Kreditlərin verilməsi ilə bağlı problem yaranıb

Day.Az представляет новость на азербайджанском языке.

Vergilər Nazirliyi avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq etdi; VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməyəcək.
 

Kreditlə avtomobil almağın sonuncu asan yolu da məhdudlaşdırılıb. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Vergilər Nazirliyi tərəfindən avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə bizimyol.info-ya Vergilər Nazirliyinə yaxın mənbədən xəbər verilib. Mənbənin sözlərinə görə, lizinq xidməti göstərən şirkətlərin hamısına nazirlik tərəfindən xəbərdarlıq gəlib.

Bundan sonra VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməsinə qadağa qoyulub. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Əgər şəxsin gəliri avtomobilin pulunu ödəmək həddindədirsə, o zaman lizinqə icazə veriləcək. Lizinqi ödənilib qurtarana qədər isə VÖEN-nin müvəqqəti dondurulması imkanı məhdud olacaq.

Artıq bir neçə aydır ki, Mərkəzi Bank analoji addımı atıb. Mərkəzi Bank kommersiya banklarına avtomobil kreditlərinin verilməsinə qadağa qoyub. Bu qadağadan sonra bankların bu vəzifəsini lizinq şirkətləri həyata keçirməyə başlamışdı.

Ekspertlər isə bu məsələyə fərqli yanaşırlar. İqtisadçı-ekspert Samir Əliyev deyir ki, avtomobillərin satışına məhdudiyyətlərin qoyulmasının səbəbi yanacağa olan tələbatın artmasıdır: "Son illər ölkəyə maşın idxalı artdığına görə hökumət yanacağa olan tələbatı tam ödəyə bilmir. İxrac edən ölkədən idxal edən ölkəyə çevrilmək üzrəyik. Artıq proses başlayır, Aİ-95-in idxalı da bu yönəmdə olan tədbirlərdən biridir. Kreditlə avtomobil satışına məhdudiyyətlərin qoyulması bu məhsulun ölkəyə idxalını müəyyən qədər azalda biliblər. O zaman bildirmişdik ki, qadağalar qoyulması vəziyyətdən çıxış yolu deyil".

S.Əliyev təklif edir ki, lizinqin kreditdən fərqi ondan ibarətdir ki, belə şirkətlər nəqliyyat vasitələrini hər hansı bir təşkilatdan, şəxsdən alır, sonra onu üçüncü bir şəxsin idarəçiliyinə verir: "Müqavilə şərtləri əsasında, müəyyən müddətdə vəsait ödəyirsən. Müqavilə müddəti bitdikdən sonra avtomobil üçüncü şəxsin adına keçir. Lakin burada faiz dərəcələri kreditlərə nisbətən baha olur".

Ekspert Vergilər Nazirliyinin lizinq şirkətlərinə qarşı irəli sürdüyü tələbini obyektiv sayır.
S.Əliyev vurğuladı ki, lizinq şirkətlərinin əksəriyyəti banklara yaxın şirkətlərdir: "Azərbaycanda lizinq şirkətləri lisenziya almadan fəaliyyət göstərir. İstənilən şirkət bu fəaliyyət növü ilə məşğul ola bilər. Ölkədəki hər bir bankın sığorta, lizinq və qiymətləndirmə şirkəti var. Banklar birbaşa bu xidmətlərdə iştirak etməsə də, dolayısı yolla əlaqələri var".

İqtisadçı alim Vüqar Bayramov isə "Yeni Müsavat"a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, lizinq xidmətləri hüquqi və ya fiziki şəxslər arasında bağlana bilər. Tərəflər öhdəliklər götürdüyü üçün onların qeydiyyatdan keçməsi vacibdir:

"Əslində Vergilər Nazirliyi mövcud qanunvericiliyə əsaslanaraq lizinqlə avtomobil almaq istəyənlərin fiziki şəxs kimi qeydiyyatdan keçərək VÖEN almasını tələb edir. Məsələ ondadır ki, fiziki şəxs kimi qeydiyyatdan keçmədən imzalanan lizinq müqaviləsinin hüquqi əsası yoxdur. Belə ki, lizinq götürülən avtomobil lizinq obyekti kimi istifadə edilir və bundan gəlir əldə edilməsi də mümkündür. Vergilər Nazirliyinin tələbinə görə, lizinqlə avtomobil almaq istəyən şəxs qeydiyyatdan keçir və vergi ödəyicisi olur və yalnız lizinq müqaviləsi başa çatandan sonra VÖEN-i bağlamaq hüququna malik olur. Əslində bu, lizinq almaq istəyən şəxsləri narahat etməməlidir. Onlar internet vasitəsilə elektron qeydiyyatdan keçib VÖEN ala bilərlər. Bu, cəmi yarım saat zaman tələb edir".

Ekspertin sözlərinə görə, sadəcə, onların hər rübün sonu vergi hesabatı verməsi vacibdir: "Yalnız gəlir əldə edəcəkləri halda vergi ödəyəcəklər. Amma hətta gəlir əldə etməsələr də, belə rüblük və illik hesabatları təqdim etməlidirlər. Əks halda, onlar nazirlik tərəfindən cərimə ediləcəklər".

Mərkəzi Bank isə yenə ziddiyyətli məlumatlar açıqlayıb. Bankın məlumatına görə, ölkədə kredit götürənlərin sayı azalıb. Banker.az-ın verdiyi xəbərdə bildirilir ki, ötən ilin sonunda bank müştərilərinin sayı 5 milyon 275 min nəfərə çatıb. Bank müştərilərinin sayında artım davam edirdi. Bu vaxta qədər ölkə vətəndaşları üçün kredit almaq çox adi bir hala çevrilmişdi. Lakin yanvar ayında Mərkəzi Bankın arayışsız kreditlərin ləğvi ilə bağlı çıxardığı qərar bank müştərilərinin sürətlə artmasının qarşısını alıb. Belə ki, hazırda bank müştərilərinin sayı 4 milyon 540 min nəfər təşkil edir. İlin əvvəlindən bu göstərici 735 min nəfər azalıb. Daha çox azalma isə fiziki şəxslər üzrə ilin əvvəlindən 740 min nəfər azalıb.


Yeri gəlmişkən, Mərkəzi Bankın bu məlumatı digər statistikası ilə paradoks təşkil edir. Bank kreditlərindən yararlananların sayı iki ay ərzində 800 min nəfərə yaxın azalsa da, kredit qoyuluşlarının həcmi artıb. Əgər ötən il ümumi kredit qoyuluşları 15 milyard 422 milyon manat olmuşdusa, yanvar və fevral ayında 15 milyard 668 milyon manata qədər yüksəlib. Xüsusi artım isə istehlak kreditlərində baş verib. Maraqlıdır ki, əgər fiziki şəxslər üzrə müştərilərin sayı azalıbsa, ev təsərrüfatlarına və avtomobilə verilən kreditlər hansı yolla artıb?

"İslahatlar", hətta vaxtı keçmiş kredit problemini azaltmaq əvəzinə, daha da şişməsinə gətirib çıxarıb. Belə ki, ölkə üzrə əgər ötən il qaytarılmayan kreditlərin həcmi 831,6 milyon manata qədər (5,3 faiz) yüksəlib. Ekspertlərin fikrincə, kreditlərə qoyulan məhdudiyyətlərin, habelə müştərilərin sayının azalması müqabilində istehlak kreditlərinin artması şübhələr yaradır. Ekspertlər Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin reallığı əks etdirmədiyini düşünürlər.

"Yeni Müsavat"