Mayın 7-ni gözləyirik: Dağlıq Qarabağ üçün

Day.Az представляет новость на азербайджанском языке

İkinci Dünya Müharibəsi illərindən bəri Fransada ifrat sağçılar, irqçilər, şovinistlər, İslama düşmən kəsilənlər qələbəyə bu qədər yaxın olmamışdılar.

Fransada keçirilən prezident seçkilərinin ilk turunda ikinci yeri tutmuş Marin Le Pen başçılıq etdiyi Milli Cəbhə Partiyasının (FN) ölkə siyasətinin dalanından çıxardı.

FN mövcudluğunun 40 ilində ilk dəfə qələbəyə nail ola bilər.

Fransa siyasətinin tullantıları, yaramazları, dekadentləri, az qala əqli və mənəvi tənəzzülə məruz qalanların yığnağı hesab edilən FN-nin liderinin bu uğuru ölkədə elə bir şok yaratdı ki, ilk turun sonucları elan olunan kimi Le Penin rəqibləri bir araya gəldilər.

Prezident seçkilərində Le Penlə Makronun rəqibi olmuş 9 namizədin istisnasız olaraq hamısı seçiciləri Le Penə səs verməməyə çağırdılar.

Yəni mayın 7-də keçiriləcək 2-ci turda Fransa "İrəli!" hərəkatının lideri, sabiq nazir Emmanuel Makrona səs verməlidir.

Oliqarxların, iri kapitalın "adam"ı, ABŞ-ın dəstəklədiyi namizəd sayılan sabiq iqtisadiyyat naziri, mərkəzçi 39 yaşlı Makronu fransalı seçicilərin 72 faizi bəyənməsə də, əks təqdirdə Le Pen prezident ola bilər.

Bu ehtimalsa Fransanı qorxuya salıb.

Zəlzələdən sonra

Fransadakı prezident seçkilərinin ilk turu, Makronla Le Penin qalib gəldikləri mərhələ ölkə siyasəti üçün əsl zəlzələ oldu.

Ənənəvi siyasi isteblişment darmadağın oldu. Son 50 il ərzində Fransanı növbə ilə idarə etmiş sağ və sol partiyalar tarixlərində ən ağır, ən acı məğlubiyyətə düçar oldular. İqtisadiyyatdakı durğunluq, terror təhlükəsinin ifrat dərəcədə artması, işsizlik və ümidsizlik kimi problemlərdən cana yığılmış fransızların kütləvi qəzəbi onları siyasət yolunun kənarına itələdi.

Və buna görə də 9 namizədin çağırışları, siyasi spektrin ən müxtəlif qüvvələrinin Makronu dəstəkləməsi təxminlənən və gözlənilən hadisədir. Fransada hər dəfə Milli Cəbhə Partiyası real hakimiyyətin kandarına çatanda irqçilərin rəqibləri birləşirlər.

Belə anlarda islamofoblara, antisemitlərə, neonasistlərə, şovinistlərə, Avropa Birliyindən çıxmağa tərəfdar olan radikallara qarşı fransızların "Respublika Cəbhəsi" adlandırdıqları sağ qüvvələr alyansı yaranır.

İndi əsas məsələ həmin koalisiyanın birliyini qorumasıdır.

Marin Le Pen atasının yaratdığı və son illərədək rəhbərlik etdiyi, Fransada demokratlarla liberalların nifrət etdikləri Milli Cəbhə Partiyasını (FN) irqçi, şovinist, antisemit ritorikadan, habelə neonasist şüarlardan təmizləməyə çalışdı. Seçki kampaniyasının son həftəsində Marin Le Pen Fransadan miqrantların çıxarılması ilə bağlı şüarları təkrarladı, Fransanın "gerçək suverenliyinin və müstəqilliyinin bərpasının" vacibliyini vurğuladı, daha sonra da ölkənin Avropa Birliyindən çıxmasına tərəfdar olduğunu dedi.

Marin Le Pen sivil və demokrat insan kimi görünməyə çalışsa da, çıxışlarında İslama bəslədiyi nifrəti gizlədə bilmədi.

Doğrudur, sorğular və analitiklərin hesablamaları prezident seçkilərində Emmanuel Makronun qalib gələcəyini göstərir.

Amma...

ABŞ-da da sorğular, medianın təhlilləri, ekspertlər və analitiklər prezident seçkilərində Donald Trampın qələbəsini təxminləyə bilməmişdilər.

Britaniyada məşhur ekspertlər və nüfuzlu sosioloji sorğu şirkətləri Breksiti ehtimal da etməmişdilər.

Məhz buna görə Le Penin qələbəsini birmənalı olaraq istisna etmək olmaz.

Le Penin uğuru Fransada ekstremizm və nifrətin qələbəsi olacaq, ölkəyə fəlakətlər, bəlalar düçar edəcək. Seçim yoxdur - fransalılar ifrat sağçılara, antisemitlərə, İslam düşmənlərinə, ölkənin Avropa Birliyindən çıxmasına çalışanlara qarşı səs verməlidir.

15 il əvvəl, Marin Le Penin atası Jan-Mari Le Pen prezident seçkilərinin ikinci turuna sıçrayanda və Sosialist Partiyasını nokauta salanda on minlərlə fransız seçki məntəqəsinə burunlarını bağlayaraq gəlmişdilər. Onlar sağ mərkəzçilərin namizədinə, qalmaqallar bataqlığında çabalayan Jak Şiraka səs vermişdilər.

Fransızlar Jan-Mari Le Peni üfunət və çirkab saymışdılar 15 il əvvəl.

İlyarım əvvəl, Marin Le Penin Partiyası bələdiyyə seçkilərində Fransanın cənub-şərqində və şimalında iki regionda qələbəyə ən real namizəddi. Həm in bölgələrdə FN ən nüfuzlu siyasi qüvvə idi.

Lakin Le Pen heç nəyə nail olmadı: solçular və sağçılar 2-ci turda birləşərək "Respublika Cəbhəsi" yaratdılar, Le Penə qarşı çıxdılar və FN uduzdu.

Prezident seçkilərinin ilk turunda səslərin 21,6 faizini toplamış Marin Le Pen bunu "triumf" adlandırır. Fəqət, belə nəticə 2-ci tunda qələbə üçün həddən ziyadə azdır. Üstəlik, iyun ayında keçiriləcək parlament seçkilərində də FN uduza bilər.

Marin Le Pen indi qələbəyə nail olmaq üçün artıq sabiq rəqibi Fransua Fiyonun tərəfdarlarının minimum yarısının dəstəyini və səslərini almağa çalışır.

Di gəl, Fiyonun tərəfdarları mühafizəkar olsalar da, radikal və idiot deyillər.

"Respublika Cəbhəsi" isə sağçıların dəstəyini alıb və qismən mərkəzə doğru dönüb.

Şayət, Le Pen qalib gələrsə...

Başınız sağ olsun: "Avropa evi", qlobal liberalizm, dialektik demokratiya, siyasi tolerantlıq ideyaları öldü. Azərbaycan müxalifətinin mitinqlərində isə hələ də bu utopiyaya inandıqlarını göstərənlər və başqalarını da inandırmağa çalışanlar illüziyanı respirator virusu kimi yayırlar.

Avropada milli identifikasiya, millətçilik, "böyük dövlətçilik" ideyaları sürətlə yayılır və bu Britaniyada, Slovakiyada, Avstriyada və Macarıstanda təcrid; Serbiyada və Bolqarıstanda "sərhədləri ucaltmaq"; Fransa və Almaniyada "da yaşam arealının genişləndirilməsi, milli sərhədlərin bərpası"; İtaliyada neoçuçxelik, Yunanıstanda və Portuqaliyada "özünə qapanma" idefikslərinə dönüb.

Bizim müxalifət liderlərisə hələ də marazmatik ideyaların kölgələrinin süründüyü səhnədə "massovka"nı ifa edirlər...

...  "Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir".

Əsl ad və soyadı Marion Ann Perrin Le Pen olan fransız siyasətçi, ölkənin ifrat sağçı və irqçi siyasətçisi Jan-Mari Le Penin qızı Mari Le Pen belə demişdi.

Fransadakı ermənilərin "Nouvelles dchr("39")Arménie" jurnalına müsahibəsində aşkar ermənipərəst mövqe tutan Mari Le Pen "Fransa Milli Cəbhəsi" partiyasının sədridir və ölkədə keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılıb.

Onun sözlərinə görə, sabiq Sovetlər Birliyində respublikalar arasındakı sərhədlər çox sürətlə, heç bir təhlil olmadan beynəlxalq sərhədlərə çevrilib.

"Dağlıq Qarabağın müstəqilliyi variantı ilə müqayisədə onun Ermənistana birləşməsi daha məqbul variantdır. Ümumiyyətlə, düşünürəm ki, Fransa Şərqdə xristianların müdafiəçisi kimi lider mövqeyini geri qaytarmalıdır", - söyləyən Le Pen qondarma "erməni soyqırımı"nı da unutmadığını deyib: "O hadisələrdə həlak olmuş ermənilərin xatirələrini sayğı ilə anıram. 1915-ci ildə Türkiyədən qaçan ermənilərin bir qisminin Fransaya gəlməsi ölkə həyatında önəmli hadisə oldu. Birinci Dünya Savaşından sonra Fransanın bərpasında mühüm rol oynamış ermənilər cəmiyyətimizə nümunəvi şəkildə assimilyasiya oldular".

Fransa prezidentliyinə iddialı olan siyasətçinin belə açıqlamasından sonra Azərbaycan nə etməlidir? Aşkar islamofobiya, ksenofobiya, antisemitizm, miqrantlara nifrət və bu kimi radikallığın, irqçiliyin və dözülməzliyin toplusundan ibarət siyasəti şüarlara xırdalayan Marin Le Pen, əslində, aşkar neonasist olmaqla yanaşı, erməniləri dəstəklədiyini və eyni zamanda, ermənilərdən dəstək aldığını da göstərir.

Çəkinmədən, nümayişkarcasına.

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması məqsədilə ATƏT-in yaratdığı Minsk Qrupunda Fransanın həmsədr ölkə olduğunu nəzərə alsaq, Le Penin qələbəsi Bakıya nə vəd edir?!

Sualın cavabı çox sadədir: yaxşı heç nə.

Marin Le Pen Fransanın Avropa Birliyindən çıxmasını, miqrantların ölkədən qovulmasını, ölkənin "əvvəlki sərhədlərinin bərpası" tələb edə bilər: lakin onun Dağlıq Qarabağdakı erməni separatçılarını dəstəkləməsi rəsmi Parisin ən pis perspektivdə, ümumiyyətlə, milli və dini zəmində terrorla aqressiv separatizmə dəstək verəcək ölkəyə çevrilməsi deməkdir.

Le Penin qələbəsi Fransanı Avropa Birliyi ölkəsi müstəvisindən çıxararaq separatizmin ideoloji dayağına çevirəcək və belədə, Avropadakı separatçılar daha da aqressivləşəcəklər.

Zərbə ilk əvvəl elə Fransanın özünə dəyəcək: Korsikanın Fransadan ayrılmasını, Sardiniya adasından "qoparılmış ərazi"lərin qaytarılmasını, Qaskoniya və Lanqedokun "müstəqillik çağırışları"nın reallaşmasını Le Pen körükləyə bilər.

İslama və Fransadakı etnik müsəlmanlara nifrətini əsla gizlətməyən Le Pen prezident seçilərsə, Fransada necə toqquşmaların, qarşıdurmaların yaranacağını təxminləmək də çətin deyil.

Və belədə, neonasist Marin Le Penin prezident olacağı ermənilərin rəsmi Parisin siyasətinə təsirinin dəfələrlə artacağı ölkəyə dönəcək Fransa hansı haqla, hüquqla və mənəvi orientirlərlə Minsk Qrupunda həmsədr ölkə funksiyasını yerinə yetirə bilər?

Fransa indiyədək Dağlıq Qarabağ məsələsində nisbi neytrallığını, obyektivliyini qorumağa çalışırdı və rəsmi Paris heç bir halda münaqişə tərəflərindən hər hansı birinə üstünlük vermirdi.

Təbii, işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanın bərabər tutulması diplomatik absurd, bütün yazılmış və yazılmamış qanunlara zidd olsa da, rəsmi Parisin mövqeyi anlaşılandı: Fransa özünü neytral, Bakı və İrəvandan eyni məsafədə duran arbitr təki təqdim edirdi.

Marin Le Penin qələbəsi isə erməni işğalçılığının, separtizminin və terroçuluğunun dəstəklənməsi deməkdir.

Ən azı ona görə ki, son 26 ildə Fransada prezidentliyə namizədlərdən kimsə Ermənistanın dövlət terroru siyasətini, Dağlıq Qarabağdakı ermənilərin separitizmini belə siyasi divident mənbəyinə döndərməmişdi.

Le Penin qələbəsi Azərbaycan üçün birmənalı olaraq Fransanın Minsk Qrupunda həmsədr ölkə statusundan mərhum edilməsi istiqamətində konkret və təxirəsalınmaz addımların atılması üçün siqnaldır.

Hələliksə mayın 7-ni, Fransada prezident seçkilərinin ikinci turunu gözləyək.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.