Baş kəsən qızla bağlı inanılmaz məlumatlar
Day.Az представляет новость на азербайджанском языке.

Xətaidəki qətli törədən Pərvanə Nuriyeva: "Bacımın cinsi azlıq olduğu mənə təsir edirdi".

Oktyabrın 22-də Bakıda bütün ölkəni sarsıdan bir olay baş verdi. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 "a" mənzil 39-da 20 yaşlı Günel Nuriyevanın başı kəsilmiş meyiti aşkarlandı. Sonradan məhkəmə tibb ekspertləri G.Nuriyevanın bədəni üzərində çoxsaylı bıçaq xəsarətləri də aşkarladılar. Bu qorxunc olaydan məlumat alan hər kəsi düşündürən bir sual vardı - musiqi məktəbinin tələbəsi olan qızı bu cür amansızlıqla kim qətlə yetirib?

İlkin versiya kimi tələbənin onu sevən oğlan tərəfindən öldürülməsi nəzərdən keçirilib. Mənzilə oğrunun girdiyi və tələbə qızla rastlaşaraq onu öldürmək qərarına gəldiyi versiyası da araşdırılıb.

İstintaqçılar ilkin olaraq G.Nuriyevanın təmasda olduğu şəxslərin əhatə dairəsini müəyyən etmək üçün telefonunu axtarıblar. Lakin telefon G.Nuriyevanın qan gölməçəsində aşkarlandığı mənzildə tapılmayıb.

Həmin dəqiqələrdə onun bacısı Pərvanə Nuriyeva da qanlı olayın baş verdiyi mənzilin qarşısına gələrək içəri daxil olmaq istəyib. Lakin mənzilin qarşısında olan polis əməkdaşları onu içəri buraxmayıblar. O, mənzilə polis çağırmış əkiz bacısı ilə istintaqçıların mənzildə zəruri istintaq hərəkətlərinin başa çatdırmasını gözləyiblər.

Nuriyevalar 3 bacıdırlar. Onların atası Etibar Nuriyev uzun illər "Aqrarsənaye" İstehsalat Birliyində çalışıb.

Şəki Sahibkarlıq Assosiasiyasının, Respublika Sahibkarlar Konfederasiyasının və Şəki bələdiyyəsinin üzvüdür. E.Nuriyevi tanıyanlar onun qızının belə bir qətl törətdiyinə inana bilmirlər. Maddi imkanları yaxşı olan E.Nuriyev hər 3 qızının əziyyət çəkmədən Bakıda təhsil almaları üçün qanlı olayın baş verdiyi ünvanda illər öncə mənzil alıb.

Bacılar dindirilərkən P.Nuriyevanın əkiz bacısı deyib ki, təhsil aldığı məktəbdən evə qayıdandan sonra mənzilin qapısını öz açarı ilə açaraq içəri daxil olub. Evin dağınıq və koridorda qan ləkələrinin olmasını görüncə qışqıraraq çölə qaçıb. Telefonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və gördüklərini danışıb. Həmin vaxt onun qışqırıq səsini eşidən binanın komendantı da Xətai Rayon Polis İdarəsinə zəng vurub. Əraziyə gələn polis mənzildəki yataq otağında Günel Nuriyevanın boğazı kəsilmiş meyitini aşkarlayıb. İstintaq-əməliyyat qrupu hadisə yerini müayinə edərək G.Nuriyevanın qatili ilə əlbəyaxa olması qənaətinə gəliblər.

Həmin dəqiqələrdə Pərvanə Nuriyeva mənzilə daxil olmağa can atıb. Lakin onun və əkiz bacısının psixoloji travma almaması üçün içəri buraxmayıblar. P.Nuriyevanın qeyri-adi davranışları əkiz bacıları ayrı-ayrılıqda dindirən istintaqçıların diqqətindən qaçmayıb. Mənzilin qarşısında dayanan polis əməkdaşları da əkizlərdən birinin reaksiyalarının adekvat olmadığını müşahidə ediblər və bunu istintaqçılara deyiblər. İstintaqçılar isə 19 yaşlı bir qızın belə amansız qətli törədəcəyinə, həm də öz doğma bacısına qarşı edəcəyinə inanmaq istəməyiblər. Amma hər ehtimala qarşı bu versiyanı da yoxlamağa qərar veriblər.

Bir neçə çarpaz dindirmə P.Nuriyevanın acı etirafını ortaya çıxarıb. O, doğma bacısını cinsi azlıq nümayəndəsi olmasından şübhələndiyinə görə öldürdüyünü deyib. Bildirib ki, evə digər qızları gətirməsinə etiraz edib və bu əməllərinə son qoymasını tələb edib. Lakin bacısı onun xəbərdarlığına məhəl qoymayıb. Hadisədən bir qədər əvvəl isə yenidən bacılar bu mövzuda söhbətə başlayıblar. Həmin vaxt divanda uzanan G.Nuriyeva bacısından onun işlərinə qarışmamasını tələb edib. Onun əlində bıçaq üstünə gəldiyini görüncə isə digər otağa qaçmaq istəyib. Həmin vaxt P.Nuriyeva bacısına qolundan, ardınca isə belindən bir neçə bıçaq xəsarəti yetirib. Sonradan isə çapaladığını görərək əl-qolunu bağlayıb.

G.Nuriyeva istintaqçılara bacısının boğazını necə kəsdiyini də danışıb. Deyib ki, bacısı ilə mənzildə süpürləşmə zamanı stolun üstündən düşərək sınan vazanın qırığını götürərək onun boğazını kəsib. Soyuqqanlı qatil bunu bacısının ölümünə əminlik üçün etdiyini də açıqlayıb. Bundan sonra qanlı paltarlarını soyunaraq paltaryuyan maşına qoyub və heç nə olmamış kimi mənzili tərk edib. Öldürdüyü bacısının telefonunu da götürərək sim-kartını da sındırıb.

"Bacımın hərəkətləri məndə şübhə yaradırdı. Normal hərəkətlər etmirdi. Hər gün evə qızlar gətirirdi. Onun cinsi azlıq olduğu mənə təsir edirdi. Bu səbəbdən də tez-tez mübahisəmiz düşürdü. Sonuncu dəfə özümü saxlaya bilmədim, öldürmək məcburiyyətində qaldım", - deyə 19 yaşlı qız ifadəsində qanlı qətli törətdiyini etiraf edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amasızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

"Yeni Müsavat"