Məşhur teatr rəssamı: "Bakı mənim üçün yad şəhər deyil"

Day.Az представляет новость на азербайджанском языке.

Məşhur teatr rəssamı İosif Yusupovun Milli.Az-a müsahibəsi.


Paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Beynəlxalq Teatr Konfransı baş tutdu. Konfransın işində 40-dan çox ölkəni təmsil edən 110 nəfər tənqidçi, teatrşünas, rejissor, dramaturq, teatr rəssamı, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının, Beynəlxalq Teatr İnstitutunun, Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatının, Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının baş katibləri və prezidentləri iştirak etdilər. Artıq ikinci dəfə konfransa qatılan ABŞ-dan olan teatr rəssamı, ssenoqrafiya ustası İosif Yusupovla S.Vurğun adına Rus Dram Teatrında keçirdiyi treninqdən sonra görüşüb söhbətləşdik. Teatrımızın "axsayan" tərəfinə aid edilən ssenoqrafiya kimi vacib sahənin metrlərindən birinin fikirləri, düşünürük ki, teatrın gələcəyinə biganə olmayanlar üçün maraqlı olar.


- "Azərbaycan", "Bakı" kəlmələri sizdə hansı assosiasiyaları doğurur?


- Mən Orta Asiyada dünyaya gəlmişəm, ona görə Bakı mənim üçün o qədər də yad şəhər deyil - çünki mədəniyyət, məişət çox oxşardır. Bakı Şərq şəhəridir və əlbəttə ki, Bakı birinci növbədə köhnə Bakının günümüzə gəlib çatmış bir hissəsi olan İçərişəhər deməkdir. Bununla belə, "Bakı" deyəndə ağla gələn ilk təsvir, təəssürat müasirlik anlamı, yeni dövrün şəhəri təəssüratı olur. Məsələn, "Səmərqənd", "Buxara" deyəndə göz qabağına orta əsrlər gəlir. Sizin mədəniyyətiniz mənə çox yaxındır, burada özümü çox rahat hiss edirəm, adamlarla ünsiyyətdə heç bir baryer duymuram. Muğamlarınız isə ayrı aləmdir. Mənim valideynlərim də məhz Azərbaycan muğamlarını dinləməyi sevirlər, baxmayaraq ki, evdə farsca danışırlar, mən də təbii ki, o dili bilirəm. Ömrümün yarısını Orta Asiyada, sonra bir müddət Rusiyada keçirmişəm, indi Amerikada yaşayıram. Müqayisə etmək, fikir söyləmək imkanım var. Bakı haqqında deyə bilərəm ki, bu şəhərin böyük gələcəyi var, çünki siz buna can atırsınız, bura çox canlı şəhərdir. Vurğunam Bakıya.


- Bildiyimə görə, üçüncü dəfədir paytaxtımızdasın
ız.


- Bəli, birinci dəfə 1984-cü ildə Şaiq Səfərovla birgə Rus Dram Teatrında "Mən, yazıq Soso Cuqaşvili" tamaşasını qoyanda burada olmuşdum. (V. Korkiyanın "Qara adam, yaxud mən, yazıq Soso Cuqaşvili" faciəsi əsasında - red.) Çətin dövr idi, əsər isə cəsarətli və yenilikçi idi. Stalinə hətta indiyə qədər hörmət, məhəbbət bəsləyən adamların olduğu sizin şəhərdə belə bir əsərə quruluş vermək çox çətin idi. Ümumiyyətlə, keçmiş SSRİ-nin bir çox şəhərlərində, elə şəxsən mənim ailəmdə də çox-çox sonralar Stalinin əsl simasının nədən ibarət olduğunu insanlar qəbul etmişdilər. Ona görə o vaxt belə bir əsərə quruluş vermək asan məsələ deyildi, bizə qəribə nəzərlərlə baxanlar da az deyildi, amma biz gənc idik, heç nədən qorxmurduq, çəkinmirdik. Dostum Şaiq də çox xarizmatik adamdır, hər kəslə dil tapmağı bacarır.

Tamaşanın tərtibatını ciddi-cəhdlə hazırlamışdım, bakılılar üçün tam yeni yanaşma idi, yəni mən başqa cür işləməyi bacarmıram, insanları yaxşı mənada təəccübləndirməyə nail olmağı sevirəm. Tələbə vaxtlarından beləyəm. Sonra biz daha bir tamaşa hazırlamaq istəyirdik, amma iş elə gətirdi ki, mən Amerikaya köçdüm.

Daha sonra, 2010-cu ildə I Beynəlxalq Teatr Festivalı keçiriləndə burada olmuşam. Onda sizi bir daha kəşf etdim. Adamlarınızın maraqlı, parlaq, özünəməxsus, güclü olduqlarının bir daha fərqinə vardım. Azərbaycanlılar çox gülərüz insanlardır. Yeri gəlmişkən, mənim Rusiyadan köçməyimin, ondan sonra orada heç bir layihədə iştirak etməməyimin səbəblərindən biri o ölkədə kin-kidurət ab-havasının hökm sürməsindədir. Məsələn, Amerika belə deyil. Orada demək olar ki, heç vaxt müharibə olmayıb. Rusiyada isə yeganə olaraq Olimpiadanın açılış mərasiminin tərtibatının əsas dizaynerlərindən biri kimi dəvəti qəbul edəndə olmuşam.


- Siz bir az öncə treninq zamanı qeyd etdiniz ki, həmin tərtibat üzərində işləyəndə Rusiyanı, rus ruhunu dünyaya düzgün təqdim etməkdən ötrü əsas vurğunu matryoşka və çastuşkalara yox, Maleviçin "Qara kvadrat" əsərinə, konstruktivizm tendensiyalarına yönəltməyə üstünlük vermisiniz. Azərbaycanda analoji tədbirin tərtibatına cəlb olunsanız, hansı təzahürlərə üstünlük verərsiniz?


- Sizdə elə bir tədbir gözlənilir - gələn il keçiriləcək Avropa Oyunları. Düşünürəm ki, o tədbirin açılış və bağlanış mərasimlərinin tərtibatının hazırlanmasına çox diqqətlə yanaşmaq lazımdır, bu işə düzgün seçilmiş dizaynerlər, xoreoqraflar cəlb olunmalıdırlar. Belə tədbirlər zamanı konkret ölkəyə istiqamətlənmək olmaz, daha qlobal nəzərlərlə istiqamət götürmək lazımdır. Çünki belə tədbirlərə bütün dünya baxır. Mən bu işə cəlb olunsam, əlbəttə ki, hər şeyi miks tərzində edərəm. Belə layihələri gerçəkləşdirmək çox ağırdır. Bir daha təkrar edirəm ki, sizin bütün ənənələriniz, üslublarınız mənə tanış və yaxındır. Əlbəttə, mütləq Avropa tendensiyalarına yer ayıraram. Sözsüz ki, ən son kompüter texnologiyalarını tətbiq etməklə yanaşı, ənənələri də unutmamaq şərtilə. Və daha bir vacib məqam odur ki, tərtibatın hər bir elementi, hər bir detalı ilk növbədə onun müəllifinin ürəyincə olmalıdır. Kiminsə xoşuna gəlməyi düşünmək lazım deyil. Məsələn, Brodvey məktəbi bu mənada çox axsayır, onlar artıq daha öncə keçilmiş yolla getməyə üstünlük verirlər, yeniliyə can atmırlar.

Yeri gəlmişkən, mən pedaqoji fəaliyyətə başlamaq niyyətindəyəm. Elə rəssamlar var ki, bildiklərini verməyə həvəsli deyillər, amma özləri də o biliklərindən tam gücü ilə istifadə etmirlər. Mən belə deyiləm - bildiyimi, bu vaxta qədər öyrəndiklərimi gənclərə öyrətmək istəyirəm.


- Ötən və indiki səfərinizdə Bakı teatrlarında hansı tamaşalara baxmaq imkanınız olub?


- 2010-cu ildə Pantomima Teatrında olmuşdum, çox xoşuma gəlmişdi. Bu dəfə Akademik Milli Dram Teatrında "Şah Qacar" (quruluşçu rejissor Azər Paşa Nemət - red.) tamaşasına baxdım. Fuad Poladova valeh oldum. Tamaşaçıların onu necə sevdiklərini gördüm. Belə təzahürlər çox vacibdir. Dünən isə Rus Dram Teatrında bir tamaşaya baxdım, adı uzundur, yadımda qalmadı, hadisələr Azərbaycanda cərəyan edir, köhnə pyesdir, adını yadıma sala bilmirəm...


- Süjeti nədən ibarətdir?


- Tamaşanın yalnız ikinci hissəsinə baxmaq imkanım oldu... Əsas qəhrəman cadugərdir, Parisə getmək istəyən bir gənci yolundan qaytarmaq üçün Parisi darmadağın edir...


- Aydındır. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan, botanika alimi və Dərviş Məstəli şah, məşhur cadugər" komediyasının tamaşası imiş (quruluşçu rejissor A.Şarovski - red.)
.


- Bəli, elədir ki, var. Çox dahiyanə əsərdir. Bu vaxta qədər tanış deyildim. Çox xoşuma gəldi.


- Müasir ssenoqrafiyanın hansı yeni tendensiyaları var?


- Onlar çoxdur, çünki az qala hər gün yeni nələrsə tətbiq olunur. Yeni texnologiyaların istifadəsindən tutmuş aktyorların havada uçaraq rollarını ifa etmələrinə qədər. Əlbəttə, bəzən yeni texnologiya oturuşmuş, zəmin təşkil edən ənənəvi təzahürə zərbə də vura bilər, ona görə hər şey qədərində olmalıdır.


- Bizim ssenoqrafiya ustalarının işini necə qiymətləndirərsi
niz? Ümumiyyətlə, ssenoqrafiya mövcuddurmu bizim teatr aləmində?


- Bu haqda "zəifdir" və ya "lazımi səviyyədədir" sözlərini deyə bilmərəm. Çünki rəssamların özləri çox istedadlıdırlar. Bu, dərhal nəzərə çarpır. Hər iki tamaşa, xüsusilə "Şah Qacar" tamaşası bütün meyarlar baxımından böyük ustalıqla hazırlanıb. Dərhal nəzərə çarpan cəhətlərdən daha biri vəsait çatışmazlığıdır. Potensialı görəndə sezməmək olmur ki, kifayət qədər vəsaitlə daha qənaətbəxş nəticələrə nail olmaq mümkün idi. Libaslar, xüsusən "Şah Qacar"ın libasları çox yüksək səviyyədədir, dekorasiya isə daha yaxşı ola bilərdi, dediyim kimi, vəsait lazımi qədər olsaydı. Təəssüf ki, zəif dekorasiya tamaşanın təsir gücündə özünü göstərir. Ümumiyyətlə, tamaşa nə qədər sadə, az vəsait tələb edəndirsə, belə tamaşanın dekorasiyasını qurmaq bir o qədər çətindir. Və əksinə. Səhnəyə qoyulmuş bir stulla fikir çatdırmaq zəngin dekorasiya ilə əsərin ideyasını təqdim etməkdən qat-qat çətindir. Bakıda gördüyüm tamaşalar barədə onu deyə bilərəm ki, hamısı zövqlə hazırlanıb. Azərbaycan dövlətinin teatra qayğısının yüksək səviyyədə olduğunu görməmək mümkün deyil, ona görə inanıram ki, bundan sonra bu sahə daha da inkişaf edəcək.


Böyütmək üçün şəkillərə klikləyin: