Neftə işləyən azərbaycanlı rəssam: "Hamı bilir ki, bu yenilik mənim adımla bağlıdır" – FOTO Day.Az представляет новость на азербайджанском языке:

Dünya Bakı neftini ikinci dəfə onun vasitəsilə tanıdı. Bu dəfə təkcə tanımadı, onu sevdi, qiymətləndirdi, hətta alıb evinin ən yaxşı köşəsindən asdı da. O, Azərbaycanı dünyaya əllərini neftə batırıb çəkdiyi qiymətli rəsmlərilə tanıdır. Onun əsərləri dünyanın bir çox muzeylərində - ABŞ, Belçika, Yaponiya, Türkiyə, Almaniya, Britaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Müsahibim rəssam Sabir Çopuroğludur. Onu digər rəssamlardan fərqləndirən daha çox rəsmlərinin fərqli işlənmə texnikası olsa da, rəssamın əsərələri mövzu baxımından da özünəməxsus və bənzərsizdir.

Əslən Borçalıdan olan Sabir Çopuroğlu 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil alıb.Əsərləri 1980-ci ildən müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunur.

Publika.az rəssamla müsahibəni təqdim edir:

- Sabir müəllim, ənənəvi sualı verim, rəssamlığa necə başladınız? Necə oldu yeni rəssamlıq texnikası yaratdınız?

- Mən uşaq vaxtından rəssamlığa başlamışam. Əlimə nə keçirdisə, onunla divarda rəsmlər çəkirdim, karandaşla divar kağızını yazırdım. Mən Gürcüstanda yaşamışam, evimiz dağların, meşənin ətəyində idi. Yazın əvvəlində biz divarları ağardardıq, odun peçini çölə çıxarardıq. Mən də nənəmə kömək edirdim. Peçi çıxaranda əlim turbadan qapqara oldu. Hisdən qaralmış əlimi divara sürtdüm, başladım qaralmış əlimlə şəkillər çəkməyə. Bu, xoşuma gəldi. O vaxtdan məndə rəssamlığa həvəs oyandı. Neftlə işləməyə həvəs də elə uşaqlıqdan yaranıb. Mən balaca olarkən nənəmin ayaqlarında, oynaqlarında ağrılar olurdu. Ona Naftalandan bir şüşə neft gətirmişdilər. Mən də evin bir küncündən həmin şüşəni tapdım və əlimə tökdüm, ağlıma nə gəldisə, onu divara çəkməyə başladım. Bütün divarı qaralamışdım, nənəm gəldi və məni döydü (gülür). O vaxt onu bərk hirsləndirmişdim. Dedi ki, ay bala, axı, bu, mənim dərmanımdır. Məktəbdə də müəllimlərim mənə çox dəstək oldular. Orta məktəbi bitirəndən sonra Bakıya gəldim. Lakim Rəssamlıq Akademiyasına imtahana gecikdiyimdən Rəssamlıq Texnikumunda təhsil aldım. Sonra Gürcüstanda Rəssamlıq Akademiyasında oxudum. Amma o vaxtlar tədbirlər keçirilərkən Bakıya tez-tez gəlirdim və əsərlərimi gətirərək sərgilərdə iştirak edirdim. Sonra vəziyyət elə gətirdi ki, ailəmlə bərabər Bakıya gələsi oldum. Çox axtarışda idim, fikirləşirdim ki, nə edim. Onda mənim uşaqlıqda neftlə divara çəkdiyim şəkil yadıma düşdü. Getdim neft götürdüm və ona qurumaq üçün bəzi maddələr qatdım. Beləcə neftlə şəkillər çəkməyə başladım. Gördüm ki, maraqlı alınır və başladım sırf azad işləməyə.

- Nənəniz indi yaşayırmı?

- Bəli. Onun indi yaşı 100-ü keçib. Rusiyada Belqorod şəhərində oğlunun yanında yaşayır.

- Peşiman olubmu sizi o vaxt döydüyünə görə?

- (Gülür) Hə.. Bir neçə gün öncə ona zəng elədim və 8 Mart bayramını təbrik etdim. Mənimlə bağlı Rusiya televiziyaları da veriliş hazırlamışdılar. O da həmin verilişi izləyib. Nənəm də mənim uğurlarıma görə sevinir. Axırıncı dəfə danışanda dedi ki, bala, gördün, mən sənə çörək verdim.

- Daha çox özünüz istədiyiniz üçün, daxildən gəldiyi üçün çəkirsiniz, yoxsa sifarişə görə?

- Əlbəttə, bu mənim işimdir. Mən bu işdən pul qazanıram. Çəkəndə fikirləşmirəm ki, bunu məndən alacaqlar ,ya yox. Şükür Allaha ki, alan, maraqlanan olur. Yəni daxildən gəldiyi üçün çəkirəm. Hər il Bakıda Beynəlxalq Neft-Qaz Sərgisi təşkil olunur. Mən 60 əsərimlə orada çıxış eləmişəm. Azərbaycan pavilyonu o zaman birinci yer almışdı. Təbii ki, sifariş də olur.

- Bir rəsm əsərini çəkmək üçün nə qədər vaxt tələb olunur?

- Bu, əsərdən asılıdır. Olur ki, 2-3 gün çəkir. Əsərin həcmi, ölçüsü burada rol oynayır. Neft elədir ki, gərək onu tez çəkib bitirəsən. Quruyana kimi əsər bitməlidir. Elə olur ki, böyük əsər olanda bir həftə də çəkə bilir. Uzunluğu 2 metrədək əsərlər olur ki, onlar 10 gün də çəkə bilir. Amma əsasən 1-2 gün çəkir.

- Siz rəsm çəkərkən həmin prosesin özündən həzz alırsınız, yoxsa son nəticə sizi sevindirir?

- Əlbəttə, prosesin özündən də ləzzət alıram. Amma mənim işim elədir ki, mən bu işlə yaşayıram. Bu iş mənim beynimdən gəlir. Heç vaxt hansısa əsəri "kopiya" eləməmişəm. Çalışıram öz beynimin məhsulunu ortaya qoyum. İndi çoxu mənim neftlə çəkdiyim əsərləri götürüb qəhvəyi rəngli boya ilə eynisini çəkib satır. Mən onlara heç nə demirəm. Onsuz da hər əsərin öz qiyməti var. Mən həmin əsəri 500-1000 manata satıramsa, onlarda 50-100 manata satırlar. Mənim onlarla işim yoxdur. Qoy onlar da çörəkpullarını qazansınlar.

- Ən uğurlu hesab etdiyiniz əsəriniz hansıdır?

- Ən uğurlu əsərlərimdən "Qarabağ şikəstəsi", "Xanəndələr", "Musiqi alətləri", Milli qəhrəmanlarımıza həsr etdiyim əsərlərim var. İçərisində ən çox sevdiyim Heydər Əliyevin 90 illiyi ilə əlaqədar çəkdiyim "Qədim Bakı" əsəridir. Orada neft mədənləri, Bakının tarixi keçmişi əks olunur. Həmin əsərim satılıb. Beynimdə, ürəyimdə yaradacağım, yaratmaq istədiyim əsərlərim çoxdur. Amma gördüyünüz kimi emalatxanam çox kiçikdir. Burada bir çox əsərlərim üst-üstə yığılıb. Çoxlu eskizlərim də var. Yadıma düşdükcə qeyd edirəm ki, unudulub getməsin. Nə vaxtsa imkanım olanda yenidən müraciət edə bilim.

- Əvvəllər neft tapmaqda çətinlik çəkirdiniz. O problem indi həll olunub?

- Hə, mən əvvəllər Bayıla gedib neft yığılıb qalmış, qatılaşmış ərazilərdən neft götürürdüm. Amma sonralar həmin yerlər təmizləndi və hasarlandı. Çünki oralar strateji ərazidir və qorunmalıdır. Mənimlə bağlı film çəkiləndə də icazə alıb gedib götürürdük. İndi də mən istəyəndə neft verirlər, gedib götürə bilirəm.

- Neftin haradan alınmasının fərqi varmı? Yəni tərkibi, keyfiyyəti baxımından soruşuram.

- Bayılda, Ramanada olan neft quyularından neft alınır. Bunların rəngində fərq olur. Ramanada neft bir qədər tünd rəngdədir, amma Bayılda açıqdır, şokolad rəngində. Mən bunlara müxtəlif maddələri qarışdırıram. Keyfiyyətə gələndə isə, Bakı nefti keyfiyyətlidir.

- Rəsm çəkmək üçün sizdə ideya necə yaranır?

- Mənə bu istedadı verən Allahdır . Bu neftin ideyasını da verən Allahdır. O, yol açır, qapı açır, gəlib-gedənlər də sifariş verirlər. Ümumiyyətlə, rəssam elədir ki, o, axtarışda olmalıdır. Yenilikləri tətbiq etməlidir. Belə bir söz var, Tanrı deyir, sizdən hərəkət, məndən bərəkət. Təkcə rəssamlıq deyil, incəsənətin digər sahələri də istedad, qabiliyyət İlahidən gəlmədir. Düzdür, elə rəssamlar var ki, əsərlərini oradan-buradan götürürlər, yəni oğurlayırlar. Amma onlar sözsüz ki, bilinir. Ən böyük sifarişim Naftalandan olub. Orada keçmiş Sovetlər Birliyindən qalan müalicəvi sanatoriya təmir olundu. Orada mənim 200-ə qədər əsərimdən istifadə olunub. Naftalan nefti çox qiymətli olub. O vaxt Almaniyadan gəlib həmin nefti şüşələrə doldurub aparıblar və müalicə üçün istifadə ediblər. Hətta deyirlər ki, müharibə vaxtı döyüşən yaponların hamısının üzərində 50-100 qram Naftalan nefti olub. Ondan dezinfeksiya etmək və digər vasitə kimi istifadə ediblər. Girişdə mənim təxminən 4,5 metr hündürlüyündə böyük bir tablom asılıb.

- Əsərlərinizi neçəyə satırsınız?

- Qiyməti demək istəmirəm. Mən, ümumiyyətlə, burada əsərlərimi baha satmamışam. Türkiyədə petrol şirkəti bir neçə əsərimi alıb. Nə olur, Allah bərəkət versin! Rəssam işi elədir ki, ola bilər ki, aylarla heç bir əsərin satılmaz, ola bilər ki, ildə bir əsərin satılar, amma onunla il boyu dolana bilərsən. İlk dəfə məndən 3 rəsmimi bir alman ailə aldı. İlk dəfə satdığım o 3 əsərə 1000 dollar pul vermişdilər.

- Yəni bahalı rəssam demək olar sizə?

- Yox, mənim işlərim bahalıdır. Amma burada bahalı əsərlər satmıram. Ümumiyyətlə, çox tanınmış adamlarda mənim əsərlərim var. Onlar əsərlərimi xaricə aparıb bir çox muzeylərə təqdim edirlər.

- Həyatınızda savab işlər görmüsünüz?

- Hə, olub. Mənim çox əsərlərimdən, imzamdan istifadə edib pul qazanırlar. Mənim onlarla işim yoxdur. Bu, özü də bir savabdır. Heç buna görə "sağ ol" da demirlər. Bu mənim üçün savabdır, mən onlara toxunmaram, kiminsə çörəyini kəsmək günahdır. Çox adamlara kömək eləmişəm. Olub ki, kimsə gəlib ki, xəstəyəm, imkanım yoxdur, ona pul vermişəm. Mənim özümün də çox kasıb, imkansız vaxtlarım olub. Amma Allah etdiyin savabın əvəzini çatdırır həmişə . Bir adamın çox pis vəziyyətdə olduğunu görsəm və məndə ola-ola ona kömək etməsəm, çox pis olaram, ürəyim ağrıyar. Mən köməklik edəndə düşünmürəm ki, həmin adam onun əvəzini qaytaracaq. İstəsə qaytarsın, qaytarmasa da, halal xoşu olsun. Amma elə adamlar var ki, milyonu var, bir imkansıza, ehtiyacı olana bir qəpik vermir. Kim nə edir özünə edir. Allahı ki aldatmaq olmur, o hər şeyi yuxarıdan görür. Bir şeyi də deyim, get-gedə rəssamlıq çətinləşir. Mən özüm də çox çətinliklər çəkmişəm. Ailəmdə 5 nəfər var idi və təkcə mən işləyirdim. Bizim Tiflisdə gözəl evimiz var idi. Lakin sonra azərbaycanlıları Gürcüstandan çıxarırdılar. Mən də ailəmlə Bakıya gəldim. O vaxt ailəmi dolandırmaq üçün avtomobil dayanacağında 2 il gözətçi işlədim. Gecə növbəsində işləyə-işləyə rəsmlər də çəkirdim. Həmin əsərlərim çox qiymətli əsərlər idi. Mən heç vaxt bundan utanmıram. İnsan oğurluq etməsin, burada ayıb nə var ki? Yaxşı adam daşdan da pul çıxarmalıdır.

- Belə deyirlər ki, rəssam olmaq üçün həm də azad olmaq lazımdır.

- Bəli, rəssam olmaq üçün əvvəl-axır azad olmaq lazımdır. Sovet dövründə sosializm-realizmi deyilən bir cərəyan var idi. Rəssamlar onun təsiri altına girirdilər. Lakin o vaxt da azad rəssamlar var idi. Elə olurdu ki, onların işlərini Moskvaya sərgiyə aparanda siyahıdan çıxarırdılar. Amma get-gedə insanlar onu qəbul etdilər ki, rəssam azad olmalıdır. Azadlığı heç kim rəssamın əlindən ala bilməz. O, ölən günə kimi işləyir.

- Rəssamlıq Akademiyasında bu neftlə bağlı yaratdığınız yeni rəssamlıq texnologiyasını tədrisini düşünmürsünüzmü?

- Bu sahəyə maraq var. Akademiyanın rəhbəri Ömər Eldarov çox yaxşı insandır. Yəqin ki, ona müraciət etsəm, kömək edər. Hələ bu barədə fikirləşmirəm, vaxtım olmur. Mənim oğlum davamçımdır. Davamçı deyəndə ki, o, Rəssamlıq Akademiyasının keramika fakültəsini bitirib. Çox ciddi çalışan uşaqdır. Mən onu yavaş-yavaş öyrətdim. Neftlə çəkmək mənim ideyamdır və ilk dəfə bu texnikanı mən kəşf eləmişəm. Bu sahədə bəzi tələbələrim olub, amma onlarda bu bir maraq olduğu üçün sonra sönüb gedib. Mən bu sahənin patent sənədini də almışam. Hamı bilir ki, bu yenilik mənim adımla bağlıdır. Mən bütün dünyada hələ neftlə rəsm çəkən belə birinə də rast gəlməmişəm və ilk dəfə mənim ixtiram olub.

Böyütmək üçün şəkillərə klikləyin: