Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası üzrə səsvermə prosesi başlandı

20 июня 2017 00:34

Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin artıq bu gündən başlandığını və bu prosesin 18 iyul 2017-ci il tarixində tamamlanacağını açıqlayıb.

Day.Az xəbər verir ki, ABB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar təqdim edilir:

Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son üç ildə başlayacaq. Bu, əvvəl son iki il olaraq müəyyənləşdirilmişdi.

Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.

"İlk gələn - ilk seçən" mexanizmi də "ilk 11 iş günü müraciət" edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.

Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:

Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.

Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.