Aktyor Rəşad Səfərov: "Qocalardan başqa bütün aktrisalar ilə öpüşərdim" - FOTOSESSİYA

Day.Az представляет новость на азербайджанском языке.

Aktyor Rəşad Səfərovun Milli.Az-a müsahibəsi.
 

- Rəşad bəy, incəsənətə bir çoxları vəfasız sənət deyirlər. Siz necə fikirləşirsiz, həqiqətən, bu sənət vəfasızdır?

- Xeyr, mən elə deməzdim. Aktyor həmişə sevilib-seçilən insan olub. Düzdür, bəzi aktyorlar var ki, illər keçir, lakin onu dəyərləndirmirlər. Ondan sonra gələnlərə baş rol verildiyi təqdirdə ona heç bir rol vermirlər. Bəlkə də onlar bu sözü deyiblər. Əgər sən sevilən, seçilən aktyorsansa, həmişə sənə rol veriləcək. Rəhbərlik də görür ki, bu aktyor, həqiqətən də, reytinq qazandıran aktyor deyil, ona görə də yavaş-yavaş onu sıradan çıxarır. Mən bir şeyi boynuma alıram ki, filmdən, televiziyadan qazandığım uğurları bu gün teatrdan qazana bilmirəm.
 

- Bu teatrdır, televiziya deyil ki, reytinqi olmayan aktyoru işdən çıxarsınlar. Sizcə, bu düzgün mövqedir?

- Teatrlarda müxtəlif rejissorlar var, onlar hər aktyor ilə işləməyi sevmirlər. Aktyor var ki, iki kəlmə sözü deyə bilmir, aktyor da var ki, qocalıb öz təxəyyülünü itirir. Artıq o, səhnədə heç nə edə bilmir. Söhbət tək bizim teatrdan getmir. Ona görə də rejissorlar o aktyorlarla işləmir. Mənlə işləyən rejissor da var, məndən zəhləsi gedən rejissor da. Bu, normal bir şeydir. Bəzən tamaşalarda baş qəhrəmanı elə aktyora verirlər ki, o yükü dartıb arxasınca apara bilmir. Teatr ona etimad göstərir, amma o, səhnədə etimadı doğrulda bilmir.
 

- Bir müddət teatrı tərk etdiniz. Teatrı tərk etməyinizin səbəbi etimadı doğrulda bilməməyiniz idi, yoxsa başqa bir səbəb?

- 2014-cü ilin oktyabr ayında əmrim Xocahəsən mədəniyyət evinə direktor verildi. Mən orada 2015-ci ilin aprel ayına kimi dözdüm. Aprel ayında teatra qayıtdım, çünki, sözün yaxşı mənasında, aktyora paxıllığım tutdu, səhnə üçün çox darıxdım. Orada heç bir problem filan olmadı. Hər dəfə teatrın yanından keçəndə ürəyimdən ağrı qopurdu, səhnə üçün burnumun ucu göynəyirdi. Mən teatrı tərk edəndə direktorumuz əvvəlcədən demişdi ki, sən orada dözə bilməyəcəksən. Demək ki, mənim yerim yalnız teatrdır.
 

- Bəlkə də qayıtmağınızı istəməyənlər də var idi.

- Nə bilim? Bəlkə də. Çünki hiss etməmişəm, bizim teatrda hamı çox mehribandır. Mən mədəniyyət evində çalışanda da oradakılar ilə vaxtaşırı əlaqə saxlayırdım.
 

- Səhnədə ehtiras yaratmaq vacibdirmi?

- Mənim fikrimcə, yox, səhnədə ehtiras yaratmaq vacib deyil. Çünki bizim hər cürə tamaşaçımız var. Bura Azərbaycandır, milli mentalitet deyilən bir anlam var, onu qoruyub saxlamaq lazımdır. Bizim teatrımızın səhnəsində elə bir açıq-saçıq tamaşalar olmayıb. Açıq-saçıqlığı şərti, fantastik üslübda da vermək olar. Teatr şərtiliyi sevir.
 

- Amma gəlin razılaşaq ki, müasir tamaşaçı bunu istəyir.

- Əgər biz tamaşaçıdan danışırıqsa, onda tamaşaçılarımızın səviyyəsindən də danışmalıyıq. Psixoloji və gözəl bir tamaşa olub ki, antraktdan sonra tamaşaçı çıxıb gedib. Amma "3 badam, 1 qoz" tamaşaları olub ki, anşlaq olub. Ora gələnlər hansı fikirlə gəliblər, bilmirəm. Düzdür, tamaşa tamaşaçı üçündür. Tamaşaçını nəzərə alsaq, gərək biz onda teatrda işləməyək. Milli mentaliteti qoruyub saxlamaq lazımdır, biz açıq- saçıqlığı qabarıq şəkildə verə bilmərik. Şəxsən mən rejissor olsaydım, açıq- saçıq tamaşalar hazırlamazdım. Çünki həmin yerlərdə siz tamaşaçının səsinə, küyünə nəzər salsanız, görərsiz ki, aktyoru fitə basırlar. Mən intim səhnələri yalnız filmdə oynaya bilərəm. Aktyor hər rolu oynamağa məcbur deyil. Elə rol var ki, aktyorun ampluasına uyğun gəlmir. Aktyor bu zaman neyləməlidir? Adicə bir misal çəkim. Siz gətirin Nurəddin Mehdixanlıya, Fuad Poladova yüngül bir rol verin. Görün öhdəsindən gələ biləcəklər? Onlar bu kimi rolların öhdəsindən gələ bilməyəcəklər.
 

- İntim səhnələrə çox çəkilmisiz?

- Bəli, çox yüngül bir formada intim səhnələrdə çəkilmişəm. Siz bilirsiz ki, televiziyada o cür səhnələri bizdə qəbul etmirlər. Hansısa bir xarici film və seriala dəvət etsələr, orada tam rahat çəkilərəm, çünki aktyoram. Cəfər Cabbarlı adına kinostudiyada "İlahi məxluq" adlı bir film çəkildi. Bu filmdə Nurəddin Mehdixanlı ilə Vəfa Zeynalovanın intim səhnəsi var idi. Yutuba da daxil olan kimi bu cür başlıqla yazılır. Amma fakt elə deyil axı. Çünki bu kinoya mən də çəkilmişəm. Bu kadrlar çəkiləndə mən də orada idim. Bu kadrlar çox şərti formada çəkilmişdi. Fantaziyalar çox şablondur. Pərdələr... Hansı rejissoru dindirirsən, ilk növbədə, o cür səhnələri çəkmək üçün pərdələr gözünün qabağına gəlir. Pərdənin o üzü. Onları da mən qınamıram, çünki bizdə hal-hazırda bu tip səhnələr qəbul olunmazdır.
 

- Bəlkə də, heç bu filmdə o qədər də çox açıq-saçıq səhnələr yox idi. Amma çox danışıldı və hər iki sənətçi qınandı.

- Ssenari ilə yaxından tanış olduğum qədərilə deyə bilərəm ki, orada açıq-saçıqlıq var idi. Amma göstərirsənsə, tam göstər, göstərmirsənsə, heç göstərmə. Bu nə Vəfanın, nə də Nurəddin Mehdixanlının günahı idi. Sadəcə, rejissor o səhnəni bu cür görmüşdü. Mən ya işi tamlığı ilə görərəm, ya da onu bacarmayacağamsa, heç o barədə düşünmərəm.
 

- Elə buna görə də açıq-saçıqlıq aktrisanın sonrakı həyatında da ona problem olur.

- Bəli, o problemlər ancaq bizdədir. "Aktrisa" filminə Moskvadan Alina adlı bir aktrisa dəvət olunmuşdu. O danışırdı ki, teatrda arada olan kompleksi götürmək üçün biz aktrisalar aktyor yoldaşımızla öpüşürük. Onlarda bu cür sərbəstlik var. Aktrisanı, aktyoru qoyaq kənara. Bakı kəndlərində 14 yaşı olan qızları oxutdurmurlar, ərə verirlər. Amma xəstəxanaya gedəndə qadın həkim axtarırlar. Bizim düşüncəmiz bu cürdür. Mən də üç qız atasıyam. Həyat yoldaşım da dram və kino aktyoru kursunu bitirib. Mən çox qısqanc insan olduğumdan onu aktrisa kimi qəbul etmədim. Həyat yoldaşım yalnız evdə uşaqlarıma ana ola bilər. Qızlarımın da heç vaxt aktrisa olmasını istəmərəm.
 

- Öpüşməkdən söhbət düşdü. Bizdə bu cür məşqlər olsa, hansı aktrisa ilə öpüşmək istərdiz?

- Qocalardan başqa bütün aktrisalar ilə öpüşərdim (gülür).
 

- Deməli, həyat yoldaşınız da aktrisadır. Necə tanış olmusunuz?

- Biz onunla İncəsənət Universitetində oxuyarkən tanış olmuşuq. Mən 3, o isə 1 ci kursda oxuyurdu. Hətta gedib evlərində demişdi ki, bir rus oğlan mənə baxır. Bir neçə gün sonra bilib ki, azərbaycanlıyam (gülür).
 

- Aktrisa kimi fəaliyyət göstərməməsinə özü də razı idi?

- Bəxtim elə gətirdi ki, özü razı oldu. Razı olmasaydı, da məcbur edərdim. Belə şey olar ki, Rəşadın arvadı aktrisa? Mən şəxsən qəbul etmirəm. Bu, bəşəriyyətdə ola bilməz. Bu xasiyyət, bu qısqanclıq ki, məndə var, heç vaxt həyat yoldaşımı aktrisa olmağa qoymaram. O, evində aktrisadır, 3 dənə də aktrisası var. Mən də onun rejissoruyam, evimizdə tamaşalar qururam (gülür). Arvad nədir, aktrisa nədir? Arvad kişinin gözünün qabağında olmalıdır.
 

- Amma yəqin ki, bu sözünüz həyat yoldaşı ilə eyni sənəti paylaşan həmkarlarınız tərəfindən birmənalı qarşılanmayacaq.

- Təbii ki, bu, mənim öz subyektiv fikrimdir. Mən heç kimin yox, öz ailəmdən danışıram. Bizim teatrda da eyni sənəti paylaşan insanlar var. Onlar teatrda tanış olub, evləniblər. Bu, inamsızlıq deyil, bir xəstəlikdir. Bu xəstəlik məndə var. Mənim öz yoldaşım da çox qısqanc biridir.
 

- Aktrisalara qarşı niyə bu cur fikirlər dolaşır?

- Elə aktrisalar var ki, həqiqətən, başlarına and içmək olar. Bizim və digər teatrlarda olan aktrisaların hamısı. Bu sualın cavabını məndən də yaxşı bilirsiz. Bu sənətə çox qəribə gözlə baxırlar. Universiteti bitirəndən sonra həyat yoldaşım, qızım və mən İrəvan teatrında bir tamaşa oynadıq. Görən soruşurdu ki, yoldaşın aktrisadır? Soruşmağın da dərəcəsi var da, bir də görürdüz ki, oturub dost-tanışla çay içirik, biri gəlib yüksək tonla soruşur. Bəzən də görürsən ki, hansısa aktrisa bir açıq-saçıq filmdə çəkilir. Həmin dəqiqə zəng edib soruşurlar ki, o filmdəki aktrisanın nömrəsi yoxdur səndə? Deyirəm ki, sən onu tanıyırsanmı? Tanımadığın insana qarşı niyə o fikirdə olursan ki? Onun ailəsi, uşağı, yoldaşı var.
 

- Səhnədə "Təhminə və Zaur" tamaşasında oynasaydınız, Təhminə kimi hansı aktrisanı seçərdiniz? Nəsibə Eldarovanı, Naibə Allahverdiyevanı, yoxsa Kəmalə Hüseynovanı?

- Əlbəttə ki, Kəmalə xanımı. Ümumiyyətlə, Kəmalə xanım güclü aktrisadır. O, bütün tamaşalarını ürək yanğısı ilə yaradıb. Nəsibə xanım bu obrazı cavanlıqda yaxşı oynayardı. Naibə xanım da gözəl aktrisadır, özünə məxsus rolları var.
 

- Deməli, Zaur kimi sevişmək hələ də ürəyinizdə qalıb.

- Əgər sevgi rolunu oynayırsansa, çalışmalısan ki, tərəf müqabilini sevəsən. Tərəf müqabili aktyor üçün çox şey deməkdir. Elə aktyorlar var ki, tərəf müqabilinin zəif olmasını istəyir ki, özünü solo göstərsin. Amma mən istərdim ki, tərəf müqabilim güclü olsun. Ondan nəsə almalıyam ki, nəsə verim. Bəzən də problemlər olur. Çalışırıq ki, o səhnənin üstündən yüngül formada keçək.
 

- Aktyor Kamran Ağabalayev müsahibəsində çəkinmədən gey rolunu cəsarətlə oynayaram demişdi. Bəs siz necə fikirləşirsiz?

- O vaxtlar Gənclər Teatrının səhnəsində "Pasport" tamaşasında gey rolunu oynamışam. Bu rolu oynadığıma görə heç bir qınağa məruz qalmamışam. Nə aktyor yoldaşlarım tərəfdən, nə də ki tamaşaçılardan.
 

- Bəs bu gün oynayarsız?

- Nə bilim, nə deyim? Bəlkə də oynayaram. Bilmirəm.
 

- Bəlkə də, hər şey rejissorun yozumundan asılıdır.

- Bəli, sizinlə razıyam. Pis aktyor yoxdur, pis rejissor var. Aktyor plastilindir, rejissor onu istədiyi kimi əyməlidir. Hər bir aktyorun içində özünəməxsus bir qığılcım var. Rejissor o qığılcımı taparaq aktyordan düzgün istifadə etməlidir. Bəzi rejissorlar var ki, rejissor rolunu oynayırlar, amma rejissorun nə olduğunu bilmirlər. Söhbət serial çəkən rejissorlardan gedir.

Böyütmək üçün şəkillərə klikləyin: