Mədəniyyətin gələcəyi: inkişaf vektoru

Day.Az представляет новость на азербайджанском языке

Qlobal xarakterli siyasi-iqtisadi tendensiyalar, eləcə də dünyanın enerji resurslarının məhdudluğu ölkələri dövlət idarəetmə sisteminin rasionallaşmasına və mövcud resurslara qənaət edilməsi yollarının axtarılmasına doğru sürükləyir. Bir çox dünya ölkələrinin müasir tarixi bu şəraitdə ən az qorunan sahənin məhz mədəniyyət olduğunu açıq şəkildə bəyan edir. Hələ Sovetlər Birliyi dövründən tətbiq edilən mədəniyyətin maliyyələşdirilməsində qalıq prinsipi məhz onu daha az qorunan bir sahəyə çevirir. Buraya cəlb olunan kadr heyətinin zəif olması ən həssas məsələ hesab olunur. Səbəblər isə olduqca bəsitdir: zəif sosial təminat və yüksək ixtisaslı gənclər arasında bu sahənin qeyri-populyar olması.

Eyni problemləri müasir təhsil sisteminin də yaşadığını nəzərə alsaq burada yeni bir məsələ yoxdur. Qismən bu səbəbdən bir çox dünya ölkələrində dövlət istedadlı gəncləri pedaqoji fəaliyyətə cəlb etmək məqsədilə müxtəlif "stimullaşdırıcılardan" istifadə edir. Lakin sərt reallıq öz qaydalarını diktə edir. Bununla belə müxtəlif təşəbbüslər ortaya atılır və mövcud problemlərin həlli istiqamətində yeni yolların axtarışı fəal şəkildə davam etdirilir. Həm mədəniyyət, həm də təhsil sahəsinin vahid dövlət siyasətinin humanitar sahəsinə daxil olması ilə onların inkişaf vektorlarının qarşılıqlı asılılığı qaçılmaz bir reallıqdır. Çünki məhz bu sahələr hər bir ölkənin və millətin humanitar inkişaf səviyyəsini təmin edir.

Dövlət mədəniyyət siyasətinin əsas strateji məqsədlərini xatırlayaq: ölkənin mədəni potensialının və mədəni irsinin qorunub saxlanması; yaradıcılıq və bədii təhsilin inkişafı; milli mədəniyyətin davamlı inkişafının təmin edilməsi; mədəni həyatın müxtəlifliyinin və mədəni innovasiyanın dəstəklənməsi; mədəni mühitin vahidliyinin təmin edilməsi; çoxmillətli dövlətdə mədəniyyətlərarası dialoq üçün şəraitin yaradılması; modernləşmə proseslərinin asanlaşdırılması və s. Razılaşın ki, qloballaşma prosesləri kontekstində mədəniyyət siyasətinin həmin funksional yükü bu fəaliyyət sahəsinə strateji əhəmiyyətli status qazandırır.

Millətin mədəni identikliyinin qorunması işinin vəziyyəti, yetişməkdə olan gənc nəslin estetik zövqünün məzmunu, modernləşmə proseslərinin axın harmoniyası, mədəni inkişaf səviyyəsi və s. bu kimi məsələlər həyata keçirilən mədəniyyət siyasətinin effektivliyindən asılıdır. Uzun illər ölkəmizin yaşadığı informasiya müharibəsi şəraiti mədəniyyət siyasətinin potensialını tamamilə əvəzolunmaz edir. Belə ki, həmin bu informasiya müharibəsi şəraitində mədəniyyət ölkənin təbliğinin və zəruri beynəlxalq imicinin formalaşdırılması üçün ən ideal mexanizmdir. Bundan əlavə "mədəniyyət" ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən müvəffəqiyyətlə həyata keçirilən "yumşaq güc" (soft power) siyasətinin reallaşma mexanizmi kimi də çıxış edir.

Milli ideologiyanın möhkəm təməlini təşkil edən mədəniyyət xalqın bütövlüyünü təmin edir və onun mənəvi-hüquqi ruhunu müəyyənləşdirir. Mədəniyyətin deqradasiyası isə qaçılmaz şəkildə millətin mənəvi-siyasi ruhunun "kökü" hesab olunan milli ideologiyanın parçalanmasına gətirib çıxaracaq. Mədəniyyət həm də vətənpərvərliyin mənbəyi və həmrəylik amilidir. Müharibə şəraitində yaşayan və ərazi bütövlüyünün 20%-dən çoxu işğal olunmuş bir ölkə üçün vətənpərvərlik müstəsna əhəmiyyət daşıyan keyfiyyətdir. Bu şəraitdə vətənpərvərlik milli ruhun prinsipial xarakteristikasından biri və vətəndaşlıq şüurunun elementi olmalıdır. Bundan əlavə mədəniyyət nəsillərin varisliyini təmin edir və fərdin mədəni özünü identikliyinin amili kimi çıxış edir.

Əlbəttə mədəniyyətin artan siyasi əhəmiyyətinin labüdlüyünü izah edən arqumentlərin siyahısını davam etdirmək mümkündür. Bununla yanaşı hər bir arqument ayrı-ayrılıqda təhlil edilməli və özünün reallaşma sistemini işləyib hazırlamalıdır. Hesab edirəm ki, bu gün biz mədəniyyət amilinin daxili siyasətdə sosial sabitliyin səmərəli mexanizmi və millətin ideoloji konsolidasiyası kimi, xarici siyasətdə isə mədəniyyəti ölkənin beynəlxalq imicinin formalaşdırılması aləti kimi qəbul edərək, onun sadəcə rəmzi məzmunundan imtina prosesini yaşayırıq.

"Mədəniyyətin" bu cür məzmun görüntüsü müasir dünyanın tələbi, eləcə də obyektiv şəkildə mövcud olan problemlərin nəticəsidir. İşin effektivliyi isə analitika (informasiya ilə işləmə bacarığı), mobillik (işin operativliyini və adekvatlığını təmin etmək), eləcə də peşəkar menecment (mövcud resurslardan rasional şəkildə istifadə etmək imkanı) vasitəsilə təmin edilir. "Münasibətlərdə harmoniyanı təmin etmək üçün maraqlı olmağı öyrənməlisən, güc və zor hesabına formalaşan münasibət davamlı ola bilməz" ifadəsində əks olunan müasir sosial-siyasi və iqtisadi münasibətlərin fəlsəfi məzmununu unutmaq olmaz.

Buna görə də mədəniyyət qarşısında bu cür mürəkkəb problem dayanır: müstəqil sahə olmağı öyrənmək və qazanc əldə etməyi bacarmaq. Hər hansı bir sahənin mövcudluğu məqsədilə ona dəstək olmaq prinsipi artıq geridə qalmışdır. Razıyam, vəziyyət yetərincə mürəkkəbdir və ilk növbədə yaradıcı ziyalılar tərəfindən tənqid edilə bilər. Lakin iqtisadi sistemin total şəkildə rasionallaşması şəraitində bu cür perspektiv qaçılmazdır. Ancaq bəzi ölkələr üçün bu artıq geridə qalmış bir mərhələdir. Bir sıra dünya ölkələrinin qabaqcıl təcrübəsini xatırlamaq kifayət edər ki, iqtisadi cəlbediciliyin qismən təhsil sisteminin güclü inkişafının səbəbi olduğu aydın olsun. Bəli, mədəniyyət ilə pulu müqayisə etmək çətindir. Yaradıcılıq fəaliyyətinin bəzi özünəxas xüsusiyyətləri olsa da o müasir dünyamızın obyektiv tələblərini nəzərə almaqla adaptasiya olmalıdır. Əks halda muzeylər, kitabxanalar və klublar hər hansı bir "arxaizmə" çevriləcək. Mədəniyyət dəbli təzahürə, mədəniyyət müəssisələri isə asudə vaxt üçün populyar bir məkana çevrilməlidir. Əks təqdirdə heç də az gəlir gətirməyən kliplər, reklam çarxları və televiziya tok-şouları mədəniyyətimizin "mənəvi" məzmununu müəyyən etmiş olacaq.

Asif Usubəliyev, Azərbaycan Respublikasi

Mədəniyyət və Turizm Nazurliyinin

Elmi-Metodiki Mərkəzin durektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.