Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı

Day.Az представляет новость на азербайджанском языке

Bu yaxınlarda Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xüsusi bir uğura imza atılıb. Belə ki, azərbaycanlı gənc Kamran Səfərəlizadə Amerikada UNESCO Sülh Mərkəzi (UNESCO Center for Peace) və UNESCO Klubları, Mərkəzləri və Asossiyasiyalarının Birləşmiş Ştatlar Federasiyası (U.S. Federation of UNESCO Clubs, Centers and Associations) tərəfindən təşkil edilmiş UNESCO klubları 2017 Dünya üzrə Gənclərin Multimediya Yarışmasında (UNESCO Clubs 2017 Worldwide Youth Multimedia Contest) ölkəmizi təmsil edərək, hazırladığı video-animasiya ilə ilk 10-luğa daxil olmağı bacarıb. "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqında Multimediya Menecer vəzifəsində çalışan Kamran Səfərəlizadə, eyni zamanda, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsidir.

Milli.Az bildirir ki, gənc yaşında belə bir uğura imza ataraq Kamran beynəlxalq yarışmalarda ilk dəfə olaraq Azərbaycanı "hərəkətli qrafik dizayn" (motion graphic design) ilə təmsil etməyi bacarıb. 76 ölkə və 600-dən çox iştirakçının arasından finala yüksələrək ilk 10-luğa daxil olan gəncimiz yarışmanın mövzusuna uyğun olaraq öz videosunda, qaçqınların probleminin qlobal problemə çevrilməsini və həlli yollarını "hərəkətli qrafik dizayn" (motion graphic design) vasitəsilə göstərməyə çalışıb. Bundan əlavə video-animasiyada Azərbaycanın qaçqın və məcburi köçkün problemi də öz əksini tapmış, 1947-ci ildən başlayan Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası prosesləri də qabarıq şəkildə göstərilib.

Video-animasiya ilə UNESCO-nun diqqətini özünə cəlb etməyi bacaran Kamran Səfərəlizadə bununla bağlı fikirlərini bölüşüb: "Əlbəttə ki, dünya üzrə 700-ə yaxın iştirakçı arasından ilk 10-luğa düşmək çox sevindirici haldır. Amma bundan da önəmlisi Azərbaycanın daxili probleminin beynəlxalq dərəcədə qəbul edilib, tanınmasıdır. Bu yarışmanın elanını gördükdə mövzunun birbaşa olaraq Azərbaycana da aid olması məndə bu yarışmaya qatılmaq üçün böyük bir motivasiya yaratdı. Bu video-animasiya özündə bir çox informasiyanı daşıyır. Dünya üzrə qaçqınların problemi, tarixi və müasir aspektdən baxış bu videoda öz əksini tapır. UNESCO-dan mənə göndərilən rəsmi məktubda qeyd edilirdi ki, bu video-animasiya dünyanın hər yerində nümayiş olunacaq. Belə çıxır ki, ölkəmizin bu problemi ilə dünyanın bir çox yerlərində yaşayan insanlar da tanış olacaqlar. Azərbaycanın adının okeanın o tayında - Amerikada və dünyanın bir çox ölkələsində səslənməsi məndə böyük bir qürur hissi yaradır. Mənim üçün ən gözəl müküfat da məhz dünyanın bir çox ölkəsində Azərbaycan adının səslənməsində mənim də payımın olmasıdır. Bu təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı