Üzeyir bəyin böyük həyat dərsləri

Day.Az представляет новость на азербайджанском языке.


Böyük ömrün anları


1885-ci il sentyabrın 18-də Şuşada doğulan Üzeyir bəyin ulu babası Molla Hacı bəy Qarabaği ilahiyyatçı alim idi və dövründə yaxşı tanınan şəxslərdən biri sayılırdı. Babası Məhəmməd Hacı oğlu Qarabağ xanı İbrahimxəlil Cavanşirin sarayında mirzə işləyirdi. Atası Əbdülhüseyn bəy də savadlı idi və Xan qızı Natəvanın sarayında çalışırdı. Sonralar Xan qızı öz süd bacısı Şirinbəyimi ona ərə vermişdi. Üzeyir bəy ilk təhsilini məşhur pedaqoq və jurnalist Haşim bəy Vəzirovun müdiri olduğu ikisinifli rus-Azərbaycan məktəbində aldı. Şuşanın "Çölqala" adlanan məhəlləsində boya-başa çatan Üzeyir bəyin ilk musiqi müəllimi dayısı Ağalar Əliverdibəyov oldu. Bu illərdə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi və məşhur xanəndə Cabbar Qaryağdıoğlunun ifası ilə Şuşada göstərilən "Məcnun Leylinin məzarı üstündə" (1897) səhnəciyində balaca Üzeyir də xorda iştirak etdi və bu tamaşa onu elə sehirlədi ki, gələcəkdə "operaya bənzər bir şey yaratmaq" həvəsinə düşdü.

"Leyli, Leyli..."

1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olan Üzeyir bəyin burada rus və Qərbi Avropa musiqi mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanışlığı başlayır, o, skripka və baritonda çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. 1904-cü ildə seminariyanı bitirib Cəbrayıl qəzasının Hadrud kənd məktəbində bir il rus dili, tarix, hesab, nəğmə müəllimi işləyir. Bu sənəti sevir, onun məsuliyyətini hiss edir və bu gün də aktuallığını itirməyən fikirlərini dilə gətirir: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır."

1905-ci ilin payızından Bakıya köçən Üzeyir bəy şəhərin Bibiheybət kənd məktəbində (hazırda 51 nömrəli şəhər məktəbi) müəllimlik fəaliyyətini davam etdirir və hər gün 10 kilometrlik yolu piyada gedib-gəlir. Kim bilir, bəlkə milli mədəniyyətimizin əvəzsiz incilərindən biri olan "Leyli və Məcnun", eləcə də onlarla digər şah əsəri elə bu yollarda onunla birgə addımlayırdı... O, həmin illərdə eyni zamanda "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal" qəzetlərində, "Molla Nəsrəddin" jurnalında, eləcə də rus dilində dərc edilən "Kaspi" qəzetində mühərrirlik və tərcüməçiliklə məşğul olur, görkəmli fikir adamları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqaları ilə yaxından tanış olur.

Ah, Avropa, Avropa...


Üzeyir bəy Avropa tipli təhsil sisteminin qurulmasını vacib hesab edirdi və tarixə həsr olunmuş iki məşhur məqaləsində yazırdı ki, yaponların zəngin tarixi olmasa da, müasir dövrdə güclü elm və təhsil sistemi ilə dünyada tanınıblar, Buxaranın isə qədim və zəngin tarixi olsa da, müasir maarif sistemi olmadığı üçün çox geridə qalıb. Bu dövrdə Avropaya can atmaq, öz milli xüsusiyyətlərini qorumaqla Avropa dəyərlərinə yetişmək əksər ziyalılarda olduğu kimi, Üzeyir bəyin də qarşısında duran əsas məsələlərdən biri idi: "Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı hər cəhətdən təminə çalışaq...". Və ya: "Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum və finünun hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı hər cəhətdən təminə çalışaq..." Bu fikirləri söylərkən dilimizin imkanlarını da çox gözəl qiymətləndirirdi: "Bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir...".

Bu mənada onun düşüncələri böyük mütəfəkkir Əli bəy Hüseynzadənin vaxtı ilə Avropa dəyərləri ilə bağlı söylədiyi fikirlərlə yaxından səsləşir və aktuallığını itirməyib: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın..."

"Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir"- deyən Üzeyir bəy dövrün maarifpərvər ziyalıları kimi millətin tərəqqisində müəllimin və kitabın yerini xüsusi dəyərləndirirdi: "Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün, doğrudan da böyük bir dərddir".

Filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev "Üzeyir bəy Hacıbəyli - böyük maarifçi" adlı tədqiqat əsərində haqlı olaraq qeyd edir ki, bu illərdə Üzeyir bəy yazmaqla, dərs deməklə yanaşı, ana dilində dərslik və lüğətlərin nəşrinə də nail olur, 1906-1907-ci illərdə Bakıda keçirilən Azərbaycan müəllimlərinin 1-ci və 2-ci qurultaylarına nümayəndə seçilir. Üzeyir bəy 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbinə müsabiqə yolu ilə rus dili, hesab və təbiət müəllimi vəzifəsinə seçilib və məktəb 1911-ci ildə bağlanan kimi fəaliyyətini burda davam etdirib. Onu da qeyd etməyə dəyər ki, həmin məktəbdə Üzeyir bəyin qardaşı Ceyhun bəy də alman və fransız dillərindən dərs deyirdi. Hər iki qardaşın amalı bu idi ki, "Bir yerdə ki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar..."

"Leyli və Məcnun" - əzabkeş millətin fərəhsiz həyatına bəxş edilən çox zəngin bir xəzinədir"

22 yaşlı Üzeyir bəy Hacıbəylinin 1908-ci il yanvarın 25-də Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, eyni zamanda bütün müsəlman Şərqində mühüm hadisəyə çevrildi. Operanın ilk tamaşasının bədii tərtibatını həm də böyük rəssam kimi tanınan məşhur Əli bəy Hüseynzadə vermişdi. Deyilənə görə, bu operanın yazılması haqqında Həsən bəy Zərdabinin təklifi və bu təklifin reallaşmasına dair məşhur pedaqoq Fərhad Ağazadənin Üzeyir bəyə xahişləri olub. İllər keçəcək və görkəmli maarifçi Azad Əmirov keçmiş tələbə yoldaşı Üzeyir bəyə 1918-ci ildə yazdığı məktubda bunları yazacaq: "Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin bu gözəl, ilahiləşdirilmiş cərəyanı xüsusi qeyd edəcəkdir..."

Sonradan bir-birinin ardınca Üzeyir bəyin "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm", "Harun və Leyla" kimi muğam operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi musiqili komediyaları yaransa da, "Leyli və Məcnun" ilk sevgi kimi nə köhnəldi, nə də unuduldu.

"Əfəndim, xahiş edirəm, bundan sonra mənim yazılarımı iyləməyəsiniz"

Dövrün ziyalıları hesab edirdilər ki, "mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz." ("Füyuzat" jurnalı, 1907, ¹29).

Üzeyir bəy öz felyetonlarında geriliyi, nadanlığı pisləyir, milləti maarifə, elmə çağırır, bu işə mane olanları isə kəskin tənqid edirdi. Bu tənqidləri və mövcud rejimə qarşı sətiraltı mənaları diqqətlə izləyərək "Üzeyirin felyetonlarından bir özgə iy gəlir", - deyən rəqiblərinə Üzeyir bəy çox ustalıqla: "Əfəndim, xahiş edirəm, bundan sonra mənim yazılarımı iyləməyəsiniz" deyə cavab verirdi.

28 may 1918-ci ildə qəbul olunan Milli İstiqlal Bəyannaməsi Üzeyir bəyin düşüncələrinə və qələminə yeni bir rəng qatdı. Artıq kimlərinsə onun yazılarını "iyləmə"sinə ehtiyac yox idi. O, 1918-1920-ci illərdə cümhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzetində xüsusi şövqlə çalışırdı. Qəzetin 1919-cu il yanvarın 16-da buraxılmış 89-cu sayından başlayaraq parlamentin qərarı ilə Paris Sülh Konfransına göndərilən kiçik qardaşı Ceyhun bəyin əvəzinə qəzetə redaktor təyin olunan Üzeyir bəy 1920-ci il aprelin 27-nə kimi, yəni cümhuriyyət süqut edənədək bu vəzifədə çalışdı. Onun "Azərbaycan" qəzetindəki son yazısı aprelin 25-də, yəni işğaldan iki gün əvvəl çap edilib. Üzeyir bəy həmin məqaləsində yazırdı: "Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında fərq yoxdur. Xeyr. Təfavüt vardır və özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə "svoloç" deyib, atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər"...

Üzeyir bəyin bu dövrdəki ictimai-siyasi fəaliyyətini ümummilli lider Heydər Əliyev belə dəyərləndirir: "1918-1920-ci illərdə, ağır bir dövrdə - Azərbaycanın ilk respublikasının fəaliyyət göstərdiyi dövrdə Üzeyir Hacıbəylinin yaradıcılığı əvəzsizdir"

"...Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz!"

Sovet hakimiyyəti illərində yenidən onun yazılarını hallandıranlar birəbeş artdı. Bu böyük insan daha kimlərdən tənələr, təkliflər, təhdidlər və təhqirlər eşitmədi. Belə manqurtlardan biri "Kommunist" qəzetində yazırdı: "Gözünə girsin, Məmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində 200-ə qədər türk qızı Azərbaycan himnini oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyli yazmışdır. O Üzeyir ki, sənin çıxartdığın mürtəce "Azərbaycan" qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanının mədəni quruculuğu işlərində ən aktiv iştirak edir..."

Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabrın 28-də gecə saat 2-də Bakıda dünyasını dəyişdi. Onunla vida mərasimi Azərbaycan memarlığının şah əsəri olan "İsmailiyyə"də - Elmlər Akademiyasının binasında "Sənsiz" romansının sədaları altında keçdi. Bu, Bakıda Həsən bəy Zərdabidən sonra ən qələbəlik dəfn mərasimi idi. Üzeyir bəyin ölüm xəbərini Vətəndən uzaqlarda eşidən onun əski məsləkdaşı M.Ə.Rəsulzadə yazırdı: "Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli, sonra kəndi - kəndini yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mənasiylə nüfuzunu hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sömürə bulduqca sömürmüş və verdiyi bir takım rəsmi və siyasi vəfa və ünvanlarla onu "mənimsəmişdir". Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq ayrılmaz bir dəyərdir..."

"...Onlar özləri üçün anadan olmayıblar"

Üzeyir bəy Hacıbəylinin özündən sonra qalan zəngin elmi, bədii, publisistik, musiqi irsi, ümummilli lider Heydər Əliyevin təbirincə desək, "Azərbaycan xalqının milli sərvətidir". 1995-ci ildə dahi bəstəkarın doğum gününün - 18 sentyabrın Milli musiqi günü kimi qeyd edilməsi, yubileylərinin keçirilməsi, milli tariximizdə ilk dəfə olaraq konkret tarixi şəxsiyyətə həsr olunmuş fərdi ensiklopediya - "Üzeyir Hacıbəyov ensiklopediyası"nın yaradılması, onun irsinin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən "Üzeyir dünyası", "Azərbaycan muğamı ensiklopediyası", "Qarabağ xanəndələri albomu" layihələrinin gerçəkləşməsi, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Beynəlxalq muğam festivalının təşkili onun xatirəsinə olan ehtiramın, sevginin parlaq nümunəsidir.

Üzeyir bəyin vəfatı günü çıxış edən böyük şairimiz Səməd Vurğun əbəs yerə demirdi:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır cahanda
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Üzeyir bəy onun söylədiyi bu həqiqəti lap gənc yaşlarında tapmışdı. Ona görə üzünü gələcək nəsillərə tutaraq 1910-cu ildə "Həqiqət" qəzetində yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdır. Bu cür adamlar nəinki sağlığında, bəlkə də öləndən sonra da camaata mənfəət verirlər!..."