Narkotik qaçaqmalçılarına hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке.


Şirvan Apelyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Şəmsəli Dustar Zəngir oğlu və Nuri Davud Əziz oğlunun cinayət işi üzrə məhkəmə başa çatıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun apelyasiya protesti və təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib.
 

Qərara görə, İran vətəndaşları olan təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şiakyətlərinin də təmin etməyib.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəmsəli Dustar 12 il, Nuri Davud 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İran İslam Respublikasının vətəndaşları - 34 yaşlı Şəmsəli Dustar və 32 yaşlı Davud Nuri ötən ilin aprelin 9-da dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə gətirdikləri müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs yaxalanıb, onlardan 10 kiloqram həşiş və soyuq silah olan 1 ədəd xəncər götürülüb.
 

Araşdırma zamanı müəyyən edilib ki, Şəmsəli Dustar və Davud Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf ediblər.