Naibə Allahverdiyeva: "Kişilərə də belə deyəndə xoşlarına gəlir" - MÜSAHİBƏ

Day.Az представляет новость на азербайджанском языке:

Dünən Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, əməkdar artist Naibə Allahverdiyevanın doğum günü idi. Təbii ki, yaşını bilənlər bilir, bilməyənlər də Molla Nəsrəddin demişkən, bilənlərdən soruşsalar yaxşıdır. Çünki səbəbkar bu məsələdə çox həssasdır.

Biz də doğum günündə bu həssas xanımla Ölkə.Az olaraq qısa doğum günü söhbəti etmişik...

- Naibə xanım, doğum gününüzü necə qeyd etdiniz?

- Ötən il düşünürdüm ki, qızım ali məktəbə daxil olsun, bu il ad günümü təmtəraqlı qeyd edəcəyəm. Doğrusu, Binəqədi rayonunda baş vermiş faciəyə görə heç ürəyim açılmadı. Ona görə də qeyd etmədim.

- Deyirlər qadından yaş, kişidən maaş soruşmazlar. Sizcə. doğru fikirdi?

- Kişidən maaşı gərək mütləq soruşasan (gülür). Amma qadınlar yaşlarını deməyi sevmirlər, istəyirlər ki, həmişə cavan, gözəl görünsünlər. Ancaq bəzi kişilər var ki, mədəniyyətsiz davranırlar, qadından yaş soruşurlar.

- Yəni qadının yaşını soruşmaq mədəniyyətsizlikdir?

- Şəxsən mənim xoşuma gəlmir. Ümumiyyətlə, qadının yaşı göründüyü qədərdi.

- Sizə neçə yaş verirlər?

- Kənardan 40-42 yaş verirlər.

- Gənc göründüyünüzü deyəndə reaksiyanız necə olur?

- Xoşuma gəlir. Təbii ki, kişilərə də belə deyəndə xoşlarına gəlir. İnsan hər zaman gözəl, cavan görünmək istəyir.

- Müsahibələrinizin birində bildirmişdiniz ki, qızınız ali məktəbə daxil olandan sonra öz şəxsi həyatınız barədə düşünəcəksiniz. Qızınız artıq tələbədir...

- Hər şey qismətdən asılıdır. İnsanın taleyində nə varsa, odur. Hələ ki, qızım Məryəm yanımdadır, rastıma da elə bir insan çıxmayıb.

- Qızınızın şəxsi həyatıyla bağlı seçiminə müdaxilə edəcəksiniz, yoxsa qərarı özü verəcək?

- Mənim razılığım mütləq olmalıdır. Demək olar ki, onu tək böyütmüşəm. Qızımın gələcəyinin mənim həyatıma çox böyük təsiri olacaq.

- Başqa bir müsahibənizdə demişdiniz ki, gənclər sizə simpatiyalarını daha çox ifadə edirlər. İndi də belədir?

- Bəlkə də sənətimə simpatiyaları var.

- Sənəti nəzərdə tutmuram...

- Məndə artıq o maraq yoxdur ki, kim mənə baxır, kim baxmır.

- Əvvəl var idi?

- Məni daha önəmli şeylər maraqlandırır.

- Məsələn?

- Ən önəmlisi sağlamlığımdır. Sağlamlığımda problem olmasa da, artıq bu barədə düşünməyi önəmli sayıram. İnsan ömrü çox qısalıb. Həyatda daha gözəl şeylərdən zövq almaq istəyirəm. İstəyirəm dünyanın gəzim...Vaxtıma az qalıb da (gülür). Sənətdə nələrsə etmək istəyirəm, qızımın ali məktəbi tez başa vurub oğul-uşaq sahibi olmasını arzulayıram.

- Teatrda hansı yeniliklər var?

- Hələ ki heç nə yoxdur.

- Bəs serial, film?

- Şahin Zəkizadənin "100 kağız" filminə, "Boyunbağı" serialına çəkildim. Aktrisayam, çəkilmək istəyirəm. Amma hərdən fikirləşirəm ki, nə yaxşı indiki bəzi seriallara çəkilməmişəm. Olan-qalan hörmətimi də itirərdim.

- Dolanışıq necədir?

- Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyuram.

- Bu dəqiqə hansının papağı hansının başındadır?

- Şükür ki, vəziyyət pis deyil. Prezident mükafatı da alıram. Buna görə çox sevinirəm. Çünki qızım pullu təhsil alır. Bəzən xınayaxdı mərasimlərinə də gedirəm.

- Bir rejissordan eşitmişdim ki, Naibə Allahverdiyeva səhnədə qarı nənəni oynasa da, zahiri görünüşünü düşünür...

- Bu, səhv fikirdir. Təbii ki, gözəl qadın obrazı oynayıramsa, səhnədə gözəl görünmək istəyirəm. Məsələn, "Pəri Cadu" tamaşasında Şamama Cadunu oynamışamsa, çalışmışam ki, sifətim maksimum dərəcədə qorxunc olsun. Mən model deyiləm ki, səhnəyə çıxıb özümü göstərim. Düzdür, tamaşaçı səhnədə gözəlliyi sevir, amma mənim obrazlarım müxtəlifdir. 75 yaşlı, 120 kilosu olan qoca nənəni oynamışam. "Sarıköynəklə Valehin nağılı" tamaşasında oynayıram. Bir dəfə tamaşamıza 8-9-cu sinif şagirdləri də gəlmişdi. Mən səhnəyə çıxanda "aaay necə gözəldi" deyib reaksiya verirdilər, səhnədkilər də bunu görürdülər. Zalda elə danışırdılar ki, səhnədə açıq-aydın eşidilirdi. Yəni, bu, roldan asılıdır.

- Görkəminizdən razısınız?

- Şükür ki, Allah mənə görkəm verib. Amma arıqlamaq istəyirəm. Səhnədə yaxşı görünsəm də, efirdə 10 kilo artıq görünürəm.

- Qadın kimi özəlliyiniz nədir?

(Rəfiqəsindən soruşur İ.V.) Rəfiqəm deyir ki, heç kimə bənzəməyən zahiri görünüşün, bədən quruluşun var. Deyir bir milyonun içində seçilirsən. Xüsusən bədən quruluşumun gözəl olduğunu deyir

- Bədən quruluşu deyərkən?

- Rəfiqəm deyir ki, belinin incəliyi və gözlərin fərqlənir. Yəni onun məndə bəyəndiyi belimin incəliyi və gözlərimdir.

- Teatr aktrisaları arasında tez-tez mübahisələr olur. Son zamanlar bu mübahisələr kimin daha çox tanınması, sevilməsi məsələsindən doğur. Sizcə Gənc tamaşaçılar Teatrını ən tanınmış aktrisası kimdir?

- Vaxtilə tanınmış olanlar var.

- İndi çalışdığınız teatrda sizdən daha çox tanınan aktrisa var?

-Tanınmaq başqa, sevilmək başqadır. İnsan efirdə olub, tanına bilər. Tanınmağa nə var ki? Bu dəqiqə tanınmaq asandır.

- Onda belə soruşum-teatrınızda sizdən daha çox tanınan aktrisa kimdir?

-(düşünür) Mənim qədər tanınan aktrisa yoxdur. Tanınırlar e, amma mən qədər tanınmırlar. Tanınmaq sözünü sevilməklə əvəz edərdim. Əvvəllər aktrisalar rollarla tanınırdılar, indi verilişlərlə. Roluyla tanına bilməyən sosial yönümlü verilişlərə çıxıb tanınır. Bir ay efirə çıxmayanda da unudular.