Milli Teatrın təşəkkülündə Naxçıvan Teatrının rolu

Day.Az представляет новость на азербайджанском языке.
 

Naxçıvanda digər bölgələrlə müqayisədə XIX əsrdə təhsil və maarifçilik nisbətən inkişaf etmişdir. Naxçıvanda, Ordubadda, Şərurda, Culfada, hətta Nehrəm, Şahtaxtı və bu kimi digər iri kəndlərdə birsinifli, ikisinifli zemski və ikisinifli normal məktəblər vardı. Bu məktəbləri bitirən insanların bir qismi Qafqazdakı Qori Müəllimlər Seminariyasında, bəziləri Peterburqun, Moskvanın, Odessanın, Parisin ali məktəblərində müxtəlif sahələr üzrə təhsil almışdılar.

Maarifçilik ideyalarının təbliği üçün ziyalılar ən müxtəlif tədbirlərin həyata keçməsi uğrunda sözün əsl mənasında inamla çarpışırdılar. Onların səyi və təşəbbüsü ilə Naxçıvanda "Müsəlman dram və sənət cəmiyyəti" yaradıldı. Cəmiyyət ilk növbədə kitabxana açmaq işinə başladı. Burada maarifçi ziyalılar - Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Məhəmmədtağı Sidqi, Mirzə Əliməmməd Xəlilov, Nəsrulla Şeyxov və başqaları bir yerdə cəm olaraq əhalinin maariflənməsi uğrunda fəaliyyətə başladılar. Bu məqsədlə ilk növbədə şəhərdə kitabxana yaratmaq və teatr oynamaq qərarına gəldilər.

Teatr vermək üçün ilk növbədə bina axtarışına başlanıldı. Şəhərin Zaviyə məhəlləsində deputat Hacı Nəcəfə məxsus bir binanın xarabalığında səhnə tərtib olunur, hətta tamaşa üçün bilet satılır və o gün göstəriləcək tamaşaya 200-dən artıq insan gəlir. Beləliklə, 11 mart 1883-cü ildə Bakıda, Tiflisdə, İrəvanda olduğu kimi, Naxçıvanda da teatrın təşəkkülü Novruz bayramı ərəfəsində baş tutur. Naxçıvanda teatr sənətinin təşəkkülündə Eynəli bəy Sultanovun böyük rolu vardı. Fədakar maarifçilərin hazırladıqları Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" pyesi Naxçıvan teatrının bünövrəsini təşkil edib. Əldə olan arxiv sənədlərindən və maarifçilərin xatirələrindən bəlli olur ki, 1883-cü ildən başlayaraq Naxçıvan teatrının repertuarı başlıca olaraq Mirzə Fətəli Axundzadənin və Eynəli bəy Sultanovun pyeslərindən ibarət idi.

Maarifçilik dalğası yavaş-yavaş vüsət alaraq bütün bölgəni əhatə edirdi. Həmin tərəqqidə teatr həvəskarlarının böyük xidmətləri vardı. Mahalın məşhur ziyalılarından olan Mirzə Sadiq Qulubəyov Naxçıvanda teatrın yaradıcılarından biri sayılıb. O, keçmiş şagirdi Cəlil Məmmədquluzadə ilə birlikdə teatr tamaşalarının hazırlanmasında fəal iştirak etmişdir. Belə ki, 2 sentyabr 1887-ci ildə Naxçıvan şəhərində Hacı Nəcəf Zeynalovun zalında səhnəyə qoyulmuş əsər Mirzə Sadiq Qulubəyovun vəsaiti əsasında hazırlanmışdır. Hətta bu tamaşada Cəlil Məmmədquluzadə Molla İbrahimxəlil rolunda oynamışdır. O dövrdə teatr həvəskarları əsasən Mirzə Fətəlinin komediyaları ilə tanış olmuşdular. Ona görə də hər dəfə teatr tamaşası hazırlamaq istəyəndə maarifçilər onun komediyalarından birini seçirdilər.

Azərbaycan milli peşəkar teatrının əvvəlcə Bakıda, sonra bölgələrdə, o cümlədən Naxçıvanda təşəkkülü bilavasitə məktəblə bağlıdır. Bu tamaşalar maarifçiliyn parlaq nümunəsi ilə bərabər mühüm tərbiyəvi, ideya-bədii dəyər də daşıyırdı. Teatr tamaşaları maarifçiliyi təcəssüm etdirir, geniş mənada milli ziyalılığı formalaşdırırdı. XX əsrin əvvəllərində Bakıda Abbas Mirzə Şərifzadə, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Kazım Ziya, Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Naxçıvanda isə Rza Təhmasib, Tiflisdə Mirseyfəddin Kirmanşahlı, Aşqabadda Rzaqulu Abdullazadə kimi qüdrətli sənətkarlar da "məktəb teatrı"ndan bəhrələniblər. Əlbəttə, Naxçıvan ictimai-ədəbi mühitində "məktəb teatrı"nın əhatə dairəsi geniş olmuşdur. XIX əsrin 80-90-cı illərində Naxçıvan vilayətinin müxtəlif məktəblərində də teatr tamaşaları hazırlanıb göstərilmişdir. Maraqlı cəhətdir ki, məktəb tamaşalarında uşaqlar üçün cəlbedici olsun deyə əyləncəli, alleqorik əsərlərə geniş yer verilmişdir. Həmin dövrdə Cəlil Məmmədquluzadənin yazdığı "Çay dəsgahı" pyesi də çox güman ki, elə bu mətləblə bağlıdır. Artıq Naxçıvan teatrının yaradıcı kollektivi üçün ikinci bir müəllif - Mirzə Cəlil Məmmədquluzadə var idi. Bədii yaradıcılıqla ciddi məşğul olan bu böyük demokratın "Kişmiş oyunu" adlı birpərdəli pyesi də o dövrdə bir hadisə sayıldı. Ümumiyyətlə, Naxçıvanda teatr sənətinin canlanmasında Mirzə Cəlil Məmmədquluzadə xüsusi fədakarlıq göstərmişdir. Onun ardıcılları da yetişirdi. Vətənpərvər ziyalılar, maarifçilər hazırladıqları tamaşaları təkcə Naxçıvanda deyil, ətraf bölgələrdə də nümayiş etdirməyə çalışırdılar. Tamaşaların hazırlanmasında Cəlil Məmmədquluzadə təkcə əsər müəllifi yox, rejissor kimi də səmərəli çalışıb. Tamaşalara aktyorların cəlb edilməsi, repertuar üçün əsərlərin seçilməsi, münasib binanın tapılması və tamaşaçı toplanmasında Cəlil Məmmədquluzadə fəallıq göstərirdi. Ona görə də Naxçıvan teatr məktəbinin əsas təşkilatçılarından biri də elə bu unudulmaz ədib sayılır.

Artıq XX əsrin başlanğıcında Bakıda teatr prosesi bir qədər zəifləmişdi. Truppalarda pərakəndəlik yaranmışdı. Paytaxtda yaranmış bu vəziyyət bölgələrə də sirayət etməkdə idi. Belə bir vaxtda yenə də Cəlil Məmmədquluzadə İrəvana gəlir. Dostlarına məktub yazaraq onları Naxçıvana çağırır. Beləliklə də, teatr prosesində bir canlanmanın yaranmasına nail olur. Şəhərin ziyalıları maarifçilik ideyalarının təbliğini genişləndirmək, əhali arasında iş aparmaq məqsədilə yeri gələndə rus dilində də teatr tamaşaları təşkil edirlər. Naxçıvan teatrının inkişafına nail olanlardan biri də Məmmədtağı Sidqi olub. Tarixi sənədlər göstərir ki, Sidqi öz imkanı hesabına şəxsi kitabxanasını böyüdərək özünün çalışdığı çayçı dükanında bir növ, indiki dillə desək, oxucular şöbəsi - mütaliə guşəsi açıb. 1904-cü ildən 1914-cü ilə kimi Naxçıvanda göstərilən teatr tamaşalarının demək olar ki, böyük əksəriyyətinin rejissoru Böyükxan Naxçıvanlı olub.

Teatr həvəskarları Nəriman Nərimanov, Namiq Kamal, Haşım bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, eləcə də dünya dramaturqlarının əsərlərinə müraciət edirdilər. Məsələn, Naxçıvan şəhər məktəblərinin birində Qoqolun "Ölü canlar" povestinin motivləri əsasında eyniadlı əsər tamaşaya qoyulub (1907). Böyük aktyor və rejissor Rza Təhmasib ilk dəfə məhz bu əsərdə Naxçıvanda Çiçikov rolunda səhnəyə çıxıb.

1914-cü ilin müəyyən dövründə Naxçıvanda olan məşhur dramaturq Hüseyn Cavid də teatr prosesinin canlanmasına kömək göstərib. Məşhur rəssam Bəhruz Kəngərli Azərbaycanın ilk professional təhsil görmüş sənətkarı idi. O, Rza Təhmasibin xahişi ilə teatrın bədii tərtibatında yaxından iştirak edirdi. Məsələn, 1915-1916-cı illərdə hazırlanan "Pəri-cadu", "Hacı Qara", "Evli ikən subay", "Əlli yaşında cavan" əsərlərinin səhnə tərtibatını məhz Bəhruz Kəngərli verib. 1916-cı ildə Bakıda Cəlil Məmmədquluzadənin "Ölülər" komediyası ilk dəfə tamaşaya qoyuldu. Az keçmir ki, bu əsərin sorağı Naxçıvan şəhərindən də gəlir. 1917-ci ildə Naxçıvanda şəhər bağındakı klubda "Ölülər" nümayiş etdirilib. Əsas rollarda Əliqulu Qəmküsar (Şeyx Nəsrulla), Rza Təhmasib (İsgəndər), Əli Xəlilov (Hacı Həsənağa) və başqaları olub. Tamaşanın rejissoru Rza Təhmasib, rəssamı Bəhruz Kəngərli idi. Aktrisa yoxluğu ucbatından qadın rollarını kişilər ifa ediblər.

1922-1924-cü illərdə Naxçıvan teatrında rejissorluğu əsasən Səməd Mövləvi və Həsən Səfərli edirdilər. Bu illərdə tamaşaya hazırlanan əsərləri əsasən dörd qismə ayırmaq olar: klassik komediya, faciə, dram və tərcümə əsərləri. Naxçıvan teatrının 1922-ci ildən dövlət təsisatına keçməsi onun inkişafının yeni mərhələsinə start verdi. Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının operettaları, Hüseyn Cavidin, Cəfər Cabbarlının əsərləri Naxçıvan səhnəsinə yeni rəng gətirdi. Öz həmkarlarına kömək məqsədilə bakılı aktyorlar da teatrın tamaşasında həvəslə iştirak edirdilər. Artıq qadın rollarının əsl yaradıcıları da səhnəyə çıxmışdılar. Mərziyə Davıdova, İsmət Əliyeva Naxçıvan teatrını qadın rolu yaradan kişilərdən xilas etdilər. Uzun illər teatrda baş rollar yaratmış İsa Musayev isə səhnəyə yeni ovqat gətirdi. Tatarıstandan Bakıya gələrək teatr tamaşalarında özünəməxsus rollar yaradan Xədicə Qazıyeva Naxçıvana köçərək ömrünün sonuna kimi bu teatrda çalışdı. Naxçıvan teatrında aktrisa boşluğunu müəyyən mənada dolduran bu sənətkar müxtəlif xarakterli rollar yaratmaqla adını teatr tariximizə əbədi həkk etdirdi. Yaradıcı heyət artıq yeni nailiyyətlərə imza atırdı. Naxçıvan teatrı, nəhayət, peşəkarlığın yüksək mərhələsinə qədəm qoydu. Səhnəyə yeni-yeni istedadlar gəlirdi və bu gənclərin əksəriyyəti sonralar respublikanın tanınmış aktyorları kimi məşhurlaşdılar. 1931-ci ildə Sidqi Ruhulla Bakıdan Naxçıvan teatrına baş rejissor və direktor göndərildi. Onun bu teatra gəlməsi Naxçıvanda müəyyən dönüşə səbəb oldu. Repertuar xeyli zənginləşdi, kollektivə görkəmli aktyorlar cəlb edildi. Nəhayət, ilk naxçıvanlı qadın aktrisa da səhnədə göründü. Bu, Ordubadda doğulan, gözəl səsə, yaraşıqlı zahiri görkəmə malik olan Firuzə xanım Əlixanova idi. Onun yaradıcılıq bioqrafiyasında opera və operetta partiyaları mühüm yer tuturdu. Aktrisa Azərbaycan və dünya klassiklərinin faciə, dram və komediyalarında əsas rollar yaratdı.

1937-ci il repressiyalarının ağır dövründə Naxçıvan teatrı bütün bu təzadların içində öz inkişafına yeni-yeni çalarlar əlavə edirdi. İbrahim Həmzəyev Gəncə teatrından Naxçıvana gəldi. Onun rejissorluq və aktyorluq fəaliyyəti bu teatrın yaradıcılıq işinin çox parlaq səhifələrini təşkil edir. Naxçıvan teatrının üslub, janr, forma axtarışlarının, aktyor truppasının formalaşmasında İbrahim Həmzəyevin xidmətləri misilsizdir. O, bu teatrın səhnəsində möhtəşəm rollar yaradıb. Gənc aktrisalar da görünürdü. Artıq Xədicə Qazıyeva, Firuzə Əlixanova tək deyildi. Pakizə Məmmədova da bu sıraya qoşuldu.

İkinci Dünya müharibəsi illərində də Naxçıvan teatrı müasir mövzulu orijinal əsərləri tamaşaya hazırlamağa xüsusi meyil göstərirdi. 1941-ci ilin sentyabr ayında truppaya yeni bir aktrisa götürüldü. Bu, sonralar xalq artisti fəxri adının şöhrətini qazanacaq ucalığa yüksələn Zəroş Həmzəyeva idi. Son dərəcə emosional, zəngin daxili aləmi olan, səhnə temperamentini həssaslıqla cilovlamağı bacaran aktrisa dramatik və faciəvi obrazlarda o qədər dolğun sənət nümayiş etdirirdi ki, ona laqeyd qalmaq mümkün deyildi. Həmin illərdə Xədicə xanımın qızı Sofya Hüseynova da truppaya daxil oldu. Zərif klassikası, yaraşıqlı və cazibəli səhnə görkəmi olan bu aktrisa Avropa klassiklərinin əsərlərindəki mürəkkəb obrazları məharətlə oynayırdı. 1942-ci ildə Ordubad Dövlət Dram Teatrında fəaliyyətə başlayan Roza Səfərxanova altı ildən sonra Naxçıvan teatrında işləməyə başladı. Demək olar ki, Naxçıvan teatrının aktrisa sarıdan korluğu yox idi. Həmin illərdə təkcə aktrisalar deyil, teatr üçün əsərlər yazan Kəmalə Ağayeva da səmərəli fəaliyyət göstərirdi. Naxçıvan teatrı yeni dramaturqların əsərlərinə müraciət edirdi. Abdulla Şaiq, Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, İlyas Əfəndiyev, Sabit Rəhman kimi ədiblərin əsərləri tamaşaya hazırlanırdı.

Ötən əsrin sonlarında ölkədə baş verən xaos və qarışıqlıq təbii ki, bütün teatrlarda olduğu kimi, Naxçıvan mədəni mühitinə də öz təsirini göstərirdi. Yaxşı ki, zamanın sınağından qalib çıxan hünərli ziyalılar özlərində güc taparaq teatrı bəlalardan qoruya bildilər. Xüsusilə də ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıtması təkcə ərazilərin işğaldan deyil, həm də mədəniyyətin, sənətin, ədəbiyyatın hifz olunmasını şərtləndirdi. Dövlət müstəqilliyimizin bərpasından sonra Naxçıvan teatrı öz fəaliyyətini yenə də uğurla davam etdirdi. Klassiklərlə bərabər müasir dramaturqların əsərlərini tamaşaya hazırlayan kollektiv artıq qastrol səfərlərinə çıxmağa başladı. İlk belə qastrolu 1993-cü ilin iyun ayında Türkiyənin Qars şəhərinə oldu. Yaradıcı kollektiv Üzeyir Hacıbəylinin "Məşədi İbad" tamaşasını təqdim etdi. Həsən Elsevər, Mərkəz Quliyev, Ramiq Muxtar, Rüfət Əhmədzadə kimi dramaturqların əsərlərinə səhnə həyatı verildi. 1999-cu ildə Nəriman Həsənzadənin tarixi xroniki-psixoloji dramı - "Atabəylər" əsəri tamaşaya qoyuldu. Əsərin səhnə həyatı olduqca uğurlu alındı. Növbəti minilliyin və əsrin ilk illərindən başlayaraq Naxçıvan teatrı yaradıcı üfüqlərini daha da genişləndirdi. Həm tamaşaların sayı və keyfiyyəti artdı, həm də teatrın repertuar siyasəti yeniləşdi. Uzun illər bu səhnədə çalışan, fəaliyyət göstərən sənət adamlarının əməyi dövlət tərəfindən yüksək qiymətləndirildi, onlara müxtəlif fəxri adlar verildi. Teatr özünün 125 illik yubileyini təntənə ilə qeyd etdi.

Bu teatrda 10-dan artıq rejissor, 10-a yaxın rəssam, yüzlərlə aktyor yetişib. Azərbaycan Milli Teatrının 140 illik şərəfli salnaməsində ondan 10 yaş kiçik olan Naxçıvan teatrının da öz payı var.

/Azərbaycan/