Ticarət festivallarının təşkili qaydası müəyyənləşdi

Day.Az представляет новость на азербайджанском языке.

Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası "Ticarət festivallarının təşkili Qaydası"nı təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, martın 17-dən qüvvəyə minən bu Qayda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ticarət festivallarının təşkili qaydasını müəyyən edir.
 
Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti, digər dövlət və özəl sektor nümayəndələri ilə birlikdə ticarət festivallarını təşkil edir. Ticarət festivalı 2017-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən, keçirilən və idarə olunan pərakəndə satış, əyləncə və turizm xidmətlərini əhatə edən kompleks kampaniyadır. Operator nazirlik tərəfindən müəyyən olunan və ticarət festivallarının təşkilini, keçirilməsini və idarə olunmasını təmin edən hüquqi şəxsdir. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndəki təyin edilmiş hədəflərə nail olmaq üçün nazirlik və ya onun təyin etdiyi operator tərəfindən alış-veriş kampaniyalarının təşkil olunması, satış nöqtələri və alıcılarla işlərin qurulması, festival iştirakçılarının brendləşdirilməsi, turizm agentlikləri, hava yolları və qonaqlama müəssisələri ilə birlikdə turistlərin cəlb edilməsi üzrə proqramların həyata keçirilməsi, əyləncə tədbirləri və stimullaşdırıcı proqramların təşkili, sponsor və partnyorlarla əməkdaşlığın qurulması və idarə olunması, marketinq və kommunikasiyaların təşkili və aidiyyəti dövlət qurumları ilə fəaliyyətlərin əlaqələndirilməsi üzrə zəruri olan bütün hərəkətlər həyata keçirilir.
 
Ticarət festivallarının dövlət vəsaitləri, kreditlər, qrantlar, ianələr və yardımlar və dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələr əsasında əldə edilmiş vəsaitlər hesabına formalaşır. Ticarət festivallarının büdcələrinin maliyyələşdirilməsi üçün operator tərəfindən sponsor və partnyorlar cəlb edilir və onlara əvvəlcədən operator tərəfindən müəyyən edilmiş sponsor və partnyor paketləri üzrə müxtəlif variantlar təklif edilir. Sponsorluq və partnyorluq müqabilində sponsor və partnyorlara güzəşt paketləri, imtiyazlar və sponsor və ya partnyora məxsus iştirakçılar üçün imtiyazlar təqdim edilir. Ticarət festivalları Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi ticarət obyektlərində, yarmarkalarda və məkanlarda keçirilir. Ticarət festivalları dövründə ticarət və xidmət zamanı qanunvericiliklə qadağan olunmuş malların satılması və xidmətlərin göstərilməsi qadağandır. Ticarət festivallarında iştirak etmək istəyən iştirakçılar operator tərəfindən qeydiyyata alınmalıdırlar. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicilərinin qeydiyyatı həyata keçirilir. Ticarət festivallarının brendləşdirici nişanlarından istifadə və ticarət festivallarında iştiraka istinad yalnız operator tərəfindən qeydiyyatdan keçmiş iştirakçılar tərəfindən edilə bilər. Qeydiyyatdan keçmək istəyən müəssisə və sahibkarlar qeydiyyat ərizəsini operatorun rəsmi internet səhifəsində göstərilmiş müddətədək və qeydiyyat ərizəsində göstərilən sənədlərlə birlikdə operatora təqdim edirlər. Ərizə operatora daxil olduqdan ilk 5 iş günü ərzində təqdim edilmiş məlumatın dolğunluğu yoxlanılır. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması təklif edilir. Ərizə formasındakı məlumatların dolğunluğu yoxlanıldıqdan və təqdim edilən sənədlərin tamlığı təsdiq edildikdən sonra ərizə verən iştirakçı kimi qeydiyyata alınır. İştirakçıların siyahısı operatorun rəsmi internet səhifəsində dərc edilir və onlara müqavilələrin bağlanılması üçün 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Operatorun qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən nazirliyə şikayət verilə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.