:36

Day.Az представляет новость на азербайджанском языке

Day.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (117-ci say) təqdim edir.

Ötən həftə şərh yazan, təqdir və tənqid edən hər kəsə həmişəki kimi təşəkkürümü bildirirəm və keçirəm mövzulara.

Elza Seyidcahanın bu açıqlaması diqqətimi çəkdi deyə, bir hissəsini sizinlə də paylaşıram. Röya haqda danışıb:

"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam".

Elza nə xüsusi simpatiyam olan, nə də oxuduqlarını bəyəndiyim biri deyil. Amma görün nə deyir. Röyaya görə jurnalistləri yerinə oturdubmuş. Bilmirəm, həmin tədbirdə hansı jurnalistlər iştirak ediblər və yerlərinə oturdulublar. Amma kül o jurnalistin başına ki onu Elza yerinə oturdur. Özü də Röyaya görə. Bir məsələni anlamaq lazımdır ki, sənətçilərin 99 faizi öz dillərində desək, "yerlərinə oturublar". Birincisi, sənətə hansı yollarla gəldikləri, gəldikdən sonra keçdikləri yol, hansı hoqqalardan çıxdıqları hətta ən sadə tamaşaçıya da bəllidir. Məsələn, bir professor 40 ilini elmə həsr edib iki otaqdan ibarət darısqal mənzildə yaşayır. Ancaq ötən ilin sonunda bir fonoqram yazdırmış 22 yaşlı qız 3 aydan sonra 100 minlik maşında gəzir. Milyonçunun qızı idi? Yox. Bəlkə, atası böyük vəzəfədə imiş? Xeyr. Bəs nə? Bax onu siz məndən daha yaxşı bilirsiniz. Ona görə də danışmağa haqqı olan ən sonuncu adamlar sənətçilərdir. Çünki hələ indiyə kimi bir müəllim, bir həkim, bir jurnalist, bir professor, bir evdar qadın çıxıb açıqlama verməyib ki, üç min kişi ilə intim münasibətdə olmuşam. Amma sənət adamlarının da əksəriyyətinin az qala baş əydiyi bir sənətçi eyni açıqlamayla çıxış edib. Heç olmasa, ayıbınıza kor olun.

Təranə Qumral deyib ki, Şəbnəm Tovuzlunun məndə bir qəzetlik lüt, yataq fotoları var. Şəbnəm də bildirib ki, gərək bu barədə özümə deyə idi. Siz söhbətə baxın ha. Bu adamları camaat boğazından kəsdiyi pulla toyuna, şad gününə, məclisinə çağırır. Görün nəyin "razborka"sı gedir. Nəysə, axırda Təranə deyib ki, çaşanları aşırdıram. Nəzərinizə çatdırım ki, bu söhbət tin uşaqları arasında getməyib. İki qadın sənətçinin arasında baş vermiş söz-söhbətdən sonra verilən açıqlamalardır. Çaşanları aşırdıram nə deməkdir? Məgər dərəbəylikdir, yoxsa, kim kimi istədi aşırdır? Şəbnəm Tovuzlunu müdafiə etmək fikrim yoxdur. Necə deyərlər, adamın adı üstündədir. İntəhası, yaşı əllini keçmiş Təranə Qumralın bu tərzdə açıqlama verməsi qəbul edilə bilməz. Aralarında 18 yaş fərq var. Yəni Şəbnəm Təranənin qızıyla yaşıddır. Allah kəssin belə ana-balalığı haaa...

Müğənni Zamiq bildirib ki, bu il evlənəcəm. Əşşi, özün bil. İstəyirsən, ömür boyu subay qal. Bax bu yerdə jurnalistləri qınayıram. Zamiq nə boyda sənətkardır ki, evlənməyi də xəbər olur?

Xumar Qədimova isə xəyanətdən danışıb. Deyib ki, xəyanətə uğramışam və dərhal münasibəti bitirmişəm. Belə də olmalıdır. Amma mənim diqqətimi başqa məqam çəkdi. Sənətçinin zahiri görünüşündə, xüsusən dişlərində ciddi dəyişiklik var. Hətta bu dişlər mənə uşaq vaxtı saqqızın içindən çıxan "dişi" xatırlatdı. Doğrudanmı, belə görünmək bu qədər vacib idi?

Sonda eşitdiyim bir xəbəri sizinlə paylaşıram. Ancaq nə ad soruşun, nə də soyad. Altmış yaşı olan bir əməkdar artist 27 yaşlı oğlanla sevgili imiş. Allah xoşbəxt eləsin, toylarına gedək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.