Ayaz Salayev "18+"u dəstəklədi

Day.Az представляет новость на азербайджанском языке:

Avqustun 1-də Oda teatrı Azərbaycan tamaşaçısına ""MimOda 18+" tamaşasını təqdim edəcək.

Tamaşada aktyor Elmin Bədəlovun tərəf müqabili fransalı aktrisa Elza Furtadoyadır. Açıq-saçıq səhnələrinə görə ictimaiyyət arasında narazılığa səbəb olan tamaşanın müdafiəsinə ilk olaraq, kinoşünas Ayaz Salayev qalxıb.

O, AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycan tamaşaçısı açıq-saçıqlıq haqda fikirlərini dəyişməlidir: "Oda teatrında hazırlanan tamaşada olan səhnələr məndə heç bir etiraz hissi doğurmur. Dünya dəyişdikcə, mədəniyyət, incəsənət və açıq-saçıqlıq haqqında təsəvvürlər də dəyişməlidir. Hətta mənə elə gəlir ki, çoxdan dəyişib. Azərbaycan tamaşaçısı ekranda və səhnədə reallığı görmək istəyir. Reallıq isə başında kələğayı olan qadının pafoslu səhnələrindən ibarət deyil".

Tamaşada rol alan fransalı aktrisa Elza Furtadoya gəlincə, A.Salayev onun obrazını azərbaycanlı aktrisanın oynamamasından məyus olduğunu deyib:"Niyə bu rolu Azərbaycan aktrisası oynamır? Hansısa aktrisa deyirsə ki, "ailəm mənə açıq-saçıq səhnələrdə oynamağa icazə vermir, rejissor onunla həmin anda vidalaşmalıdır. O ailə övladı bu sənətə gedəndə düşünməlidir. Aktrisa bu yolu seçirsə bilməlidir ki, bu sənətdə onu hər şey gözləyir. Böyük rejissor Nikita Mixalkov Bakıya gəlmişdi. Dedi ki, "aktyora "şalvarını soyun" deyəndə o, sənə "nə üçün" sualını verməməlidir. Əgər aktyor "nə üçün" deyirsə, onunla işi bitirməlisən". Rejissor aktyora "şalvarını çıxart" deyirsə, düşünməlidir ki, bunun arxasında sənət var, artıq peşə haqqında düşünməlidir".

A.Salayev Azərbaycanlı aktrisalara da müraciət edib: "Ya səhnəyə çıxıb soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin. Nə qədər ki, səhnəyə çıxıb soyunmayacaqsınız, rejissorlar xaricdən aktrisa gətirəcək. Bizimkilər də onları səhnədə görüb baxa-baxa, yana-yana qalacaq. O, başa düşməlidir ki, aktrisadır və ona verilən obrazı oynamalıdır".

Rejissor öz filmlərindəki açıq-saçıq səhnələrə də toxunub: "Yadınızdadırsa Vəfa Zeynalova buna oxşar filmdə rol alanda ona müəyyən təziqlər oldu. O, mənim aktrisam olmasa da o zaman onu müdafiə etdim. Əgər bu tamaşa da ictimaiyyət tərəfindən etiraza səbəb olarsa, onu da müdafiə edəcəyəm".