Səslərin tamaşası və unudulmuş janr

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Azərbaycanda ilk radio yayımı 1926-cı ildə reallaşıb. Bundan cəmi 5 il sonra Şərqdə ilk dəfə olaraq 1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radioteatr" yaradılıb. Radio tamaşaları dinləyicilər arasında çox maraqla qarşılanıb. Hətta qonşu ölkələrdən bu verilişlərə xeyli məktublar gəlirmiş. Bəs indi bu sahədə vəziyyət necədir? Bu yazımızı radioteatr mövzusuna həsr etmişik.

Şərqin ilk radiopyesinin adı və müəllifi

Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi cəmiyyətdə bir yenilik kimi çox maraqla qarşılanıb. Radio tamaşaları teatrın təbliğinə böyük töhfə verib. Azərbaycanın və Şərqin tarixində ilk dəfə radiotamaşa 1931-ci ilin dekabrında səsləndirilib. Radionun ilk əməkdaşlarının (Q.Qasımov və S.Nəcəfov) xatırladıqlarına görə bu, görkəmli dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" pyesi idi.

Tanınmış aktyorların iştirak etdiyi və 1931-ci ilin dekabrında efirdə səsləndirilən bu radiotamaşada A.M.Şərifzadə, Ü.Rəcəb kimi böyük sənətkarlarla yanaşı, radionun dram qrupunun üzvləri də iştirak etmişdilər. Diktorlardan Əsgər Mövsümzadə - Şeyx Abuzər, Səməd Səmədov - Uruz, Həsən Ağayev - Özdəmir, Soltan Nəcəfov isə Dəli Dərviş rolunu oynamışlar.

Həmin "tamaşa"dan sonra Azərbaycan radiosunda daha böyük ədəbi verilişlər efir üzü görməyə başladı. Tezliklə A.S.Puşkinin "Boris Qodunov" əsəri böyük uğurla radioda "göstərildi". Əsəri Azərbaycan dilinə M.S.Ordubadi tərcümə etmiş, "tamaşa"nı isə M.Mərdanov hazırlamışdı.

Azərbaycan teatrının radio epoxası

Bu uğurlu başlanğıcdan sonra C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Aydın", "1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", Mirzə Fətəli Axundovun "Hacı Qara", Əbdürrəhimbəy Haqverdiyevin "Dağılan tifaq" məşhur pyesləri dinləyicilərə təqdim edilib.

İlk radio tamaşaları birbaşa yayımla efirə verilib. 1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi Radioteatrın inkişafında yeni mərhələ açıb. Bu dövrdə Səməd Vurğunun "Xanlar", İlyas Əfəndiyevin "Bahar suları", Ənvər Məmmədxanlının "Şərqin səhəri", İmran Qasımovun "Xəzər üzərində şəfəq" pyesləri montaj edilərək efirdə səsləndirilib.

Daha sonra Cəfər Cabbarlının "Almaz" və "1905-ci ildə", Nəriman Nərimanovun "Bahadır və Sona", Süleyman Rəhimovun "Mehman", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Nikolay Vasilyeviç Qoqolun "Müfəttiş", Aleksandr Sergeyeviç Qriboyedovun "Ağıldan bəla", Puşkinin "Yevgeni Onegin", Şillerin "Vilhelm Tell", Corc Bayronun "Abidos gəlini" kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirib.

Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının, Nazim Hikmətin "Kəllə" əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov bu "tamaşa"nı radionun tələblərinə uyğunlaşdırdı.

Radioteatr tarixinə adları əbədi həkk olunanlar

Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində müxtəlif vəzifələrdə çalışmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli radioteatrın əhəmiyyətini belə ifadə edir:

"1930-cu ildə radioda ədəbi-dram verilişləri redaksiyası yaradılır. Bu, artıq bədii verilişləri müəyyən sistemə salmağa, o cümlədən efirə verilən kiçik səhnəciklərin sayını daha da artırmağa imkan verir.

Azərbaycan Dövlət Dram Teatrının aktyorları ilə yanaşı, radionun özündə yaradılan "Dram" qrupunun üzvləri də bu sahədə püxtələşdilər. Belə bir qrupun fəaliyyətə başlaması, həm 30-cu illərdə özünün qızıl dövrünü yaşayan Azərbaycan teatr sənətinin, bənzərsiz səhnə əsərlərinin efir vasitəsilə təbliği, həm də ayrı-ayrı nəsr və dram əsərlərinin səhnələşdirilməsində tarixi rol oynadı.

Azərbaycan radiosunda tezliklə radio tamaşaları yaradan bir sıra rejissor yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq Ismayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları.

İstedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi".

Radiotamaşalar dinləyiciləri maraqlandrırmı?

Mövzumuzla bağlı dinləyicilərin fikirlərini öyrənmək üçün sosial şəbəkələrin birində üzvlərə belə bir sualla müraciət etdik: "Radioteatra münasibətiniz necədir, sonuncu dəfə təxminən nə vaxt radioda pyes, roman, hekayə və ya nağıl dinləmisiniz, bu janrı nə dərəcədə vacib hesab edirsiniz"? Sorğumuza maraqlı cavablar aldıq.

Tale Həsənov: Doğrusu, hec yadımda deyil ki, sonuncu dəfə nə vaxt radiotamaşa dinləmişəm. Amma bildiyim bir məqam var - bu tip verilişlərin dinləyicisi az, lakin intellektual olur. Doğrusu, mən belə verilişlərin daha çox yeniyetmələr üçün hazırlanmasının tərəfdarıyam. Yeniyetmələrin qulağından qulaqcıqlar çıxmır. Məncə, gənclərin mobil telefon vasitəsi ilə həmin teatrları dinləmələri üçün yollar tapılmalıdır. Bu teatrların mövzusu və qəhramanları cəlbedici olmalıdır. Bu iş bir az zaman tələb edəcək, amma nəticə çox gözəl ola bilər.

Günel Muradova: Uşaq vaxtı radiodan dinlədiyim nağılları xatırlayıram. İndi heç bilmirəm belə radioverilişlər var, ya yox. Çünki, radionu ancaq avtobusla yolda olarkən dinləyirəm. Məncə belə verilişlər çox olsa yaxşı olar.

Kamran Suleymanov: Teatrı radioda dinləmək maraqlı deyil, çünki burada aktyorların mimikası, sözlərin insana təsiri aydın olmur. Ömrüm boyu radioteatr dinləməmişəm, mənə görə çox maraqsızdır.

Aygün Bünyatzadə: Sovet vaxtında radio teatrını mümkün olduğu qədər dinləyirdim və çox xoşum gəlirdi. Sonralar verilişlərin vaxtı tez-tez dəyişirdi deyə izləyə bilmədim. Xanımana Əlibəylinin "Anacan" əsərinin əsasında bir radiotamaşa vardı, uşaq evində böyüyən uşaqlara həsr olunmuşdu, elə maraqlı idi ki! Yəqin ki, Azərbaycan radiosunun arxivində köhnə radiopyeslər saxlanır, onları ən azı həftədə 1 dəfə təkrar versəydilər, doğrudan da, gənclərimiz üçün də əla proyekt olardı.

Bəhruz Hüseynov: Əvvəlcə, onu deyim ki, deyəsən heç radioda tamaşa dinləməmişəm, dinləmişəmsə də, yadımda qalmayıb. Radioda uzun müddət əvvəl dedektiv janrında hekayə dinləmişəm. Çox maraqlı idi. Tamaşanın necə alınacağını deyə bilmərəm, amma cəhd etməyə dəyər.

Laçın Mamışev: Radiotamaşalar radionağıllar qədər maraqlı səsləndirilsə, məmnuniyyətlə dinləyərdim. Məsələn, Eldost müəllimin səsləndirməsi kimi əla olsa, hamının xoşuna gələr. Radiohekayələr də maraqlıdır, təəssüf ki, az-az verirər.

Nail Zeynalov: Məncə radiolarda bu tip verilişləri tez-tez versələr, bəyənilən bir şey olar. Amma mən heç eşitməmişəm və rast gəlməmişəm, ona görə də bilmirəm necə olur.

Ruslan Rəhimov: Şəxsən mənim Azərbaycan radiosunda yayımlanan radio teatrlara ehtiyacım var. Mən hərdən dinləyirəm, amma hər dəfə vaxtım, imkanım olmur buna. Bunları internetə yerləşdirsələr, yaxşı olardı, istədiyimiz vaxt dinləyə bilərdik.

Aktyor: "Dinləmək oxumaqdan daha effektlidir"

Gənc aktyor Rafael Məmmədov radioteatrın təbliğinin vacib olduğunu düşünür: "Biz ailəlikcə radio həvəskarı olmuşuq, lap uşaqlıqdan Moskva və Bakı radiosunda tez-tez nağıl, hekayə, pyes dinləyirdik. İndi də, az-az olsa da dinləyirik. Xüsulə də uşaqlar üçün pyeslər, hekayələr və nağılları.

Mən arzu edərdm ki, radioda tez-tez belə verilişlər verilsin. İndi gənclərin çoxundan məşhur əsərləri soruşsan, bilməyəcək. Radioda roman, hekayə və pyeslərin səsləndirilməsi gənc nəslə həm özümüzün, həm də başqa ölkələrin klassik və müasir ədəbiyyatından xəbər tutmağa imkan yaradar".

Aktyor deyir ki, bəziləri, indi "vaxt yoxdur" deyə bəhanə edirlər, lakin radio çox zaman hansısa işə mane olmur, məsələn, ev işləri görərkən, həyətdə bitkiləri suvararkən, maşında yol gedərkən, televizor olmayan yerlərdə radio əvəzsizdir.

"İndi o vaxtkından daha çox imkan var radio dinləmək üçün. Radiocihazlar çox ucuz və hətta qələm ölçüsündədir. Telefonda, kompyuterdə və sair cihazların üzərində radioqəbuledici də olur. Mənə görə, hansısa hekayəni və ya pyesi kitabda, kompyuterdə oxumaqdan radioda dinləmək daha effektlidir. Əvvəla, bu gözləri qorumağa yardm edir, digər tərəfdən peşəkar səsləndirmə ilə əsəri daha yaxşı qavramaq olur".

Gələcək nəsillərə ötürüləcək irsimiz

Sonda fikirləri ümumiləşdirərək xüsusi vurğulamaq istəyirəm ki, Radioteatr bizim tarixi mədəni sərvətimizdir, onu qorumalı, yaşatmalı, təbliğ etməliyik. Radioda səsləndirilmiş pyeslər, hekayələr, romanlar, nağıllar xalqımızın qızıl səs fonduna daxildir, orta və yaşlı nəslə bu janr yaxşı tanışdır, amma gənc nəslə də onu çatdırmalıyıq.

Bu janrda yeni əsərlər yaradılmalı, bununla yanaşı, köhnə fondumuzdan da mütamadi yararlanmalıyıq. Çünki o tamaşalarda humanizm, zəhmətkeşlik, vicdanlılıq, elmkeşlik kimi gözəl xüsusiyyətlər təbliğ olunur.

Azərbaycan və dünya mədəniyyətini, ədəbiyyatını bu janr vasitəsilə təbliğ və təqdim etmək daha asan və effektlidir. Hətta, radiotamaşaların disklərini də buraxmaq olar və onları öz arxivində görmək istəyənlərin sayı çox olar.

Sürətlə elektronlaşan dünyada elektron informasiya və təbliğat materialları mühüm yer tutur. Bu dünyada bizim də tarixi ənənələrə əsaslanan mənəvi sərvətlərimiz var. Səslər dünyasının tarixində bizim də imzamız var.