Astanada beynəlxalq konfrans çərçivəsində “Molla Pənah Vaqif” kitabının təqdimatı olub

Day.Az представляет новость на азербайджанском языке

Astanada "Oxuyan dünyada oxuyan millət" adlı beynəlxalq simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransı keçirilir.

Qazaxıstan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransın məqsədi türk mədəniyyətinin təbliği, türkdilli dövlətlərin milli kitabxanaları arasında dil və tarixi əsasda əməkdaşlığın inkişafı, məlumat mübadiləsi, müasir layihələrin reallaşdırılmasıdır.

Konfransda türkdilli dövlətlərin kitabxanalarının bazalarının artırılması məsələləri müzakirə edilib.

Tədbirin moderatoru M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov "Azərbaycan kitabxanası bu gün" mövzusunda çıxış edib.

Konfrans çərçivəsində akademik Nizami Cəfərovun "Molla Pənah Vaqif" kitabının təqdimatı keçirilib.

Kərim Tahirov TÜRKSOY-un 2017-ci ili "Molla Pənah Vaqif ili" elan etdiyini xatırladıb.

Çıxış edən TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov Molla Pənah Vaqifin əsərlərinin bir necə dilə tərcümə olunması ilə bağlı işlərin aparıldığını bildirib.

Müəllif Nizami Cəfərov kitabda Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dünyagörüşündən bəhs edildiyini söyləyib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransda "Sosial-mədəni mühitdə tarixi muzeylərin yetişməkdə olan nəslin formalaşmasına təsiri" mövzusunda çıxış edib.

Yekunda türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransının nizamnaməsi imzalanıb.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova minnətdarlıq diplomu təqdim edilib.

AZƏRTAC

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.