Kamança ifaçısı: “Rəşid Behbudov atamdan icazə istəyib ki...” Day.Az представляет интервью на азербайджанском языке.

Gənc ifaçı Mehri Əsədullayevanın müsahibəsi:

M.Əsədullayeva xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazovanın və musiqiçi, professor Arif Əsədullayevin qızıdır. Mehri Əsədullayeva indiyədək bir çox ölkələrdə təşkil edilən beynəlxalq festivallarda iştirak edib. Çıxış etdiyi festivallarda çox zaman "dünyanın ən istedadlı xanım kamança ustası" kimi təqdim edilib.

- Gənc ifaçı kimi durumdan razısızmı, niyə gənclərimiz xaricə üz tuturlar?

- Bildiyimiz kimi, rayonlarda təhsil kifayət etmədiyindən gənclər Bakıya gəlirlər. Mən demək istəmirəm ki, Avropa ölkələrinə baxanda Bakı rayon səviyyəsindədir. Amma sadəcə dünyaya açılmaq lazımdır. Azərbaycanı təmsil edən vətəndən kənara çıxmalıdır ki, ölkəni xaricdə təmsil etsin. Avropa bizi tanımalıdır.

- Şəfiqə Eyvazova sizin həyatınızda müəllim və ana kimi necə rol oynayıb?

- Valideynlər övladları üçün nə edirlərsə, mənim valideynlərim bunu mənə iki-üç qat ediblər, üstəlik, sənət aləmini də bura daxil edirəm. Konservatoriyada anamın tələbəsi olmuşam, ixtisas müəllimim olub. Amma imtahanı həmişə atama vermişəm. Bu çox qəribə idi, mənə dərsləri anam verirdi, imtahanı isə atam götürürdü. Hərçənd anamla dərslərdə heç müəllim-tələbə olmamışıq. Mənə dərs keçməyə heç vaxt zaman çatmayıb. Əslində bir tələbə kimi mən ondan narazı olmalı idim (gülür). Digər tələbələrə diqqət, qayğı göstərirdi, amma mənə çatanda deyirdi, heç nə olmaz, səninlə sonra məşğul olaram. Yəni tələbə deməsin ki, öz övladı ilə məşğul olur, biz qaldıq. Bu səbəbdən konsertmeystrimi tez-tez dəyişirdim. Sinifdəkilər eyni pianistlə imtahan verirdilərsə, mən məcbur olub imtahan qabağı başqa bir ifaçı tapıb onunla məşq edirdim. Anam həmişə deyirdi: "Narahat olma, evdə deyərəm, tez götürəcəksən, onlar gec qavrayır, qoy onlarla daha çox məşğul olum". Bu baxımdan narazı olduğum tərəflər var. Amma ümumiyyətlə, mən həmişə onu anlamışam. Bir sözü ilə havanı tuta bilirdim.

- Şəfiqə xanım kamançada solo ifa edən ilk xanımdır. Belə bir sənətkarın qızı olmaq necə hissdir?

- Anam gec ailə qurub. Bilirsiniz ki, atam da kamança ifaçısıdır, onlar uzun müddət bir ansamblda fəaliyyət göstəriblər. Getdikcə anlayıram ki, həm musiqiçi, həm də ailəli olmaq çox çətindir. Anam tez-tez qastrollara gedirdi, bunun üçün dirijorlar və s. mütləq atamın icazəsini alırdılar. Deyilənə görə, Rəşid Behbudov qastrola gedərkən anamın ansamblda çıxışı üçün atamdan icazə alırmış... Anam həm sənətdə, həm də ailədə özünü çox gözəl təmsil edib və edir də.

- Konservatoriyanı bitirən gənc musiqiçilərin əksəriyyəti özlərinə qane edici iş tapa bilmirlər. Bəzən bu səbəbdən peşələrinin dəyişməli olurlar. Məsələn, kamança ifaçısı skripkaçı, tar ifaçısı aşıq, bəstəkarlar isə müğənni olur.

- Bu, ürək ağrıdıcı məsələdir. Bəzən qonaqlığa və ya toylara gedəndə görürəm ki, ifa edəni tanıyıram. Əgər konservatoriyada kamança sinfini bitiribsə, toylarda skripka çalmağa məcburdur. Belə anlarda təəssüf hissi keçirib fikirləşirəm - onun yeri səhnə olmalı idi. Amma yaşamaq, pul qazanmaq üçün toylara gedir. Müəllim kimi işləyəndə maaş yetərli olmur, orkestrlərimiz isə barmaq sayı qədərdir. Bunlar Ü.Hacıbəyov, Niyazı adına, Kamera orkestridir, başqası, bildiyim qədər, yoxdur. Uşaqlar təhsillərini bitirib kənarda qalırlar. Düzdür, orkestrlərdə dəyişiklik olur, amma hər il yeni gənclər konservatoriyanı bitirirlər, onlar dəyişiklikləri gözləyib 5-10 il işsiz qala bilməzlər axı. Necə gedib orkestrdəkilərə desinlər ki, sən çıx, mən yerinə işləyim? Gənclər təhsillərini bitirib kənarda qalırlar.

- Sizcə, bu amil professional musiqinin tənəzzülünə səbəb ola bilərmi və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Fikrimcə, çıxış yolu var. Məsələn, mən Türkiyənin bir çox şəhərlərində olanda gördüm ki, hər şəhərin öz bələdiyyə orkestri var. Mən bir neçəsində iştirak etmişəm. Yəni deməyim budur ki, bizdə də bölgələrin - məsələn, Sumqayıtın, Gəncənin, Şəkinin öz orkestrləri olarsa rayondan gələn musiqiçilər Bakıda çarəsiz vəziyyətdə qalmaz, öz şəhərlərində fəaliyyət göstərərdilər.

- Musiqini siyasətə qatmaq olarmı?


- Musiqinin özü elə siyasətdir. Bu siyasətdən düzgün istifadə etmək lazımdır. Ölkənin, millətin, musiqinin xeyrinə iş görmək lazımdır. Əgər siyasətdə bir səhvə yol verilərsə, dəhşətli olaylara səbəb ola bilər, bu baxımdan musiqiyə barmaqarası yanaşmaq doğru deyil.

- Kamança aləti təkcə Azərbaycana məxsusdur?

- Kamança sırf bizə məxsusdur. Ancaq ona bənzər alətlər Çin, Türkiyə, İran, Özəkistan, ərəb ölkələrində də var. Hətta Misirdə də buna bənzər aləti gördüm. Onun çanağı balaca, iki və yaxud üç simli olur. Bildiyimiz kimi kamança qədim alətdir və bunun müxtəlif ölkələrdə də olması təəccüblü deyil.

- Sırf musiqi sənəti ilə dolanmaq olarmı?

- Pafosla deyirik ki, musiqiçilər istəsələr, yaxşı qazana bilər. Reallıq isə başqadır. Ancaq yaxşı musiqiçi sırf öz sənəti ilə məşğul olmalıdır.

- Bir evdə üç kamança ifaçısı... Mübahisələr olurmu?

- Əlbəttə, hər kəsin öz baxışı var, buna görə də tez-tez mübahisələrimiz düşür. Tutaq ki, mən yeni versiya təklif edirəm, onlar isə klassik üsluba üstünlük verirlər, nəticədə mübahisə yaranır (gülür). Amma həmişə ortaq nöqtə tapa bilirik.

- Dahi musiqiçilərin həyatlarına nəzər yetirəndə görürük ki, onlar tez-tez intihara cəhd ediblər. Səbəb nə ola bilər?


- Emosiyaların çoxluğu. Musiqiçilərdə emosiya çox olur, qeyriləri bəzən onları anlaya, qəbul edə bilmir və yaxud əksinə, musiqiçilər cəmiyyətdə baş verənləri qəbul edə bilmirlər. Bu səbəbdən intihar cəhdləri olur. İncəsənət adamları həmişə qəribəlikləri ilə seçiliblər. Məsələn, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə misilsiz sənətkar olmasına baxmayaraq, həmişə sadə həyata üstünlük verib. Hətta deyilənə görə, bir dəfə küçə ilə gedərkən uşaqlar onu dilənçiyə bənzədiblər. Bu cür insanların öz dünyası, öz prinsipləri, öz aləmləri var, qeyriləri buna bir qədər qəribə baxır və qarşılayır.

- Azərbaycanın ictimai həyatında baş verən hansı problemlər sizi narahat edir?

- Gənclərdə milli ruh, mentalitet hissləri get-gedə azalır.

- Konçita Vursta münasibətiniz?


- Normal. Amma müsəlman olaraq fikirləşəndə pis (gülür). Əgər bir insanın yaxşı sənəti, səsi varsa, onu qəbul etmək olar. Zaman-zaman belə müğənnilər olub və onlar oriyentasiya fərqliliyinə baxmayaraq insanlar tərəfindən sevilib. Məsələn, elə götürək Zəki Müreni, Bülənt Ərsoyu və s.

- Sizin həm də vokal imkanlarınız var. "O səs Türkiyə" yarışında iştirak etmək istərdinizmi?

- Xeyr, bu haqda fikirləşməmişəm. O yarışda iştirak edənlərdən biri olmaq istəməzdim, çünki daha fərqli çıxış etməliyəm. Amma türklərin sənət musiqisi ilə bağlı yarışmasına gedərdim, deyərdim ki, oxumaq üslubum buna yaxındır. Bilirəm ki, oxuduqlarım maraqla qarşılanar.

- Fəaliyyətini izlədiyiniz siyasətçilər varmı?

- Ölkədə baş verən ictimai-siyasi hadisələr məni həmişə maraqlandırıb və bundan sonra da belə olacaq. Ancaq mən başqa - musiqi siyasətini sevirəm və elə bu siyasətlə məşğul oluram. Siyasət təkcə ictimai siyasətlə bitmir, insana qayğı, sevgi, hörmət siyasətli var. Məsələn, satıcı alıcıya qarşı siyasət işlədib nəzakətli davranmalıdır və s.

Musavat