Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası təqdim olunacaq

Day.Az представляет новость на азербайджанском языке

Aprelin 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

"Ölülər"in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Adil Dəmirov və başqaları məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat vəcahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.