Erməni təxribatı - "Ekstremal turizmlə" başlayacaqlar, sonra ardı gələcək

Day.Az представляет новость на азербайджанском языке

Erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da qoyublar - ekstremal turizm. Bu, təxribatdır!

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, ermənilərin əlində olan vasitələrdən istifadə edə bilməməsi onları əsəbiləşdirir: "Xocalı hava limanını neçə il əvvəl təmir ediblər, zəruri avadanlıqlar yerləşdiriblər. Ancaq uçuşlara başlaya bilmirlər, çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək bildirib ki, Dağlıq Qarabağın hava məkanı Azərbaycana aiddir və icazəsiz uçuşlar həyata keçirilə bilməz. Buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edə bilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər".

Politoloqun fikrincə, Azərbaycan XİN dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını və bunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır: "Ermənilər təyyarə reyslərinə "ekstremal turizmlə" başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə ardı gələcək. Buna yol vermək olmaz!"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.