Avstriyanın nüfuzlu “Kronen Zeitung“ qəzetində Vyanada açılmış “Bakıya uçuş” sərgisinə həsr olunmuş məqalə dərc olunmuşdur - FOTO Avstriyanın ən çox tirajlı mətbu orqanı - gündəlik "Kronen Zeitung" qəzetində Vyanada açılmış "Bakıya uçuş" sərgisinə həsr olunmuş "Yeni incəsənət dünyası" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalənin girişində qeyd olunmuşdur ki, Roma, Moskva, Berlin, London və Paris kimi böyük şəhərlər artıq uğurla bu səyyar sərgini qəbul etmişdir. Mayın 26-dək isə Vyananın mərkəzində yerləşən Vyana İncəsənət Tarixi Muzeyində həmin sərgiyə tamaşa etmək mümkündür. Qərbi Avropada müasir Azərbaycan incəsənətinin tanıdılması məqsədi ilə təşkil olunan səyyar sərgidəki əsərlər tamaşaçılar üçün yeni bir dünyaya qapı açmağa xidmət edir. Cənubi Qafqazda Xəzər dənizinin sahillərində yerləşən ölkənin 21 incəsənət xadiminin təqdim etdiyi rəngarəng, çoxşaxəli və abstrakt əsərlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa səyahətinə göndərilmişlər.

Məqalənin müəllifi sərgidə nümayiş olunan əsərlərin iç dünyasına vararaq yazır ki, muzeyin işıqlı salonlarında seyrçilərə rəngkarlıqdan tutmuş video və fotonun da daxil olduğu fərqli texnikaları özündə ehtiva edən bir incəsənət səhnəsi təqdim olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın açılış nitqində söylədiyi kimi, bu eksponatları nümayiş etdirməkdə məqsəd Azərbaycanın yaşı minilliklərlə ölçülən qədim ənənələri ilə müasirliyi arasındakı əlaqələri göstərmək, eləcə də incəsənət dünyasının diqqətini ölkənin avanqard sənətinə yönəltməkdən ibarətdir.

Məqalənin sonunda diqqətə çatdırılır ki, beynəlxalq aləmdə tanınmış kurator Herve Mikaeloff tərəfindən tərtib olunmuş sərgidə Leyla Əliyeva, Ağa Hüseynov, Aida Mahmudova, Mammad Mustafayev, Əli Həsənov və digər incəsənət xadimlərinin əsərləri sənətsevərlərin sərəncamına verilmişdir. Məqalədə, həmçinin sərginin mərkəzi əsərlərindən biri - Leyla Əliyevanın "Ürək ağrısı" tablosu böyük formatda təqdim olunmuşdur.

Xatırladaq ki, "Kronen Zeitung" dünyanın 100 ən böyük reytinqə malik olan qəzetləri arasında 45-ci yerdə qərarlaşmaqla, Avstriya əhalisinin üçdəbiri (təxminən 3 milyon nəfər) tərəfindən mütəmadi oxunur və hazırda gündəlik 800 min tirajla nəşr olunur.


Böyütmək üçün şəklə klikləyin.