Azərbaycanlı aktrisa: "Böyük səhnədə ilk tamaşam olacaq"

Day.Az представляет новость на азербайджанском языке.

Aktrisa Xumar Səlimovanın Milli.Az-a müsahibəsi.

- Necə oldu ki, aktrisa olmaq qərarına gəlidiniz?

- Uşaqlıq illərimdən incəsənətə meyl salmışam. Musiqiyə, rəqs etməyə, oxumağa və s. çox böyük marağım olub. Bütün bunların nəticəsində məktəbi bitirəndən sonra sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim, ora qəbul olundum.

- Yaşınızın az olmasına baxmayaraq, kifayət qədər flmlərdə, seriallarda rol almısınız. Sizcə, rejissorların hədəfinə belə tez-tez düşməyinizin səbəbi nədir?

- Bilmirəm. Ola bilər ki, sima baxımından onların çəkdiləri seraillara, yaxud da filmlərə uyğun gəldiyimə görə.

- İndiyə qədər rol aldığınız filmlər hansılardır?

- "Səndən sonra", "Üç bacı", " Həyat çiçəyi" və s. seriallarda çəkilmişəm. Rol aldığım filmlərdən isə "Fərid və Leyla", "Bakı, mən səni sevirəm", "20-ci mərtəbə" və s. adlarını çəkə bilərəm.

- Ailə qurmusunuz?

- Xeyr, hələ ki, subayam.

- Necə düşünürsünüz? Seçdiyiniz bu sənətə gələcəkdə ailə həyatınıza təsir göstərə bilər?

- Ola bilər. Həmişə deyirlər ki, aktrisalar sonda tək qalır, onların ailə həaytı o qədər də uğurlu olmur. Lakin mən elə adamla ailə həyatı quracağam ki, o, məni başa düşsün və sənətimi hər zaman dəstəkləsin.

- Xarici filmlərdən dəvət almısınızmı?

- Xaricdə heç bir filmə çəkilməsəm də, əcnəbi rejissorlarla iş birliyim olub.

- Gələcəkdə açıq-saçıq səhnələrdən dəvət alsanız, çəkilərsiniz?

- Deyə bilmərəm. Çəkilmərəm də demək istəmirəm. Çünki heç kim heç nədən sığortalanmayıb.

- Siz modelliklə də məşğul olmusunuz?

- Bəli, 17 yaşımda fotomodel kimi də fəaliyyət göstərmişəm. Ümumiyyətlə, mən bir sahədə yox, müxtəlif sahələrdə çalışıb uğur əldə etmək üçün çalışıram.

- Özünzüdə nəyi dəyişmək istərdiniz?

- Sözün düzü, indi heç nəyi dəyişmək istəməzdim (gülür).

- Ümumiyyətlə, təbiətcə necə insansınız? Özünüzü necə xarakterizə edirsiniz?

- Sakit təbiyətliyəm. Arada çılğınlığım olur.

- Qorxduğunuz nə isə var?

- Yalnız yaxınlarımı, əzizlərimi itirmək qorxum var.

- Nədən zövq alırsınız?

- Rəqs etməkdən, mütaliə etməkdən, bir də damların üstünə çıxıb saatlarla orada oturmaqdan (gülür).

- Hazırda nə işlə məşğul olursunuz?

- Yeni bir tamaşanın məşqlərinə başlamalıyıq, indi ona hazırlaşıram. Bu, mənim böyük səhnədə ilk tamaşam olacaq.

- Bəs gələcəkdə hansı teatrda çalışmaq istərdiniz?

- Mənim üçün "YUĞ" teatrı daha məqsədəuyğundur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.