ATV-dən ələ salınan gənclə bağlı AÇIQLAMA - "İkrah doğurur"

21 апреля 2017 16:02

Day.Az представляет новость на азербайджанском языке

"ATV-nin "İdeya Qazandı" verilişinə qatılan gənclə bağlı mətbuatda yayılan video verilişin əsas kontekstindən çıxarılıb".

Day.Az xəbər verir ki, bu barədə bakipost.az-a açıqlamasında kanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov deyib.

O bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir: "Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.

Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb".

Qeyd edək ki, ATV-nin "İdeya Qazandı" verilişində kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.