Bakıda "təcili yardım"ın sürücüsü və tibb bacısı döyülüb

Day.Az представляет новость на азербайджанском языке

---------
18:36

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının işçiləri - tibb bacısı və sürücünün dünyasını dəyişən xəstənin yaxınları tərəfindən döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Day.Az bildirir ki, bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, təcili yardım işçiləri dəfələrlə döyülür: "Həkimlərin də qorunmaq haqqı var. Dəfələrlə olub ki, xəstə üstünə gedən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları onların yaxınları tərəfindən döyülüb. Bu hallara son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi Mirələm Cəlalov isə təcili yardım işçilərinə qarşı bu cür davranışları tərbiyəsizlik adlandırıb. Lent.az-a açıqlama verən M. Cəlalov qeyd edib ki, adətən həkimlər xəstənin yaxınları həkimlərlə mübahisə edəndə yola verməyə çalışırlar: "Elə də olur ki, şəxs içkili olur və ya məsələyə adekvat yanaşmır. Təbii ki, həkimlərin döyülməsi məsələsinə münasibət pis olmalıdır. Bu cür hallarda hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır".

M.Cəlalov bildirib ki, təcili yardıma daxil olan müraciətlərin 60-70%-i əlaqəsiz çağırışlardır: "Belə hallarda da həkim bilmir nə etsin. Bəzən də həkim çağırış yerinə gecikir deyə yaxınların qəzəbinə tuş gəlir. Anlamaq lazımdır ki, həkim başqa çağırışda ola bilər. Yollarda tıxacı, briqada çatışmazlığını nəzərə almalıdırlar. Hər bir şey ola bilər. Həkim təyyarə ilə gəlmir ki? Həkim onun xəstəsinə şəfa vermək üçün gəlirsə, ailə də tərbiyəsizlik edib onu döyürsə, bu, düzgün deyil. XXI əsrdə yaşayırıq. Heç bir yerdə belə şey yoxdur. Dərəybəylik deyil ki, kim istəsə həkimi döysün".

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə isə Lent.az-a açıqlamasında deyib ki, dünən dünyasını dəyişən şəxs xroniki onkoloji xəstəlikdən əziyyət çəkib və ömrünün nə qədər qaldığı da bəlli olmayıb: "Xəstənin durumu günortadan bəri pisləşsə də, ailə təcili yardımı axşam saat 9 radələrində çağırıb. Ailə özü də etiraf edib ki, xəstənin durumu günortadan pisləşib. Həkim xəstəni müayinə etdikdən sonra onun çox ağır vəziyyətdə olduğunu deyib və bir qədər vəziyyəti yüngülləşsin deyə yardım göstərməyə başlayıb. Bir az keçəndən sonra xəstə dünyasını dəyişib. Həkim xəstənin vəziyyətinin çox ağır olduğunu, bu xəstəliyin dünyada müalicəsinin olmadığını izah etməyə çalışsa da, yaxınları başa düşməyiblər. Onlar elə düşünür ki, təcili yardım gəldisə, xəstəni 15-20 dəqiqəyə tam sağaltmalı və ayağa qaldırmalıdır".

M. Mirzəzadə deyib ki, dünyasının dəyişən şəxsin yaxınları tərəfindən döyülən tibb bacısının qaş nahiyəsinə tikiş qoyulub: "Onun hematoması da var. Sürücü də 220 yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib. Bundan başqa, xəstənin yaxınları maşına da zərər yetiriblər. Bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik və hamısını qeydə alıblar. Hazırda bu məsələ araşdırılır. Belə hallarla bir həftədən bir rastlaşırıq".

Qeyd edək ki, ötən gecə "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Xəstənin yaxınları stansiya əməkdaşlarının vurduğu iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

----------
09:40

Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Mənzil başına çatan stansiya əməkdaşları xəstənin yaxınları tərəfindən qarşılanıb. Ardınca onlar vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlunu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Zərərçəkmişlər ilkin dindirilmə zamanı hadisə yerinə gecikdikləri üçün döyüldüklərini bildiriblər.
Hadisə yerində dünyasını dəyişən 1941-ci il təvəllüdlü İmanov Pirməmməd İman oğlu onkoloji xəstəlikdən əziyyət çəkib. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.