“Azərbaycan xalçası” adlı kitabı işıq üzü görmüşdür

Azərbaycan Xalça muzeyinin əməkdaşı Babayeva Nərminənin "Azərbaycan xalçası" adlı kitabı işıq üzü görmüşdür. Müəllif kitabda maraqlı faktlara toxunur, qədim xalça sənətimiz haqqında ətraflı məlumatlar verir.
 

Kitabda xalçaçılığın ilkin növləri olan həsir, buriya, çətəndən, xovsuz və xovlu xalçalardan, onların tarixindən, məktəblərindən, dünya mədəniyyətinə təsirindən bəhs edilir.
 

Xalça muzeyinin "Uşaq muzeyi" nin uşaqlarla bağlı fəaliyyəti də kitabda geniş işıqlandırılır.
 

Kitabda həmçinin Xalça Muzeyinin direktoru, xalça sənətinə həsr olunmuş 60-dan çox elmi əsərin, konsepsiyanın, layihənin müəllifi, sənətşünaslıq doktoru, professor Röya xanım Tağıyevanın fəaliyyəti və Azərbaycan mədəniyyətinin inkişafında gördüyü işlərə görə aldığı mükafatlar da öz əksini tapmışdır.
 

Xalqımızın adət-ənənəsinə, onun qədim xalça sənətinə ürəkdən bağlı olan gənc yazıçı Babayeva Nərminə daim dövrü mətbuatda öz maraqlı məqalələri ilə çıxış edir.
 

Müəllif "Azərbaycan xalçası" kitabına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının "Qızıl Qələm" mükafatı laureantı adına layiq görülüb.
 

Xalça muzeyinin əməkdaşı olan gənc yazarın aldığı bu mükafat hər bir muzey əməkdaşı üçün böyük fəxrdir.

Bu məqsədlə başda muzeyin direktoru Röya xanım Tağıyeva olmaqla bütün əməkdaşlar müəllifi ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır.