Şəki Dram Teatrında yeniliklər

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki tarixən gülüşün, komediyanın beşiyi sayılıb. Azərbaycan komediyasında Şəki məktəbinin rolu əvəzsizdir. Ümumiyyətlə, Azərbaycan teatrı ilə Şəki teatrının yaranma tarixi də təxminən eyni dövrə təsadüf edir. Bəs hazırda Şəkidə Teatr hansı səviyyədədir?

Bu il Azərbaycanda peşəkar teatrın 140 illiyidir. Şəki teatrının təməli isə 1879-cu ildə qoyulub. Həmin il Şəkidə ilk dəfə maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulub. Özü də barama ambarında. Ancaq bəzi mütəxəssislərin rəyinə görə, Şəki teatrının tarixi daha qədimlərə gedib çıxır.

1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranıb və az müddət ərzində böyük uğurlar qazanıb. 1977-ci ildə Bolqar Dramaturgiyası Festivalında R.Stoyanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festivalın baş mükafatına layiq görülərək Bolqarıstana dəvət alıb. Bunun ardınca festivallarda ardıcıl çıxış edən teatr 140 ilə yaxın tarixi ilə Amerika, Avropa və Asiyada şöhrət qazanıb.

1973-cü ildə İpəkçilərin Mədəniyyət Sarayı kimi fəaliyyətə başlayan bu bina iki ildən sonra teatr kollektivinin ixtiyarına verilib. Bu teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanıb. 2011-ci ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasının əsaslı təmirinə başlanılıb. Təmir-tikinti işlərinə başlanmazdan öncə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər təşkilatların birgə səyi ilə teatrda aparılacaq yenidənqurma işlərinin layihəsi hazırlanıb. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməyib. Tamaşalar Səməd Vurğun adına Mədəniyyət Evində və Mingəçevir Dövlət Dram Teatrında səhnəyə qoyulub. Bu iki il ərzində yalnız uşaqlar üçün premyeralar qoyulub. Yaradıcı heyət potensialını təmirdən sonra var qüvvəsi ilə ortaya qoyacaq.

Premyeraya ciddi hazırlıq gedir. Hamının yayda istirahət etdiyi zaman aktyorlar vaxt itirmirlər. Truppa 2 illik fasilədən sonra anşlaq qazanmaq üçün var qüvvəsini ortaya qoyub. Vaxt elə də çox deyil. Artıq sentyabr ayında teatr binasının 3-cü zəngi çalınacaq və tamaşaçılar öz yerlərini tutacaqlar.