Gülay Hüseynova: "Rolumu 11-ci seriayadan sevməyə başladım" – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Ləkə" serialında baş rollardan birində çəkilən aktrisa Gülay Hüseynova seriala gəlməsi haqda maraqlı açıqlamalar verib. O, bu haqda Milli.Az-a danışıb:

""Ləkə" serialı mənim ilk irihəcmli və uzunmüddətli işimdir. Bundan öncə Ramiz Fətəliyevin bir filmində tibb bacısı rolunu oynamışdım. Daha sonralar isə reklam təklifləri aldım, moda ilə bağlı rubrikalarda çəkilməyə başladım. "Ləkə" serialına gəlməyim isə təsadüf nəticəsində oldu. Şəkilimi görüb bəyənmişdilər və həmin gün də məni kinostudiyaya çağırdılar. Rejissorumuz Kənan Mahmudovla görüşdük, mənə ssenarini təklif etdi, məşqsiz, filansız mən bu serialda baş rollardan birinə seçildim.

Serialda da adım Gülaydır. Amma həyatda olduğumdan fərqli bir xarakteri canlandırıram. Mən həyatda deyib-gülən biriyəm, serialdakı Gülay isə daha ciddi biridir. Serialda çox çalışqan, məsuliyyətli bir iş qadınıyam, əslində isə bir yerdə qərar tuta bilməyən və xasiyyətimlə əlaqədar olaraq daim sərbəst rejimli işlərdə çalışan biriyəm".

Aktrisa "Ləkə" ilə bağlı kiçik bir etiraf da edib:

""Ləkə" serialı mənə çox doğmadır. Həqiqətən, həyatımın önəmli bir hissəsinə çevrilib. Tamaşaçılarımızdan, aktyorlarımızdan xoş sözlər eşitdikcə seriala daha da bağlandığımı hiss edirəm. Bir şeyi vurğulamaq istəyirəm ki, hər hansı bir proyektin nə dərəcədə uğurlu olub-olmamasından çox məni o komandada və ya çəkiliş prosesi zamanı özümü nə dərəcədə yaxşı hiss etməyim maraqlandırır. "Ləkə"nin çəkilişlərində, həqiqətən, hüzurlu oluram. Kiçik bir etiraf edim ki, mən öz rolumu 11-ci seriayadan sevməyə başladım".

Фото: Milli.Az