"Pambıqçılığın ölkənin qeyri-neft sektorunun inkişafında öz yeri və rolu var"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda pambıqçılığın dirçəlişi ölkə iqtisadiyyatının ümumi inkişafına və regionlarda insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edəcək".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev martın 28-də prezident İlham Əliyevin iştirakı ilə Saatlıda pambıqçılığın inkişafına dair respublika müşavirəsinin nəticələrini şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, prezident İlham Əliyevin Saatlıya getməsi və orada pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirməsi təbiidir: "Çünki pambıqçılığın ölkənin qeyri-neft sektorunun inkişafında öz yeri və rolu var. Dövlət başçısının birbaşa təşəbbüsü ilə uzun illərdən sonra bu sahəyə diqqət yenidən bərpa edildi. Hesab edirəm ki, gələcəkdə pambıqçılığın inkişafı Azərbaycanda, xüsusən də Saatlı, Sabirabad, Tərtər, Bərdə və digər rayonlarda özünü göstərəcək və ölkənin ümumi qeyri-neft sektorunun inkişafına ayrıca təkan verəcək. Bundan əlavə, regionlarda pambıqçılığın inkişafı burada əlavə iş yerlərinin açılması, insanların maddi rifah halının yaxşılaşması və ölkəyə əlavə valyutanın gətirilməsi deməkdir". 

R.Əliyev hesab edir ki, Azərbaycan yaxın illərdə bir müddət əvvəlkidən də güclü iqtisadiyyata malik olacaq: "Dövlət başçısının müşavirədəki çıxışı, eyni zamanda regiona səfəri zamanı yeni yolların və obyektlərin açılışı bir daha göstərir ki, Azərbaycan dünyadakı ümumi iqtisadi böhrün fonunda yenə də inkişaf edir. İnanıram ki, ölkəmiz bu böhrandan da tədricən çıxacaq vən nəinki keçmiş səviyyədəki iqtisadi artım tempini bərpa edəcək, hətta ondan da güclü iqtisadiyyata malik olacaq".

Qeyd edək ki, prezident İlham Əliyev müşavirədə deyib: "Biz, əlbəttə ki, keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bu gün biz pambıqçılıqla bağlı ikinci müşavirəni keçiririk. Bu müşavirələrin keçirilməsi özlüyündə dövlət dəstəyinin təzahürüdür".

Dövlət başçısı əlavə edib ki, vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görülür: "Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilib. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar".

Prezident vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu qeyd edib: "Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə bax, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur".

Azərbaycan prezidenti gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, daha geniş vüsət alacağını, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.