Əli Həsənov: "Azərbaycanla Ermənistan arasında ortaq mövqelər gec-tez tapılacaq"

19 июня 2017 14:55

Day.Az представляет новость на азербайджанском языке

Əks təqdirdə, müharibə qaçılmazdır!

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe həmsədrlərə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmalıdır".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistandan sonra Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan regionda konstruktiv sülhə nail olunmağın tərəfdarıdır: "Əlbəttə, biz kompromisi də, həmsədr ölkələrin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini də anlayırıq, amma əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir ki, biz ondan heç vaxt vaz keçməyəcəyik. Cənab prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək. Biz, eyni zamanda, bölgədə konstruktiv sülhə nail olmağa hazırıq".

Prezidentin köməkçisinin sözlərinə görə, Minsk qrupu həmsədrlərinin Azərbaycana növbəti səfəri də vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişlərə nail olunmasına xidmət edir: "Hesab edirik ki, hər bir görüş - istər ikitərəfli formatda olsun, istər həmsədrlərin iştirakı ilə olsun, istər dövlət başçılıarının görüşləri olsun, istərsə də xarici işlər nazirlərinin görüşü olsun, bunların əksəriyyəti ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaqdır. Əks təqdirdə, müharibə qaçılmazdır! Dağlıq Qarabağ və işğal altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunacağı faktı qaçılmazdır!"

Prezidentin köməkçisi son günlər Ermənistan cəbhədə törətdiyi təxribatların intensivləşməsi ilə də bağlı fikirlərini açıqlayıb: "Ermənistanın təcavüzkar siyasəti həmişə davam edib, heç vaxt bu siyasətə ara verməyiblər. Sadəcə olaraq, bəlli məqamlarda bir az geri çəkilib, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar. Amma bütövlükdə ötən əsrin 90-cı illərindən başlayaraq bu günə qədər bir dəfə də ermənilərin bu məsələdə təxribatsız ötüşdüyünün şahidi olmamışıq. Onlar davamlı olaraq təxribata əl atırlar. Xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı zamanlarda belə təxribatlara əl atırlar, cəbhə bölgəsində qarşıdurmanı gücləndirməyə, bu fonda həm beynəlxalq aləmdə anti-Azərbaycan mövqelərini gücləndirməyə, digər tərfədən əhalinin ölkə daxilində Ermənistan hakimiyyətinə, idarəçilik rejiminə qarşı olan narazılığını ört-basdır etməyə çalışırlar. Ona görə də biz hal-hazırda cəbhədə baş verənləri də əvvəlki təxribatlar kimi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndiririk".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.