Elmar Məmmədyarov: "Bu səfər ikitərəfli əlaqələrin bütün sahələrində inkişafa töhfə verəcək"

Day.Az представляет новость на азербайджанском языке

18-20 iyun 2017-ci il tarixində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycanda rəsmi səfərdədir.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində S.Kommasit Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edildi, Baş Nazir Artur Rəsi-zadə, Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşdü.

Nazir S.Kommasit Fəxri Xiyabanı ziyarət etdi və Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu. Həmçinin Şəhidlər Xiyabanını ziyarət edən S.Kommasit şəhidlərimizin xatirəsini ehtiramla anaraq, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoydu.

Səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və S.Kommasitin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirildi.

Nazirlər Azərbaycan və Laos arasında bütün sahələrdə əməkdaşlığın yenilənməsi və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar. Bu xüsusda, onlar yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini qeyd etdilər. E.Məmmədyarov S.Kommasitin səfərinin Azərbaycan və Laos arasında ilk rəsmi səfər olduğunu deyərək, bu səfərin ikitərəfli əlaqələrin bütün sahələrində inkişafa töhfə verəcəyinə əminliyini ifadə etdi.

Nazirlər həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlər inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviqi barəsində danışdılar.

Daha sonra tərəflər ikitərəfli münasibətlərin perspektiv vəd edən istiqamətlərinin müəyyənləşdirilməsi üzrə geniş fikir mübadiləsi apardılar və iqtisadiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirdilər. Onlar bu imkanların üzə çıxarılması baxımından hər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması və biznes forumların təşkil edilməsinə dair ortaq mövqelərini bölüşdülər. Onlar İkitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi apardılar.

Nazirlər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Tərəflər iki ölkə arasında beynəlxalq təsisatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barəsində məlumat verdi. Nazirlər münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə dəstəyi bəyan etdilər.

Görüşdə həmçinin "Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş" imzalandı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.