"Azərbaycanın 5 min illik dövlətçilik tarixi var"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir"

"Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 28 May - Respublika Gününə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" adlı konfransda deyib.

İnstitutdan Day.Az-a verilən məlumata görə, akademik Y.Mahmudov bildirib ki, Azərbaycan xalqı imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: "Azərbaycanın 5 min illik dövlətçilik tarixi var".

İnstitut direktoru qeyd edib ki, türkçülüyün vətəni Azərbaycandır: "Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır. İlk dəfə üçrəngli bayraq ideyası da məhz Azərbaycanda doğulub. Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb".

Tarixçi-alim deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Ona görə də tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır.

Akademik qeyd edib ki, 28 May Şərqin və türk dünyasının tarixində çox böyük gündür: "Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Biz bütün Şərq üçün nümunə göstərdik. Azərbaycandan 5 il sonra Türkiyə də cümhuriyyət yaratdı".

Konfransda Suraxanı rayon İcra hakimiyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Ağacan Abıyev və başqaları çıxış ediblər.

Qeyd edək ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" adlı konfrans 4 qurumun - Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın Tarix İnstitutunun, Suraxanı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.