Kinoşünas Aydın Kazımzadə: "Bizim ən böyük qazancımız "Cavad xan"dır"
Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.
Xəbər verildiyi kimi, may ayından etibarən telekanallarda xarici serialların yayımı dayandırılacaq. Kino işçilərinin əksəriyyəti bu fikirlə razılaşmasalar da, nə etməli, qərar belədir?
Lakin öz milli seriallarımız çəkilirmi və ya çəkilən seriallar efirlərdə layiqincə təbliğ oluna, tamaşaçı zövqünü oxşaya biləcəkmi? Tanınmış kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu məsələ ilə bağlı "Olaylar"a müsahibə verib.
- Belə bir qərar o zaman yaxşı hesab olunar ki, xarici serialların hamısı pis ola. Bəlkə xaricdən elə yaxşı serial gələcək ki, çox maraqlı və keyfiyyətli olacaq? Deməli, bu qərara görə, onun ekranlarda yayımlanmasına mane olacaqlar? Mənə elə gəlir ki, serialları bütünlüklə kəsib dağıtmaq olmaz. Bu baxımdan bədii şura, komissiyanın yaranmasına böyük ehtiyac var. Əvvəllər Moskvada "Soveksportfilm" var idi. "Soveksportfilm" SSRİ-də çəkilmiş filmləri seçirdi, onları xaricə təklif edirdi. Xaric də həmin filmləri alırdı. Həmin bu komissiyanın üzvləri sonra özləri gedirdilər xarici ölkələrdə əcnəbi filmlərə baxırdılar, sovet ekranı üçün yararlı olan filmləri seçib alırdılar. Amma indi bütünlüklə vurub-dağıtmaq ki, xarici seriallar yayımlanmasın, bu düzgün deyil.
Mən Moskvadan seriallara baxıram. O qədər gözəl seriallardır ki, indi həmin seriallar Bakıya gəlsə, demək, onları göstərmək olmaz? Qaldı milli seriallarımızın çəkilməsinə, o seriallar tamaşaçıların zövqünü tamamilə korlayacaq. Bu cür seriallar yayımlanmamışdan əvvəl ilk öncə mövzularına diqqət yetirilməlidir. Unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Bizə milli vətənpərvərlik ruhunda çəkilən seriallar, filmlər daha çox lazımdır. ANS telekanalında bu cür seriallar çəkilir. Və tamaşaçılar da bu mövzularda olan serialları maraqla izləyirlər.
Bu gün filmləri professionallıqdan uzaq olan şəxslər çəkirlər. İstər aktyor oyunu olsun, istər rejissor çəkilişlərində qeyri-peşəkarlıq aydın hiss olunur. Mən düşünürəm ki, onları başlı-başına buraxmaq olmaz. Hər televiziya istədiyini etməlidir? Demokratiya demokratiyadır, amma bu dərəcədə yox. Hər halda sənətə nəzarət olmalıdır. Bugünkü seriallar birgünlük mahnıya bənzəyir. Baxırsan, səhər yadından çıxır. Və ya serialda qoyulan məsələlər də peşəkar olmalıdır.
- Aydın müəllim, kinoşünas kimi özünüzün əvvəldən axıradək izlədiyiniz serial varmı?
- Mənim seriallara baxmağa o qədər də vaxtım yoxdur. Moskvanın kanallarına baxanda hərdən görürəm çox təsirli seriallar yayımlanır. İstər-istəməz baxıram. Amma bu nadir hallarda olur.
- Lakin etiraf edək ki, xarici serialların heç də hamısı insan psixologiyasına müsbət təsir etmir.
- Təbii ki, mövzular müxtəlifdir. Seriallarda gənclərin, xüsusilə gənc qızların əxlaqını pozan nüanslar daha çoxdur. Ona görə də seriallara baxan qızlar istər-istəməz həmin qəhrəmanın təsiri altına düşür. Özlərini ona oxşatmağa çalışırlar. Bizim xalqın mənfi cəhəti odur ki, pisi tez götürür. Düzdür, bunlar dəfələrlə tənqid olunsa da tənqiddən daha çox cəlbedici olurlar. Cavanlar həyatda da həmin mənfi qəhrəmanın yolu ilə getməyə başlayırlar. Kimi həyat yoldaşından boşanır, kimi təsir altına düşür. Bizim ən böyük bədbəxtliyimiz də budur.
- Bir serialın uzun müddət ekranlarda yayımına münasibətiniz necədir?
- Bu, çox mənasız prosesdir. Serial bir ildən çox davam edirsə, onda bu, serial deyil, tamaşaçıların səmərəli vaxtlarını onlardan almaq deməkdir. Serialın hətta iki il ekranlarda yayımı mənasız və heç kimə lazım olmayan prosesdir. Rus telekanallarında çox seriyadan ibarət seriallar yayımlanır. Amma onların çəkilişlərinə, aktyor oyununa, rejissor işinə diqqət yetirin. Görün nə qədər keyfiyyətli iş təqdim edirlər. Onlar hər yoldan keçəni seriala çəkmirlər. Rus seriallarında böyük peşəkarlıq var. Bizə bugünkü şəraitdə uzun-uzadı bəsit seriallar lazım deyil. Bizə bu gün hərbi vətənpərvərlik mövzusunda, müharibədən bəhs edən seriallar lazımdır.
- Sizcə, bu gün müstəqil Azərbaycan kinosu nə itirib və nələri qazanıb?
- Azərbaycan müstəqilliyini qazandığı kimi, müstəqil kinosunu da qazanıb. Bu, böyük xoşbəxtlikdir ki, bu gün istədiyimizi çəkə bilirik. Bizim ən böyük qazancımız Cavad xandır. Hansı ki, sovet dövründə onun adını belə çəkməyə icazə vermirdilər. İlyas Əfəndiyevin əsəri əsasında çəkilmiş "Hökmdarın taleyi" kimi fimləri sovet vaxtında çəkməyə icazə vermirdilər. Sovet vaxtında "Fətəli xan"ı çəkdilər. Aqibəti nə oldu? Kəsib-doğradılar, sovet ideologiyasına uyğun şəkildə 10 ildən sonra efirə buraxldılar.
Bizim nailiyyətimiz ondadır ki, Azərbaycan kinosu sovet kinosunun tərkib hissəsində deyil. Azərbaycan kinosu dünya kinosunun tərkib hissəsidir və get-gedə Azərbaycan kinosu dünyəviləşir. Mən internetdə kino ilə bağlı yazılan yazılara inanmıram. Nəinki internet səhifələrində, hətta qəzetdə çıxan məqalələrdə də kino ilə bağlı təhriflərə yol verilir. Azərbaycan kinosu bu gün disk şəklində də satılır. İnternet vasitəsilə də təbliğ olunur. Bu çox yaxşı haldır. Bu gün Nizami Kino Mərkəzində bütün köhnə Azərbaycan filmlərini izləmək imkanımız var. Mən istəyərdim insanlar kinoteatra getsinlər və məlumatlı olsunlar ki, bu gün Azərbaycanda hansı filmlər ərsəyə gəlir? Azərbaycanda çox filmlər çəkilir. Amma onları göstərməyə çox vaxt imkan olmur. Həmin o böyüklü-kiçikli, qısametrajlı, irimetrajlı bədii, sənədli, animasiya kinosu - hamısını yenicə təmirdən çıxmış Nizami Kino Mərkəzində göstərəcəklər.
- Aydın müəllim, sovet kino tarixinə nəzər saldıqda Adil İsgəndərov, Şahmar Ələkbərov, Ağasadıq Gəraybəyli və bir çox kino şəxsiyyətlərini xatırlamaq olar. Bəs bu gün kimlər var tarixdə qalası?
- Çox çətin sualdır... Nəsillər davam edir. Amma o korifeylər, demək olar ki, bu gün həyatda yoxdur. Amma yenə də həyat davam edir. Vaxtilə Azərbaycanda bəstəkarlar dünyaya meydan oxuyurdular. Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Cövdət Hacıyev, Süleyman Ələsgərov. Bu gün o bəstəkarlar yoxdur. Amma onları əvəz edən nəsil var. Bu şəcərənin davamı var. Bu gün Qara Qarayev, Fikrət Əmirov yoxdur. Amma orta nəsil var. Artıq orta nəsil yaşlaşıb. Kinoda da bu eynilə belədir. Vaxtilə cavan olan aktyorlar bu gün artıq yaşlaşıblar. Təbii ki, öz sözlərini deyə bilənlər də var. Əlbəttə, istərdik ki, Ələsgər Ələkbərov, Fatma Qədri, Hökumə Qurbanova, Leyla Bədirbəyli kimi böyük sənətkarlarımız çox olsun.
- Köhnə filmlərimizin yenidən bərpa olunması sahəsində vəziyyət nə yerdədir?
- Köhnə filmlərin bərpası ilə Azərbaycan Dövlət Film Fondu məşğul olur. Xüsusilə Film Fondunun rəhbəri Cəmil Quliyev bu sahədə heç kimin görə bilmədiyi çox böyük işlər görür. Və onlarla film artıq bərpa olunub. Bu proses bu gün də davam edir. Sabah da dayanmadan davam edəcək. Əminəm ki, gələcək nəsillərə köhnə filmlərimizi olduğu kimi çatdıra biləcəyik. Azərbaycan Film Fondunda bu gün yüzlərlə film qorunur. Və bunlar hamısı bərpa olunub tədricən tamaşaçıların ixtiyarına veriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре