Azərbaycan və Tacikistan Milli Konservatoriyaları əməkdaşlıq edəcək - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

17 may tarixində Tacikistan Respublikasının Milli Konservatoriyasının binasında Azərbaycan Respublikasının Milli Konservatoriyası ilə Tacikistan Respublikasının Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında Saziş imzalandı.

Sazişi TR Milli Konservatoriyasının rektoru Racabmad Amirovla AR Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi imzaladılar.

İmzalanma mərasimində KİV nümayəndələri ilə yanaşı yerli disporanın nümayəndələri, hər iki ölkənin mədəniyyət, incəsənət adamları iştirak etdilər.

Müqavilənin imzalanma prosesində iştirak edən Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd etdi ki, mədəni tədbirlərin ikitərəfli münasibətlərin qurulmasında önəmi çox böyükdür. Azərbaycan musiqisinin zənginliyi bu sahədə əldə olunan təcrübə və peşəkarların səviyyəsi baxımından Tacikistan Respublikasının musiqiçilərinin Azərbaycanda təhsil alması marağı başa düşüləndir.

Daha sonra Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirov Tacikistan- Azərbaycan ədib və musiqiçilərinin tarixi əlaqələrindən danışdı. Son illər Azərbaycanda keçirilən Muğam musiqi festivallarında Sitora Karamatullonun önəmli yerlərdən birini qazandığını dedi. Cari ilin 10-12 may tarixlərində isə Azərbaycandan olan muğam qrupunun Tacikistanın "Şaşmakam" festival-simpozimundakı gözəl ifaları haqqında danışdı.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli bildirdi ki, imzalanan əməkdaşlıq sazişi 2014-cü ildə qüvvəyə minəcək və bundan sonra Tacikistan musiqiçilərinin Azərbaycanda, Azərbaycan musiqiçilərinin isə Tacikistanda tədris-təcrübə (tələbə, professor) mübadiləsi aparılacaq, birgə konsertlər təşkil olunacaqdır.

18 may 2013-cü ildə Azərbaycanın xalq artisti, AR Milli Konservatoriyasının professoru Mənsum İbrahimov, xalq artisti Nəzakət Teymurova Tacikistan Milli Konservatoriyasının tələbə və müəllim heyəti üçün ustad dərsləri keçdilər. TR Milli Konservatoriyasının müəllimi, Azərbaycan II Beynəlxalq Muğam Festivalının iştirakçısı Xurşed İbrahimovun "Qarabağ şikəstəsi"ni Azərbaycan dilində ifa etməsi dərin köklərə söykənən milli musiqilərimiz arasında yaxın bağların olmasından xəbər verməklə yanaşı Qarabaq fəryadının Tacikistanda səslənməsi demək idi.