Fatma Mahmudova: "Mən bu gün ona bəraət qazandırıram" - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az bildirir ki, modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikasında müsahibi xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Fatma Mahmudovadır. O, əməkdar artist, kinoaktrisa, tələbə yoldaşı, rəfiqəsi Xalidə Quliyeva haqqında danışır.

"Valideynlərini erkən itirdiyindən bacı-qardaşları onun öhdəsində qaldı"

"Xalidəni tələbəlik illərindən tanıyıram. Elə o vaxtdan bu günə qədər çox yaxın ailə dostuyuq. 1971-ci ildə Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşuq. Həmişə fəxr edirəm ki, xalq artisti, çox görkəmli kinorejissorumuz Adil İsgəndərovun qrupunda oxumuşuq. Səhnə danışığı müəllimimiz Müxlis Cənizadə olub. Yəni belə görkəmli sənətkarlardan dərs almışıq. Mən müəyyən səbəblər üzündən o kursu axıra qədər oxumadım. Amma sonra qiyabi yolla təzədən İncəsənət Universitetini bitirdim.

Xalidəgil 5 uşaq olublar. Aralarında az yaş fərqi var idi. Onlar valideynlərini çox tez itiriblər. Xalidə əvvəl anasını itirmişdi. Atası isə biz birinci kursda oxuyanda vəfat etdi. Xalidə uşaqların böyüyü olduğuna görə 4 uşaq onun öhdəsində qaldı. Hər adamın hünəri deyildi ki, onlara baxsın. Xalidə özü uşaq ola-ola o uşaqları, yetim bacı-qardaşını saxladı, tərbiyə etdi. Necə ki, öz övladlarını da tərbiyə edib, ərsəyə gətirib (artıq nəvələri var), o uşaqları da elə saxladı. Düzdür, Eldəniz (ssenarist və kinodramaturq, Xalidə Quliyevanın həyat yoldaşı Eldəniz Quliyev - red.) ona çox dayaq oldu, kömək etdi.

Tələbəlik vaxtı Xalidə xanımın başı ancaq müəyyən tədbirlərdə Eldənizlə iştirak etməyə qarışmışdı. Orada çıxış edirdi, aparıcı olurdu, 5-3 manat pul qazanıb evdə bacısına, qardaşına yedirdirdi. Eldəniz müəllim də sağ olsun ki, onu bir dəqiqə gözündən buraxmadı. Axıra qədər Xalidəylə həm dost, həm yoldaş oldu. Axırda da onunla ailə qurdu. Yəni onu tək buraxmadı. Xalidənin belə boş vaxtı yox idi, deyim ki, ay Xalidə kinoya getdi, ora-bura getdi.

O bacı-qardaşına analıq edib. Bu gün də onlara analıq edir, yol göstərir. Onlar Xalidə xanımla məsləhətləşirlər. Mən də bir çətinliyim, işim olanda Xalidəylə məsləhət edirəm. Çünki o çox ağıllı bir qadındır".

"Tələbə ikən Həsən Seyidbəyli onu "Nəsimi" filminə çəkdi"

"Eldəniz çox alicənab bir insandır. Nə o zəmanədə, nə bu zəmanədə Eldəniz kimi dost, ömür gün yoldaşı tapmaq asandır. O tamam başqa bir aləmdir, çox gözəl insandır. Eldəniz Xalidəylə bərabər Xalidənin bacısını, qardaşını oxutdurdu, böyütdü, yəni onların üzərində ata kimi əziyyət çəkdi. Xalidə xanıma da həm ata, həm qardaş, həm dost, həm də ömür-gün yoldaşı oldu. Bu həqiqətdir, mən gördüklərimi deyirəm. Yaxşı insandırlar, yaxşı dostdurlar. Bir də ki Xalidə hər şeydə nömrə birdir. Ailədə də, aktrisa kimi də birincidir. Çox böyük aktrisadır. Təmiz diksiyası, tələffüzü var. Xalidənin elə dublyajlarına baxın da. Görün, o dublyaj etdiyi rolları oynasaydı, necə möhtəşəm bir obrazlar yarada bilərdi.

Mən Xalidədən çox nümunələr götürmüşəm. Çox gözəl xasiyyəti var idi, çox tərbiyəlidir. Mənə belə gəlir ki, nəinki kursda, universitetdə özünün oturuşu, duruşu, danışığıyla, öz tərbiyəsi ilə həmişə seçilib. İndi də seçilir. Bu insan nümunəvi olub. Xalidə ailə qurandan sonra da mən məəttəl qaldım ki, ilahi, bu necə bir ailə xanımıdır, necə yoldaşına baxır, övladlarına baxır, onlara tərbiyə verir. Kaş bu zəmanədə o ən tərbiyəli qızlar da o tərbiyədə olaydılar.

Amma mən təəssüf etdim ki, Xalidə bir ara səhnədən uzaqlaşdı. Gərək sənətdən ayrılmayaydı. Onu da qınamaq olmaz, ailə qurdu, qayğıları vardı. Mən bu gün ona bəraət qazandırıram. Elə uşağının tərbiyəsi ilə məşğul olmağı da ən vacib məsələlərdən biri idi. Çünki sənət adamları uşağı başlı-başına qoyub gedəndə sonra nəticəsi yaxşı olmur.

Xalidə çətinliklə yaşayıb. Ümumiyyətlə, biz sənət adamlarının həyatı başdan-ayağa çətinliklərlə doludur. Amma həmişə hər günümüzə şükür edən adam olmuşuq. Allahıma çox şükür edirəm ki, bu istedadı bizə verib ki, gedək yaşayaq, dolanaq, xalqa xidmət edək. Bunun özü də xoşbəxtlikdir.

Tələbəlik illərində Xalidəyə çox film təklifləri gəlirdi və bir çox filmlərə də çəkildi. "Nəsimi" filminə də tələbə olarkən çəkilib. Hamımız sevindik və fəxr etdik ki, bizim kurs yoldaşımız "Nəsimi" filmində baş rolda çəkilir. O filmdə yaratdığı Fatimə roluyla Xalidəni bütün xalq tanıdı, sevdi. Rejissor ("Nəsimi" filminin rejissoru Həsən Seyidbəyli - red.) onu bəyənmişdi, seçmişdi. Həsən müəllim hər kəsi bəyənib filmə çəkən adam deyil. O vaxtı xahiş keçmirdi. O kişinin gözü tərəziydi, kimi tutdu, onu da çəkirdi. "Nəsimi" filminə də çox adam sınağa çəkilmişdi. Rasim Balayevi necə dəqiq seçmişdi. İnsan fikirləşir ki, elə Nəsimi budur. Xalidənin də roluna çox adam yoxlanmışdı. Amma onun sifəti uyğun gəlmişdi. Mənim yadımdadır ki, Xalidə filmdə ən yaxşı qadın roluna görə mükafat da almışdı. Hansısa aktyor, aktrisa bir yolla yadda qalır. Mənə belə gəlir ki, Xalidə xanımın mənim də çox sevdiyim ən şah əsəri məhz "Nəsimi" filmindəki Fatimə roludur. "Nəsimi" filmi deyəndə o dəqiqə kim yada düşür? Rasim Balayev və Xalidə Quliyeva.

Düzdür, bütün rolları gözəl oynayıb. Biz onunla Mövlud Süleymanlının "Bəylik dərsi"ndə rol almışıq. Orada Xalidə üçün cavan olmağına baxmayaraq ana obrazını möhtəşəm oynadı".

"Bəzən onu danlayıram"

"Həddindən artıq istedadlıdır. Məsələn, mən gözlədim ki, bu il də Xalidə xalq artisti ala bilər. Bilirsiz, nə qədər filmlərdə çalışıb. O filmləri nəzərə alanda düşünürsən ki, çoxdan xalq artisti adını almalıydı. Arzulayıram ki, tez bir zamanda Xalidə xanım da başqaları kimi öz zəhmətinin bəhrəsini görsün. Çünki o da sənət fədaisidir. Vaxt, imkan olsaydı, Xalidə indi Akademik Teatrın aktrisası ola bilərdi, olmalıydı da. Əgər o həmin teatrın aktrisası olsaydı, kinoda bir nömrəli olduğu kimi elə səhnədə də bir nömrəli olardı. İstəsəydi, çox şey əldə edə bilərdi. Bundan sonra da istəsə və istəsələr, çox gözəl rollar yarada bilər. Rejissorlara yalvara bilmərik ki, gəl, sən Allah, məni çək, mən belə qalmışam. Gərək ondan da maraqlansınlar ki, bu cür professional, istedadlı bir aktrisa var, hələ qocalmayıb, əldən düşməyib, nə istəsə, oynaya bilər. Çünki Xalidədə o istedad, güc var. Mən bunu söz xətrinə demirəm, düzünü deyirəm.

Xalidədə qısqanclıq yoxdur. Mən onu o qədər məcbur etdim, dedim "evdə oturmusan, sən bu cür artistsən, oyna, çalış, niyə qapanmısan?". Dedi, "uşaqlara baxıram". Bir balaca da mənim sözümü eşitdi, sağ olsun. Təzədən kinoya qayıtdı, 2 İran filmində baş rola çəkildi. İndi də seriallara çəkilir. Yəni, bir müddət çalışdı, əməkdar artist adını da aldı. Başı qarışmasaydı, o adı çoxdan alardı. Balalarının tərbiyəsi ilə məşğul oldu. Onun özü ən böyük var-dövlətdir. Xalidə xanım necə sənəti sevirdi, amma balalarına görə bir müddət uzaqlaşdı. İndi mən bəzən onu danlayıram. Amma sonra deyirəm, elə düz etdin. Bəlkə də balalarının bu səviyyədə olması ona görədir".

"Pərdəarxasında qalmışdım, məni heç kim görmürdü"

"Biz Xalidəylə tələbəlik illərindən dostuq. İndi də xoş günümdə, dar günümdə birinci o gəlib üstümü haqlayır. Xalidə nümunəvi insan olub. Onun bütün hərəkətləri məni cəlb edirdi. Tərbiyəsinə valeh olmuşdum. Mən həmişə çalışırdım ki, Xalidə kimi olum. Əgər nöqsansız insan varsa, o da Xalidədir. Mən hamıdan inciyə bilərəm. Belə bir xasiyyətim var. Hamı hamıdan inciyə bilər. Aktyorlar, dostlar arasında incikliklərimiz də olur. Amma Xalidə də inciyəcək bir xüsusiyyət yoxdur. Əsl insani cəhətlərin hamısı Xalidə də var.

Əvvəldə dediyim kimi kursumuzun rəhbəri çox görkəmli rejissorumuz Adil İsgəndərov idi. Bu gün də fəxr edirəm ki, az da olsa o kişidən nəsə öyrənmişəm. Adil müəllim bir dəfə bizi yığdı, dedi ki, "mən burada 3-4 adamdan nəsə gözləyirəm". Mən düz danışan adamam. Biri Xalidənin, bir mənim, bir də Nuriyyə Əhmədovanın adını çəkdi. Elə bil o kişi doğrudan da bu günü görübmüş. Mən indi özümü böyük artist hesab etmirəm. Özümə görəyəm. Mənə yaraşmaz durum özümü tərifləyim. Adil İsgəndərov mənə dedi ki, sən yunanlara oxşayırsan. Cavan vaxtı hamımız qəşəng idik də. Mənə dedi, sən qəşəng filmdə obrazlar yarada bilərsən. Xalidəni bir başqa gözəl, Nuriyyə Əhmədovanı bir başqa gözəl təqdim etdi. Həqiqətən də, o kursdan bizim adımızı çəkdi. O birilər də istedadlı idilər. Başqaları universitetdə müəllimdir, neçə-neçə tələbələr yetişdirir. Amma Adil müəllim bizim üçümüzü kinoaktrisa kimi xüsusi qeyd etdi. Elə o kursdan nə çıxdısa, biz üçümüzdən çıxdı. Mən də rayonda qalmışdım. Düzdür, oynayırdım, əməkdar artist adını da almışdım. Amma elə bir pərdə arxasında qalmışdım, məni heç kim görmürdü. Bura gəldim, çalışdım, pis-yaxşı tanındım, çox şükür xalq artisti adını aldım. Amma zəhmət çəkdim aldım. İndi bilmirəm düz almışam, səhv almışam. Axır ki, Allah onu da mənə bəxş etdi".

Böyütmək üçün şəkillərə klikləyin.