İrqçilik və nifrət demokratiyanı üstələyəcək?

Day.Az представляет новость на азербайджанском языке

Fransada prezident seçkilərinin ilk turunu başa çatdı. İkinci tur mayın 7-də olacaq. Turun finalçıları bütün sorğuların əvvəlcədən bəlirlədiyi kimi, mərkəzçi "İrəli!" Partiyasından 39 yaşlı Emmanuel Makron və ifrat sağçı, irqçi Milli Cəbhə Partiyasının lideri, 48 yaşlı Marin LDe Pen oldu.

Seçkilərin ilk turu faktiki olaraq 4 namizədin çarpışmasına döndü. İki favoritə sərt rəqib olmağa çalışanlar, Sağ mərkəzçi Respublikaçılar Partiyasından namizəd və sabiq baş nazir Fransua Fiyon ilə ifrat solçu siyasətçi, "Fəth edilməmiş Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşon idilər.

Buna rəğmən, finişdə irəli çıxmaq üçün onların imkanları, maliyyələri və resursları çatmadı.

İlk turun nəticələri bəlli: seçicilərin 23,98 faiz Makrona, 21,6 faizi isə Le Penə səs veriblər.

Bu rəqəmlər açıqlanan kimi Fransada sağçı, solçu, mərkəzçi, liberal, mühafizəkar siyasətçilərin tam əksəriyyəti vətəndaşları Makrona səs verməyə çağırdılar.

Ümumi şüar belədir: "Marin Le Pen əsla prezident seçilməməlidir!"

İlk olaraq Le Penə qarşı hələlik iqtidarda olan Sosialist Partiyasından namizəd, 6 faiz səslə fiaskoya uğramış Benua Amon çıxış etdi. Daha sonra onu baş nazir Bernar Kaznöv, DİN başçısı Jan-Mark Ero, sabiq baş nazir Manüel Vals dəstəklədilər.

Bir qədər keçdi, məğlubiyyətini etiraf etmiş Fransua Fiyon da Le Penə qarşı səs verməyə çağırdı. Onun fikrincə, Marin Le Penin prezident seçilməsi Fransada ekstremistlərin və irqçilərin hakimiyyətə gəlməsidir.

İlkin təxminlərə görə, Fransa siyasəti və siyasətçiləri əllərindən gələni edəcəklər ki, Le Pen seçkilərin ikinci turunda qalib gəlməsin. Ekspertlər hesab edirlər ki, ikinci turda Emmanuel Makron səslərin 65 faiz səslə Le Peni üstələyəcək.

Ənənəvi siyasətin böhranı

Fransadakı prezident seçkiləri hələ başa çatmasa da, artıq sonuc məlumdur. Mayın 7-ni gözləmədən deyə bilərik ki, Fransada ənənəvi siyasi qüvvələr sayılan sollar və sağ-mərkəzçilər üçün sonuclar siyasi ölüm olmasa da, çox ciddi böhrandır.

Sosialist və sağçı Respublikaçılar partiyalarından olan namizədlər Benua Amonla Fransua Fiyon toplam olaraq səslərin 25 faizini  toplayıblar.

Müqayisə üçün yazaq ki, 2012-ci ildə keçirilmiş prezident seçkilərində sosialistlərlə sağçıların namizədləri Fransua Ollandla Nikolya Sarkozi el ilk turda səslərin təxminən 56 faizini yığmışdılar.

İkinci məqamsa olur ki, fransalıların ənənəvi partiyalardan yorulmaları, bezmələri, usanmaları sistemdən kənar, hətta ənənəsi siyasi sistemə qarşı çıxan namizədlərin uğuruna səbəb oldu. İfrat sağçı, irqçi Marin Le Pen ilə Uqo Çaves və Fidel Kastronun pərəstişkarı, ifrat solçu Jan-Lyuk Melanşonun ilk turda toplam olaraq 44 faiz səs toplamaları da buna dəlalət edir.

Le Penlə Melanşonun seçicilərini onların radikal ideyaları, absurd vədləri də narahat etmədi. Məsələn, onların ikisi də prezident seçiləcəkləri təqdirdə Fransanın Avropa Birliyini və avrozonanı tərk edəcəyini deyirlər.

Və ən nəhayət, Fransadakı dünənki seçkilər, əslində, ölkə vətəndaşlarının "Rədd olun hamınız!" tipli etiraz izharı idi. Sistemdən kənar siyasətçiləri dəstəkləməklə fransalılar ənənəvi siyasətçilərdən, onların klişeyə çevrilmiş şüarlarından nə qədər bezdiklərini göstərdilər.

Parlament seçkiləri

Fransada prezident seçkilərinin 2-ci turunun sonucları az-çox bəlli olduğundan indi əsas məsələ iyunun 11 və 18-də keçiriləcək parlament seçkiləridir.

Bu seçkilərdə isə yerlərdə, əyalətlərdə və böyük şəhərlərdə onillərdən bəri fəaliyyət göstərən, dayanıqlı və effektiv strukturlar olmadan uğur qazanmaq mümkün deyil.

Ona görə də bu yaxınlarda yaradılan, hələlik az qala rüşeym vəziyyətindəki "İrəli!" hərəkatına əsaslanan Emmanuel Makronu çox ciddi çətinliklər gözləyir.

Regionlarda olduqca zəif strukturlara və dayaqlara malik "Fəth olunmamış Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşonun durumu da yaxşı deyil.

"Milli Cəbhə" Partiyasının (FN) lideri Marin Le Penə gəldikdə isə, bu radikal sağçı və irqçi siyasətçinin başçılıq etdiyi təşkilat Fransanın praktiki olaraq bütün departamentlərində təmsil olunsa da, parlament seçkilərində həmişə zəif çıxış edib.

Səbəb Fransadakı mövcud siyasi sistemin özəlliyidir. "Milli Cəbhə"dən olan siyasətçilər indiyədək parlament seçkilərinin ikinci turunda ənənəvi siyasətçilərə uduzublar, çünki "ənənəvi"lər səylərini birləşdirərək "sistemdən kənar radikal"ları üstələyiblər.

Həmin sxem bu dəfə də effektiv olacaq, ya yox - dəqiq bəlli deyil. Nədən ki, Fransadakı ənənəvi siyasi partiyalar prezident seçkilərinin ilk turunda sağdan ifrat dərəcədə ağır, nokautu xatırladan zərbə aldılar.

Emmanuel Makron da ilk turndakı qələbəsini tələsik qeyd edən kimi faktiki olaraq parlament seçkilərinə hazırlığa başlayıb. Onun dediyinə görə, "mütərəqqi qüvvələrin geniş koalisiyası"nı yaratmaq niyyətindədir.

Sağçıların şüşə tavan problemi

"Milli Cəbhə"nin lideri Marin Le Pen ikinci tura çıxsa da, onun elektoratla bağlı ciddi problemləri var. Fransadakı irqçilər və sağçılar şüşə tavana dəysələr də, o tavanı sındıra bilməyiblər hələ.

Təbii, Le Penin 21,4 faiz səs toplaması onun elektoratı qismən ələ almasına dəlalət edə bilsə də, 2-ci turda qələbə üçün bu yetərli deyil.

Həddən ziyadə radikal, miqrantlara qarşı dözülməz ritorika, müsəlmanları düşmən kimi göstərən çağırışlar və Avropa Birliyinə qarşı yönəlmiş şüarlar, habelə guya antiqlobalist ritorika fransalıların çoxunu iyrəndirməyə başlayıb.

Onların çoxu "Heç bir halda Le Pen prezident olmamalıdır" deyirlər.

Marin Le Penin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında "Milli Cəbhə"nin brendindən imtina etməsi də ona yardım etmədi.

Çünki adi fransızların nəzərində "Milli Cəbhə" Le Pen, Le Pen də "Milli Cəbhə" deməkdir.

Bundan başqa, "Milli Cəbhə" hakimiyyət partiyası yox, etiraz, protest təşkilatı kimi qəbul olunur. Bu struktur ölkənin ənənəvi siyasətinin prinsip və dəyərlərini bölüşməyən, siyasi debatları qütbləşdirən, bütün başqa partiyaları rədd edən antisistem strukturu sayılır.

Fransada seçicilər Le Penin təşkilatının radikal yönlərinə, onun davranışında, çağırışlarında və şüarlarındakı ifrata varmalara baxırlar. Belə obraz da "Milli Cəbhə"nin çətinliklərinin məcmusu, prezident seçkilərinin 2-ci turunda üzləşəcəyi siyasi təcridi göstərir.

Fransanın seçki sistemi iki turlu majoritar səsverməyə əsaslanır ki, bu da qalib gəlmək istəyən qüvvənin mütləq şəkildə müttəfiq tapmasını şərtləndirir.

Makronmu?

"İrəli!" hərəkatının lideri, sosialistlərin hökumətindəki sabiq nazir Emmanuel Makron Fransa siyasətinin yeni fenomeni sayıla bilər. 39 yaşlı, telegenik, soyuqqanlı Makron sağlarla sollar arasındakı uçurumun aradan qaldırılmasının tərəfdarıdır. O, yeni sərhəd təklif edib  "Mühafizəkarlar mütərəqqilərə qarşı!"

Makronun ciddi siyasi təcrübəsi olmasa da, o, ideoloji baxımdan çevik insandır. İdeologiyalar dönəmində opportunizm sayıla biləcək belə plastiklik Makronun üstünlüyünə çevrildi.

Sağçı liberal ritorikanı solçuluqla ustalıqla əvəzləməyi bacaran E.Makron bu minvalla sosialistlərlə yanaşı, mərkəzçilərin də dəstəyini qazandı.

Makron proqramını tam açıqlamadı, təfərrüatlardan bəhs etmədi, maliyyə-iqtisadi məqamlardan bəhs etmədi və beləcə, dəyişən siyasi konyukturaya çevikcəsinə cavab verdi.

E.Makron dövlət idarələrində 500 min nəfərin ixtisarına qarşı çıxır və deyir ki, sosial sahədə əsas məsələ 35 saatlıq iş həftəsinin ləğvi yox, bütün problemlərin həmkarlar təşkilatları ilə iş yerlərinin sahibləri arasında həll edilməsini nəzərdə tutan müqavilə sisteminə keçiddir.

Qloballaşmaya qarşı isə Avropa Birliyinin vasitəsilə mübarizə aparmaq olar.

Makron belə deyir.

Emmanuel Makronun siyasi qüvvəsinin və ilk turda uğurunun mənbəyi sosialistlərin modernist seçiciləri, sağların və mərkəzçilərin normal münasibəti, habelə Fransada siyasi elitanın yenilənməsinə duyulan ehtiyacdır.

Onun ən zəif yeri isə ifrat radikallar, solçular və "mətin" sağçıların dəstəyini ala bilməməsidir.

... Marin Le Pen Fransa üçün guya daha çox milli müstəqillik və suverenlik tələb edirsə, Emmanuel Makron avrointeqrasiya ideyalarını müdafiə edir.

Makron daha sivil qloballaşma vəd edir, Le Pen sərhədləri bərpa etməyə çağırır.

Le Pen ölkədəki bütün miqrantların qovulmasını istəyir, Makron isə miqrantların cəmiyyətə uzlaşmasına nail olacağını deyir.

Makron iqtisadi azadlıqlar və azad bazar tərəfdarı, Le Pen isə iqtisadiyyata sərt dövlət nəzarətini və yerli şirkətlərə üstünlüklər verilməsini dəstəkləyir.

Le Pen kommunitarizmi döyəcləyir, Makron açıq və dünyəvi cəmiyyəti sevdiyini söyləyir.

15 il əvvəlin məsələsi

Fransada indi yaşananlar 2002-ci ilin olaylarını xatırladır. 15 il əvvəl prezident seçkilərinin 2-ci turunda mülayim mühafizəkar, "qollçu" Jak Şirakla "Milli Cəbhə" Partiyasının lideri, Marin Le Penin atası Jan-Mari Le Pen üzləşmişdilər. Şirak 2-ci turda səslərin 82 faizini toplayaraq qalib gəlmişdi.

Situasiya təkrarlana bilər. Amma nə də olsa, Fransada ənənəvi siyasət çarmıxa çəkilib. Ölkədəki bütün siyasi qüvvələri yenidən qruplaşma, saf-çürük və seçim prosesi gözləyir.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.