Müəlliminə ən yaxşı şeir qoşanlar mükafatlandırılacaqlar

Day.Az представляет новость на азербайджанском языке

"Məktəblinin dostu" layihəsinə daxil olan məktəblər arasında "Mənim sevimli müəllimim" şeir müsabiqəsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Milli.Az-a verilən məlumata görə, şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.

Layihəyə daxil olan 30 ümumi təhsil məktəbinin şagirdləri qeyd olunan mövzuda öz yazdıqları şeirləri videoçarx şəklində hazırlayaraq təhsil aldıqları məktəbdəki "Məktəblinin dostları"na təqdim edirlər. Seçilən bir videoçarx məktəb adından müsabiqəyə daxil olur və "Məktəblinin dostu"nun rəsmi Facebook səhifəsində yerləşdirilir.

Qeyd edək ki, ilk mərhələdə ən çox baxılan 10 videoçarx seçiləcək və müsiflər heyətinə təqdim olunacaq (baxış sayları bərabər olduğu təqdirdə "like"-lərin sayı nəzərə alınacaq).

İkinci mərhələdə müsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında qalib seçiləcək. Qaliblər şeirin bədii gözəlliyinə, səsləndirməyə, videoçarxın keyfiyyətinə və çəkiliş üslubuna görə dəyərləndiriləcək.

Martın 7-dən start verilən müsabiqə aprelin 14-nə kimi davam edəcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi "Məktəblinin dostu" pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, "Məktəblinin dostu" seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən "Məktəblinin dostu" pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: