Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi sona çatdı - FOTO

10 мая 2013 19:02 комментариев

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mən teatr haqqında danışmaq istəyirəm" layihəsinin yekun mərhələsinə həsr olunmuş təntənəli tədbir keçirilib.
 

Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov tədbir iştirakçılarını salamlayaraq layihənin keçirilməsi və məqsədi haqqında ətraflı məlumat verib. O bildirib ki, "Mən teatr haqqında danışmaq istəyirəm" qiraətçilərin baxış müsabiqəsi Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzi ilə birgə həyata keçirilib: "Layihə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu 18 may tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Teatrı 2009-2019 illərdə" Dövlət Proqramı, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileylərinə həsr olunub.

Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişaf mərhələləri, teatr sənətinin görkəmli sənətkarları, Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyası, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı haqqında məlumatları genişləndirmək və daha dolğun təsəvvür yaratmaqdır".

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, baxış müsabiqə ilkin olaraq Səbail rayon orta ümumtəhsil məktəbləri ilə birgə keçirilib. 2013-cü ilin mart ayından start götürən baxış müsabiqənin birinci mərhələsində sözügedən rayonda fəaliyyət göstərən 17 ümumtəhsil məktəbindən müxtəlif yaş kateqoriyalarını əhatə edən 300-dən yuxarı şagird iştirak edib. Onlardan münsiflər heyətinin qərarı ilə 58 şagird ikinci mərhələyə keçmək imkanı qazanıb. 30 aprel 2013-cü ildə "Mən teatr haqqında danışmaq istəyirəm" müsabiqəsinin ikinci mərhələsi baş tutub və münsiflər heyətinin yekdil qərarı ilə 58 şagirdən 3-ü qalib seçilib. Bu gün həmin qalib məktəblilər mükafatlandırılacaqlar.

M.Həmidov baxış müsabiqənin məktəblilərə teatr sevgisinin aşılanmasındakı müsbət əhəmiyyətini diqqətə çatdıraraq bildirib ki, baxışın həyata keçirilməsində 160 saylı klassik gimnaziya, 91, 190, 49, 329 saylı orta məktəblərin rəhbərləri və şagirdləri öz fəallıqları ilə seçiliblər. M.Həmidov layihədə əməyi keçən hər kəsə, bütün məktəblilərə və iştirakçılara öz dərin təşəkkürünü bildirib.

Tədbirdə Səbail rayonu 6 saylı orta məktəbin 10-cu sinif şagirdi Ayla Orucova, 160 saylı klassik gimnaziyanın 9-cu sinif şagirdləri Maya Novruzova və Leyla Bayramova qalib elan olunublar. Teatrın direktoru Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, Beynəlxalq ASSİTEJ-in baş katibi İvisa Simiç baxış müsabiqənin qaliblərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplom və mükafatlarını təqdim edib.

M.Həmidov daha sonra "Mən teatr haqqında danışmaq istəyirəm" adlı layihənin həyata keçirilməsində əməli dəstəyinə və fəal iştirakına görə Səbail Rayon İcra Hakimiyyəti elm, təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvü Pərvanə Kazımzadəyə, layihənin rəhbəri və reallaşmasında yaxından iştirakına görə teatrın baş redaktoru, əməkdar mədəniyyət işçisi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin baş katibi Səriyyə İsmayılovaya, habelə 160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova və 190 saylı orta məktəbin direktoru Afət Bakıxanovaya baxış müsabiqənin diplomlarını təqdim edib.

160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova çıxış edərək layihənin təqdirəlayiq olduğunu və vacib tərbiyəvi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, bu cür layihələrin məktəblilərin dünyagörüşlərinin formalaşması, teatr haqqında daha dolğun biliklər əldə etmələrinə yardımçı olduğunu söyləyib.

Daha sonra məktəblilər bədii proqramla çıxış ediblər. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məktəblilərin çıxışından sonra teatrın aktyorları - əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Güşvər Şərifova, Şəbnəm Hüseynova, Elnur Kərimov, Eşqin Quliyevin ifasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləmanın ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Onu zaman seçib" poeması əsasında Bəhram Osmanov tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

Böyütmək üçün şəkillərə klikləyin.