Göycayda taxıl biçini üçün yetərli sayda kombayn yoxdur?

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, bu mövsüm Göycay rayonunda 15 min 129 hektar sahədə taxıl əkilib. Bunun 6 min 725 hektarı arpa, 8 min 404 hektarı buğdadır. Hazırda həmin sahələrda 28 kombayn vasitəsi ilə biçin aparılır. Rayona biçinə kömək məqsədi ilə Ucar, Qəbələ, Ağstafa rayonlarından da kombaynlar gətirilib.

Göyçay Rayon Texniki Nəzarət Müfəttişliyinin rəisi Rövşən Yaqubovun sözlərinə görə, artıq 3 kənddə biçin başa çatdırılıb. Fermerlər bildirirlər ki, bu il tarlalarda məhsul ötən illə müqayisədə xeyli çoxdur. İndi əsas məsələ yetişmiş məhsulu vaxtında və itkisiz yiğmaqdır. Lakin bəzən kombayn çatışmazlığı səbəbindən bu işi lazımınca həyata keçirmək olmur. Rayonun Bəydövl kəndinin sakinlərini də hazırda bu problem narahat edir. Onlar deyirlər ki, kənd ərazisində təqribən 450 hektar sahədə taxıl əkilib. İndiyədək onun yalnız 50 hektarında biçin apara biliblər. Hazırda isə kombaynın olmaması səbəbindən qalan sahələri biçə bilmirlər.

Biçinin mərhələli şəkildə həyata keçirildiyini deyən Rövşən Yaqubov onu da qeyd edib ki, Bəydövl kəndində biçin aparılıb. Lakin texnikanın nasaz olması ilə əlaqədar iş dayanıb. İyunun 20-dən həmin kənddə biçin yenidən aparılacaq.