Xalq artisti: "Buna görə peşman deyiləm"

Day.Az представляет интервью на азербайджанском языке.

Xalq artisti Elmira Şabanovanın Milli.Az-a müsahibəsi.

- Elmira xanım, son zamanlar televiziyada görünməməyinizə səbəb nədir?

- Yəqin sənətimdən bezmişəm (gülür). Həm də axı bugünkü efirlərdə gözəl ssenari ilə çəkilən seriallar çox azdır. Demək olar ki, yox dərəcəsindədir. Ona görə görünməkdənsə, elə görünməmək yaxşıdır (gülür). Mən Rusiya, Türkiyə kanallarında olan serialları da izləyirəm. İzlədiyim seriallardan "Muhteşem Yüzyıl"ın adını çəkə bilərəm. Artıq Rusiya seriallarında da zəiflik görürəm, əvvəlki seriallardan fərqlənir. Bizdə çəkilən seriallardan isə yalnız "Pərvanələrin rəqsi" serialına baxıram, daha əvvəl isə "Sirr" serialını izləyirdim. Mövzu maraqlı olanda film də maraqlı olur. Serialda sujet xətti güclü olmalıdır. Rövşən İsax professional rejissor olduğu üçün çəkdiyi serial da maraqlıdır, izlənilir. Bizdə ssenari cəhətdən də problemlər var. Bugünkü yazarlardan mən Natiq Rəsulzadə və Əli Əmirlinin adını çəkə bilərəm. Hərçənd ki, Əli Əmirli teatr sahəsində çalışır. Adlarını çəkdiklərim professional ssenarist və yazıçılardır. Mən çox istərdim ki, onlar bizim seriallarımız üçün gözəl ssenarilər yazsınlar.

- Sizi son dəfə "Ağabəyovlar" serialında gördük... Maraqlıdır, heç bir serial dəvəti qəbul etməyən Elmira xanım bu serialda çəkilməyə necə razılıq verdi?

- Məni bu seriala Vahid Mustafayev dəvət etdi. Mən "Ağabəyovlar" serialında alicənab bir qadın obrazını canlandırdım. Vahid müəllim məni seriala dəvət edərkən bu rolda yalnız məni gördüyünü qeyd etmişdi. Ona görə də çəkilməyə razılıq verdim. Bizdə ümumilikdə həm serial, həm də film sahəsində bir sıra zəifliklər var. Bəzən zəng edib seriala dəvət edirlər, deyirəm oğlum siz kimsiniz? Adını deyir ki, serialı mən çəkirəm. İnanın Allaha heç birini tanımıram (gülür). Ona görə də düşünürəm ki, o seriallarda çəkilməkdənsə, çəkilməmək daha yaxşıdır. Buna görə də dəvəti xoşluqla özümdən uzaqlaşdırıram. Mənim bu saat elə vaxtımdır ki, gərək seçim qarşısında qalım. Filmdə çəkildim deyə heç bir vaxt tamaşaçılarımı aldadıb çəkilmərəm. Bu dəqiqə kinodan başı çıxan da, çıxmayan da film çəkir. Bizdə artıq professional rejissura olmalıdır. Mən inanıram ki, bu, belə də olacaq. Çox istərdim ki, professional rejissorun filmində çəkilim.

- Elmira xanım, sənətkarlar adətən yaşa dolunca pedaqoqluq ilə məşğul olurlar. Elmira Şabanovada bu fərqli oldu...

- Mən həm aktyorluq, həm də rejissorluq kursunu bitirmişəm. İncəsənət Universitetində də bu ixtisaslar üzrə dərs deyirdim. Hazırda bir çox tanınan insanlar var ki, vaxtilə mənim tələbələrim olublar. Onların arasında teatr direktorları, tanınmış aktyor və aktrisalar da var. Mən Adil İskəndərov, Mehdi Məmmədov kimi sənətkarlarla universitetdə çiyin-çiyinə işləmişəm. Sonradan gördüm ki, mənimlə eyni vaxtda olan pedaqoqlardan heç biri universitetdə qalmayıb. Buna görə də universiteti tərk etdim. Bir pedaqoq kimi mən o sənətkarlardan çox şey öyrənmişəm. Hə, mən cavanlıq illərimi pedaqoqluq fəaliyyətimə qurban vermişəm (gülür).

- Elmira xanım bu gün həyatdan necə zövq alır?

- Mənim incəsənətdə fəaliyyətim çox geniş olub. Bədii film və seriallarda, televiziya tamaşalarında çəkilməklə yanaşı, teatrda da çalışmışam. Mənə elə gəlir ki, vaxtında səhnədən getmək lazımdır. Necə ki, Rəşid Behbudov, Müslüm Maqomayev vaxtında səhnəni tərk etdilər. Mən də həmçinin... Sənətdən hər şey qazanmışam, heç bir şey üçün şikayət edə bilmərəm. Hərdən fikirləşirəm ki, tamaşaçılar yəqin məni unudublar. Amma küçə ilə gedəndə onların mənə qarşı olan gözəl münasibətini görüb sevinirəm. Onlar mənim çəkildiyim "Gəlinlər" filmini çox sevirlər, hələ də məndən sandığın sonrakı aqibətini soruşanlar var (gülür). Həyatımı çox səmərəli və gözəl yaşamışam. Bu gün artıq təqaüddəyəm. Günüm nəvələrimlə dincəlməklə keçir. Mən elə bilirdim ki, bala hamıdan şirindir. Siz deməyin balanın balası, nəvə daha şirin olur (gülür).

- Müxtəlif teatrlarda hazırlanan tamaşalara gedib baxırsınız?

- Bəzən dəvət edirlər, gedib baxıram. Peşəkar gözü ilə tamaşalara baxıram, amma bizim teatrda "əla" səviyyədə tamaşa yoxdur. Rus Dram Teatrına, Gənc Tamaşaçıar və Azdramaya gedirəm. Uşaq tamaşalarına nəvəm ilə gedirəm.

- Bəzi yaşa dolmuş sənətkarlar gənclərə çox böyük qısqanclıqla yanaşır. Amma bu hiss sizdə yoxdur. Həmişə gənclərə dəstək olursunuz...

- Mən həmişə gənclərimizə çox böyük kömək etmişəm. Onları heç vaxt qısqanmamışam. Çünki gələcək müasir gəncliyindir. Amma bir şey məni narahat edir və mən bunu deyəcəyəm... Bu gün təqaüdə çıxan sənətkarların ağlı başındadırsa, sənət üçün nəsə edə bilərlərsə, onlardan istifadə etmək lazımdır. Bizdə o dəqiqə sənətkarları təqaüdə göndərirlər və maraqlanmırlar. Bu hal məni çox üzür. Axı gənclər də bizdən öyrənməlidirlər. Çünki bizim istedadımızdan da əlavə həyat təcrübəmiz var. Mən bugünkü tələbələrdə yaradıcılıq hissini görmürəm. Bizim dövrümüzdə teatrşünaslar yaxşı tamaşaya yaxşı, pis tamaşaya pis deməyi bacarırdılar. Bu gün isə bir çoxları bunu deməkdən çəkinir. Daha çox tərifə yer verirlər, kiminsə tamaşasıdır deyə tərifləyirlər. Bu da özünü çox pis nəticədə göstərir.

- Elmira xanım, bir çox obrazlar yaratmısınız. Həm filmlərdə, həm də televiziya sahəsində. İndiyə kimi oynadığınız obrazlar içərisində sizə yaxın olan rolunuz hansıdır?

- Kinoekran, həqiqətən də, insanı çox populyar edir. Belə bir söz var: "Aktyorun böyüyü kiçiyi var, rolun böyüyü kiçiyi yoxdur. Mən əvvəllər bu sözü ciddi qəbul etmirdim. İndi isə deyilən bu söz ilə razıyam. Şübhəsiz ki, hər bir aktyor böyük rol yaratmaq istəyir. Məni tamaşaçılara sevdirən "Ötən ilin son gecəsi" filmindəki Sevda rolum olub. Bu obraz məni çox populyar edib. Əgər hazırda teatrda çalışsaydım, deyərdim ki, səhnədə hələ də arzuladığım rolu oynamamışam (gülür). Çünki sənətə gec, 40 yaşımda gəlməyim məni bir çox gənc qız rollarından məhrum etdi. Əvvəl atam, sonra isə yoldaşım aktrisa olmağımı istəmirdilər. Buna görə peşman deyiləm, çünki hər aktrisa da həm ailəsini, həm də sənətini qoruyub saxlaya bilmir.

- Elmira xanım, sizi sevənlər var. Onlara sözünüz nə ola bilər?

- Bizim xalqımız çox müdrik xalqdır. Tamaşaçılarımız yaxşını pisdən ayıra bilirlər. Onlar həqiqi sənətkara qiymət verməyi bacaran insanlardır. Mən xalqımızı da, tamaşaçılarımızı da çox sevirəm. Onlara möhkəm can sağlığı arzu edirəm.